Ana Sayfa > Siyasət > 44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix

44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix


Bu gün, 16:40. Yazar: azer
44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix

27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm ağır kədərin, həm də milli iradənin rəmzinə çevrilmiş gündür. Anım Günü ilk növbədə Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Eyni zamanda, bu tarix Azərbaycan xalqının 30 il ərzində işğalla barışmadığını, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmini heç vaxt itirmədiyini nümayiş etdirən mühüm tarixi mərhələdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “onların qanı yerdə qalmadı”. Bu ifadə hərbi qələbə ilə yanaşı, şəhidlərimizin qarşısında dövlətin və xalqın daşıdığı tarixi məsuliyyəti ifadə edir. Çünki Vətən müharibəsində əldə edilən Zəfərin arxasında illərlə aparılan dövlət quruculuğu, güclü ordu yaradılması, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən başlıcası, xalqın milli iradəsi dayanırdı.

Azərbaycan Respublikasında hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Bu gün biz yalnız 2020-ci ildə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi yad edirik. Onların hər birinin həyat yolu Azərbaycan tarixinin ayrılmaz hissəsidir.

27 sentyabrın seçilməsi də təsadüfi deyil. 2020-ci ilin həmin günündə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük ölçüdə bərpası ilə nəticələndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi, Şuşanın noyabrın 8-də işğaldan azad olunması müharibənin həlledici mərhələlərini təşkil etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.

27 sentyabrın mahiyyətini yalnız hərbi nəticələrlə məhdudlaşdırmaq doğru olmaz. Bu tarix Azərbaycan dövlətinin uzun illər davam edən işğala münasibətinin dəyişməzliyini, xalqın öz torpaqlarına qayıtmaq istəyini və bu istəyin konkret dövlət siyasəti ilə təmin olunmasını göstərir.

Azərbaycan uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər uzun müddət icrasız qaldı. Danışıqlar prosesinin nəticəsiz qalması, Ermənistanın destruktiv mövqeyi və davamlı hərbi təxribatlar vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycan isə bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi potensialını gücləndirdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri xalqımızın işğal faktı ilə heç vaxt barışmadığını bir daha göstərdi. 2020-ci ilin sentyabrında baş verən hərbi təxribat isə artıq illərlə yığılan gərginliyin yeni mərhələyə keçməsinə səbəb oldu.

44 günlük Vətən müharibəsi Azərbaycan üçün təkcə hərbi əməliyyatlar silsiləsi deyildi. Bu, dövlətin bütün imkanlarının, ordunun döyüş qabiliyyətinin, xalqın milli iradəsinin və həmrəyliyinin böyük sınağı idi. Azərbaycan əsgəri döyüş meydanında qəhrəmanlıq, arxa cəbhədə isə xalqımız birlik və həmrəylik nümayiş etdirdi. “Bir yumruq” ətrafında birləşən Azərbaycan xalqı ordusuna mənəvi güc verdi. Bu Zəfərin ən ağır və ən böyük qiyməti isə insan itkisi oldu. Vətən müharibəsində minlərlə hərbi qulluqçumuz şəhid oldu, yüzlərlə hərbçimiz yaralandı. Onların arasında həyatının ən gözəl çağında olan gənclər, ailə başçıları, övladlar, atalar var idi. Bu səbəbdən Zəfər haqqında danışarkən ilk növbədə şəhidlərimizin adları və onların ailələrinin ağrısı yada salınmalıdır.

Şəhidlərimizin xatirəsinə ehtiram yalnız müəyyən bir günlə məhdudlaşmamalıdır. Şəhid ailələrinə və qazilərə dövlət qayğısı, onların sosial problemlərinin həlli, müalicəsi və reabilitasiyası, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi bu ehtiramın real ifadəsidir. “YAŞAT” Fondunun fəaliyyəti də bu istiqamətdə həyata keçirilən mühüm sosial təşəbbüslərdən biridir. Dövlətin əsas vəzifələrindən biri Vətən uğrunda canından keçənlərin ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasını təmin etməkdir.

Eyni zamanda, şəhidlərimizin xatirəsini yaşatmaq gələcək nəsillərin milli yaddaşının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bakıda yaradılan Zəfər parkı və Zəfər muzeyi Vətən müharibəsinin tarixinin, şəhidlərimizin qəhrəmanlığının və Azərbaycan xalqının keçdiyi yolun gələcək nəsillərə çatdırılması baxımından mühüm məkanlardır. Tarixi yaddaşın qorunması Zəfərin özü qədər vacibdir. Çünki öz tarixini bilən cəmiyyət əldə etdiyi nailiyyətlərin qiymətini daha yaxşı anlayır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də şəhidlərimizin qarşısında daşıdığımız mənəvi məsuliyyətin bir hissəsidir. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin və kəndlərin salınması, infrastrukturun qurulması, insanların öz doğma yurdlarına qayıtması Zəfərin quruculuq mərhələsini təşkil edir. Bir vaxtlar dağıdılmış və viran qoyulmuş torpaqlarda həyatın yenidən canlanması şəhidlərimizin uğrunda can verdiyi Vətənin necə böyük iradə ilə dirçəldiyini göstərir.

Bu gün bizim şəhidlər qarşısında borcumuz yalnız onları yad etməkdən ibarət deyil. Əsas borcumuz onların uğrunda can verdiyi müstəqil, güclü və inkişaf edən Azərbaycanı daha da möhkəmləndirməkdir. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Zəfərin nəticələrini qorumaq, milli həmrəyliyi daha da gücləndirmək və əldə olunan tarixi nailiyyətləri davamlı inkişafla möhkəmləndirməkdir.

27 Sentyabr həm də bizə milli birliyin gücünü xatırladır. 44 günlük müharibə göstərdi ki, xalq və dövlət eyni məqsəd ətrafında birləşəndə ən ağır sınaqların öhdəsindən gəlmək mümkündür. Bu birlik və həmrəylik Azərbaycanın gələcək inkişafının da əsas dayaqlarından biri olmalıdır.

Anım Günündə bütün şəhidlərimizin - Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik. Onların adı Azərbaycan tarixində əbədi yaşayacaq. Şəhidlərimizin ruhuna ən böyük ehtiram isə onların bizə əmanət etdiyi Vətəni qorumaq, dövlətimizi gücləndirmək, milli birliyimizi yaşatmaq və Zəfərimizin nəticələrini gələcək nəsillərə ötürməkdir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı
Geri dön