Ana Sayfa > Dünya > Daşnaklar Azərbaycana qarşı yeni cəbhə açdılar-İrəvanda elan etdilər

Daşnaklar Azərbaycana qarşı yeni cəbhə açdılar-İrəvanda elan etdilər


Bu gün, 15:42. Yazar: vasif
Daşnaklar Azərbaycana qarşı yeni cəbhə açdılar-İrəvanda elan etdilər


İrəvanda keçirilən “Hay Dat” konfransında Bakı və Ankara əleyhinə sərt ritorika səsləndirildi – Paşinyan hakimiyyəti susur...

Ermənistanın paytaxtı İrəvanda sentyabrın 25-də başlayan və 28-dək davam edəcək Ümumerməni “Hay Dat” komitə və ofisləri konfransı Azərbaycan üçün də diqqətçəkən mesajlarla yadda qalıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tədbirə dünyanın təxminən 20 ölkəsindən “Hay Dat” strukturlarının nümayəndələri və Ermənistan İnqilabi Federasiyasının – Daşnaksütyunun rəhbər şəxsləri qatılıb. Təşkilatın öz açıqlamasına görə, toplantının əsas məqsədi qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini və taktikanı yenidən nəzərdən keçirmək, Ermənistan və erməni xalqının qarşılaşdığı xarici siyasət çağırışlarına qarşı “Hay Dat” şəbəkəsinin imkanlarından istifadə etməkdir.

Başqa sözlə, İrəvanda keçirilən toplantı sıradan partiya tədbiri deyil. Burada Ermənistanın xaricdəki erməni təşkilatları və lobbi strukturlarının gələcək fəaliyyət strategiyası müzakirə olunur. Konfransın çıxışlarında isə əsas hədəflərdən biri Azərbaycan və Türkiyə, digər mühüm hədəf isə Nikol Paşinyan hakimiyyəti kimi təqdim edilib.

Daşnaksütyun Bürosunun nümayəndəsi Armen Rüstəmyan çıxışında son illərdə Cənubi Qafqazdakı hərbi-siyasi balansın dəyişdiyini bildirərək “Hay Dat” strukturlarının qarşısında yeni vəzifələrin yarandığını deyib. Rüstəmyanın sözlərinə görə, əsas prioritetlər Ermənistanın dövlətçiliyinin və suverenliyinin qorunması, erməni kimliyinin saxlanılması, ermənilərin hüquqlarının müdafiəsi və onun ifadəsi ilə “Ermənistanın türkləşməsinin” qarşısının alınmasıdır. O, bu ifadə ilə Ermənistanın Türkiyə və Azərbaycandan siyasi, hərbi və iqtisadi baxımdan asılı vəziyyətə düşəcəyini nəzərdə tutduğunu bildirib.

Rüstəmyan eyni zamanda Paşinyan hakimiyyətini sərt şəkildə tənqid edib. Onun iddiasına görə, Ermənistan hökuməti “sülh” naminə ümummilli məqsədlərdən və ermənilərin hüquqlarının müdafiəsindən geri çəkilir. Daşnaksütyun nümayəndəsi hətta hakimiyyətin “türk-azərbaycan tandeminə” qarşı mübarizəyə qoşulduğunu iddia edib. Bu fikirlər Ermənistanın daxili siyasi mübarizəsində “Hay Dat” məsələsinin artıq ayrıca qarşıdurma xəttinə çevrildiyini göstərir.
“Hay Dat”ın Avropa ofisinin rəhbəri Qaspar Karapetyan Ermənistan hakimiyyətinin milli düşüncəyə qarşı mübarizə apardığını iddia edib. Onun sözlərinə görə, bu siyasət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri ilə həyata keçirilir. Bu, Karapetyanın siyasi iddiasıdır və onun təqdim etdiyi versiyanı təsdiqləyən müstəqil sübut həmin açıqlamada göstərilmir.

Konfransın digər əsas simalarından biri – Daşnaksütyunun Ali Orqanının nümayəndəsi və deputat İşxan Saqatelyan isə Ermənistan dövlətçiliyinə əsas təhlükənin Azərbaycanın və Türkiyənin tələblərinə uyğunlaşan hökumət siyasəti olduğunu deyib. O, “Hay Dat” fəaliyyətinin sülhə mane olmadığını, əksinə, Ermənistanın qarşı tərəfdən qəbul etdiyi hesab etdiyi “alçaldıcı şərtlərə” mane olduğunu bildirib. Saqatelyanın çıxışında Azərbaycanla bağlı mövzular xüsusi yer tutub. O, “Hay Dat”ın əsas istiqamətləri sırasında Azərbaycana qarşı beynəlxalq informasiya və siyasi fəaliyyətin davam etdirilməsini, Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnun müdafiəsini və Bakıda mühakiməolunmu. separatçıların azad edilməsini qeyd edib.
İrəvandakı toplantıda “Hay Dat”ın gələcək fəaliyyətinin yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmayacağı açıq görünür. Söhbət erməni diaspor təşkilatlarının beynəlxalq platformalarda Azərbaycan və Türkiyəyə qarşı siyasi, yeni diplomatik və informasiya cəbhəsi açmasından gedir. Daşnaklar Azərbaycana və Türkiyəyə qarşı yeni cəbhəni İrəvanda elan etməsi də düşündürücüdür. Azərbaycanla sülh prosesindən addım-addım uzaqlaşan Paşinyan hakimiyyətinin bu kimi təxribatlara göz yumması nəhayətdə özlərinə baha başa gələ bilər.
Geri dön