Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “Müasir kəşfiyyat imkanları ilə aparılacaq sistemli araşdırmalar yeni ehtiyatları üzə çıxaracaq”
Göydəniz Qəhrəmanov: “Müasir kəşfiyyat imkanları ilə aparılacaq sistemli araşdırmalar yeni ehtiyatları üzə çıxaracaq”Bu gün, 00:31. Yazar: azer |
![]() “Azərbaycanın mineral resurslarının gələcək iqtisadi imkanlarını müəyyənləşdirən əsas məsələlərdən biri bu sərvətlərin nə qədərinin məlum olmasıdır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan Dövlət Proqramı göstərir ki, qarşıdakı mərhələdə diqqət yalnız məlum yataqların istismarına deyil, yeni ehtiyatların aşkar edilməsinə də yönələcək. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bir çox perspektivli yataqlarının hələ geoloji kəşfiyyat mərhələsini gözlədiyini bildirib. Bunun əsas səbəblərindən biri keçmişdə aparılmış araşdırmaların məhdud imkanlarla həyata keçirilməsi olub. Sovet dövründə müəyyən kəşfiyyat işləri aparılsa da, həmin dövrdən təxminən 40 il keçib. Bu müddətdə həm məlumatlar köhnəlib, həm də geoloji araşdırmaların imkanlarını genişləndirən yeni texnologiyalar meydana çıxıb. Məhz buna görə Dövlət Proqramında müasir geoloji kəşfiyyat ayrıca istiqamət kimi müəyyənləşdirilib. Mövcud yataqların ehtiyatlarının yenidən qiymətləndirilməsi ilk addımlardan biri olacaq. Köhnə məlumatların yeni texnologiyalar əsasında dəqiqləşdirilməsi təkcə yataqların həcmi haqqında daha dolğun təsəvvür yaratmayacaq, həm də onların iqtisadi imkanlarını müəyyənləşdirməyə şərait yaradacaq.” Millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında belə deyib. Parlament üzvü vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında məlum olan qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə yanaşı, qonşu ərazilərdə yeni ehtiyatların aşkar olunması üçün də kəşfiyyat işləri aparılacaq. Prezidentin qeyd etdiyi kimi, bu bölgənin təbii resurs potensialının tam öyrənilməsi üçün ən müasir texnologiyalardan istifadə edilməlidir. Bu prosesdə dövlətlə yanaşı, özəl sektorun imkanlarından istifadə olunması da nəzərdə tutulur. “AzerGold” dövlət xətti ilə işləri həyata keçirəcək, özəl şirkətlər isə mövcud müqavilələr çərçivəsində kəşfiyyat layihələrinə qoşulacaqlar. Xarici tərəfdaşların apardığı araşdırmalar nəticə verərsə, onların investisiya imkanlarından da istifadə ediləcək. Bu istiqamətin strateji əhəmiyyəti ondadır ki, yeni yatağın aşkar edilməsi yalnız əlavə xammal mənbəyinin tapılması demək deyil. Əgər iqtisadi baxımdan əhəmiyyətli qızıl, mis və molibden ehtiyatları müəyyən edilərsə, onların hasilatı ilə yanaşı zənginləşdirmə və emal zəncirinin də yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyevin vurğuladığı kimi, böyük ehtiyatları sadəcə filiz şəklində dünya bazarlarına çıxarmaq məqsədəuyğun deyil.” Sonda deputat bildirib ki, yeni geoloji kəşfiyyat həm də gələcək sənaye siyasətinin informasiya bazasını formalaşdıracaq: “Hansı yatağın nə qədər ehtiyatı olduğu, hansı texnologiya ilə və hansı iqtisadi şərtlərlə istismar edilə biləcəyi dəqiqləşdikcə investisiya qərarlarının əsaslandırılması asanlaşır. Bu isə uzunmüddətli planlaşdırma baxımından mühüm üstünlükdür. Dövlət Proqramının bu istiqaməti Azərbaycanın yeraltı sərvətlərinə yeni baxış formalaşdırır. Ölkənin mineral potensialı yalnız bu gün istismar edilən yataqlarla məhdudlaşmır. Müasir kəşfiyyat imkanları ilə aparılacaq sistemli araşdırmalar yeni ehtiyatları üzə çıxara, gələcək istehsalın xammal bazasını genişləndirə və dağ-mədən sənayesinin davamlı inkişafı üçün yeni imkanlar yarada bilər” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb. Geri dön |