Ana Sayfa > Ölkə > İsrail, Ermənistan, dini mövzular... – Türkiyəli general: “İki qardaş ölkə arasında şübhə yaratmağa çalışırlar”

İsrail, Ermənistan, dini mövzular... – Türkiyəli general: “İki qardaş ölkə arasında şübhə yaratmağa çalışırlar”


Bu gün, 19:46. Yazar: vasif
İsrail, Ermənistan, dini mövzular... – Türkiyəli general: “İki qardaş ölkə arasında şübhə yaratmağa çalışırlar”


Son günlər Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanla bağlı yayılan bəzi məlumat və paylaşımlar ciddi müzakirələrə səbəb olub. Azərbaycan əleyhinə olduğu bildirilən bu kampaniyada manipulyativ yanaşmaların, həqiqəti təhrif edən məlumatların və iki ölkənin münasibətlərinə kölgə sala biləcək iddiaların yer aldığı qeyd olunur.

Belə yanaşmalar hansı məqsədə xidmət edir?
Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Musavat.com-a danışıb.

General qeyd edib ki, Türkiyə və Azərbaycan arasında formalaşan güc birliyi yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməməlidir:

"Bu birlik Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və təhlükəsizlik sahələrində çəkisini artırır, Xəzər–Qafqaz–Anadolu xəttində yeni əməkdaşlıq imkanları yaradır və bölgənin, eləcə də onun ətrafındakı geosiyasi tarazlıqların dəyişməsinə təsir göstərir. Bu dəyişikliklərdən narahat olan bəzi güc mərkəzləri və siyasi dairələr Türkiyə–Azərbaycan yaxınlığını zəiflətməyə, iki xalq arasında şübhə yaratmağa çalışa bilərlər. Belə cəhdlər bəzən dini mövzular, bəzən İsraillə bağlı müzakirələr, bəzən də Türkiyə–Ermənistan münasibətləri və normallaşma prosesi üzərindən aparılır. Həssas mövzular kontekstdən çıxarılır, birtərəfli təqdim olunur və ictimai rəydə qarşıdurma yaratmağa hesablanmış paylaşımlarla yayılır".

Yücel Karauzun fikrincə, bu prosesi regiondakı yeni güc balansından narahat olan aktorların informasiya təsiri cəhdi kimi qiymətləndirmək mümkündür:

"Bununla belə, konkret kampaniyanın arxasında hansı dövlətin və ya təşkilatın dayandığını müəyyənləşdirmək üçün ayrıca sübutlar tələb olunur. Əsas strateji məqsəd və nəticə isə aydındır: Türkiyə və Azərbaycan arasında etimadı sarsıtmaq, Türk Dövlətləri Təşkilatının güclənməsini ləngitmək və regional əməkdaşlığa mane olmaq.

Türkiyə–Azərbaycan qardaşlığı gündəlik siyasi konyunkturadan doğmayıb. Onun əsasında ortaq tarix, dil, mədəniyyət və xalqlarımızın sınaq dövrlərində göstərdiyi qarşılıqlı dəstək dayanır. Bu, hilal altında birləşən tarixi və mənəvi birliyin, "Bir millət, iki dövlət" anlayışının siyasi ifadəsidir. Ona görə də dini, İsrail və ya Türkiyə–Ermənistan münasibətləri ilə bağlı həssas mövzular iki qardaş ölkəni bir-birinə qarşı qoymaq üçün istifadə edilməməlidir. Türkiyə və Azərbaycan arasında fikir və mövqe mübadiləsi bütün hallarda açıq, birbaşa və qarşılıqlı etimada əsaslanmalıdır. Dezinformasiyaya ən təsirli cavab təmkin, faktların vaxtında açıqlanması və ortaq strateji baxışın qorunmasıdır".
Geri dön