Ana Sayfa > Ölkə > Ölkəmiz qəliz regionda yerləşir -
Ölkəmiz qəliz regionda yerləşir -Bu gün, 14:29. Yazar: vasif |
![]() Ölkəmiz qəliz regionda yerləşir. 3 böyük dövlətin (Rusiya, Türkiyə, İran) arasındayıq. Bu 3 böyük və 2 kiçik dövlətin hamısında hakimiyyətdə millətçi-vətənpərvər qüvvələrdir və bu qüvvələr Avropa demokratiyasını, Avropa dəyərlərini xor görürlər. (Son vaxtlar yalnız Ermənistan iqtidarı fərqli olmağa çalışır). Teokratik, millətçi və ultra-patriot qüvvələrin hakim mövqedə olduğu ölkələrdə isə mütləq qonşulara qarşı cürbəcür iddialar, fürsətgözləmələr olur. Tək qonşusu sülhpərvər İsveç olan Norveç olaraq silaha, sərhəd toxunulmazlığına, təhlükəsizliyə milyardlar xərcləmədən inkişaf etmək çətin deyil. Maddi Resurslarını ballistik raketlərə sərf etmirlər, sosial layihələrə yönəldirlər. Üç dövlətin (Almaniya, Fransa, Belçika) arasında yerləşən, bizim Qarabağ mahalı boyda olan Lüksemburq 660 minlik əhalisini ona görə yüksək rifah içində yaşada bilir ki, heç bir tərəfdən hərbi təcavüz, ərazi iddiası gözləmir və heç bir dövlət ona nəyi necə etməsi barədə diktə etmir. Bu regionda heç bir dövlətin Lüksemburq kimi ola bilmək lüksü yoxdur. Bu region ayaqda qalmaq üçün permanent mübarizə, daimi çarpışma aparılan məkandır. Ölkə mediasının gündəminə, xəbər başlıqlarına baxanda hər şey göz önünə sərilir: “İran Zəngəzur dəhlizini qırmızı xətt elan etdi”; “Rusiya TRİPP-ə qarşıdır”; “Tehran Bakını İsraillə əməkdaşlıqda suçladı”; “Rusiyada Azərbaycanı qeyri-dost ölkələrin sırasına saldılar” və sair və ilaxır. Bu günlərdə qardaş Türkiyədə dominant mövqedə olan klerikal qüvvələrin sırasından da ölkəmizə qarşı iddiaları səslənməyə başlayıb. Bu qüvvələr bizdən İsrail-Qəzza münaqişəsində qəti anti-İsrail mövqeyi tutmağımızı tələb edir, az qala hərbi kontingent göndərərək İsraillə müharibəyə qoşulmağımızı istəyirlər. Azərbaycanın sözügedən münaqişəyə münasibəti əksər Avropa dövlətlərinin mövqeyi ilə üst-üstə düşür. Onlar kimi, Azərbaycan da İsrailin Qəzza xalqına qarşı aqressiyasını qəbul etmir, pisləyir, savaşın dayandırılmasını tələb edir. Ancaq II Qarabağ müharibəsində zəfər qazansa da, savaşdan yaralı çıxmış Azərbaycanın öz sərhədlərindən uzaqda yeni bir müharibəyə girişmək, böyük güclərlə üz-göz olmaq üçün nə ciddi bir səbəbi, nə də həvəsi var. Eyni dinə, məzhəbə etiqad edən 20-yə yaxın ərəb ölkəsinin milyonlarla kişisi çamadanlarını qablayaraq, dünyanın gəzməli, görməli yerlərinə səyahətə çıxarkən, Azərbaycan əsgərinin gedib Qəzzada “cihad”a qoşulması absurdun absurdu olar. Hazırda İran və Türkiyə Fələstin xalqının pasibanı qismində çıxış edərək bir-birilə yarışmaqdadır. Hələ Pakistan da onların səfində yer almaqdadır. Ərəb ölkələri isə kənarda qalıb. Onlar İsraillə anlaşmağa çalışır. BMT-nin Baş Assambleyasındakı toplantıda baş verən hadisələrlə (Netanyahunun çıxışı, bir çox ölkələrin nümayəndələrinin zalı tərk etməsi) bağlı sosial şəbəkələrdə ünvanımıza yenidən səslənən yaxşı-yaman ifadələr cansıxıcı olmaqdadır. Minnət qoyanlar da var: “2020-ci ildə Türkiyə Azərbaycana kömək edib”. Bəli, bu köməyi danan, inkar edən yoxdur və ya çox azdır. Əvəzində həmin yardımı həddindən artıq şişirdən, onun həlledici olduğunu iddia edən (“bu kömək olmasaydı, qələbə olmazdı”), buna görə Azərbaycanı əbədi borclu sayanlar daha çoxdur. Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünü, öz torpaqları üzərində suverenliyini bərpa etməsinə müəyyən köməklik edib, ancaq bu, heç də o demək deyildi ki, sonradan həmin suverenliyə özü şərik olacaq, müstəqil bir ölkənin xarici siyasətini necə yeritməsi haqqında xroniki direktivlər verəcək. İki qardaş dövlət arasında belə bir saziş olmayıb və ola bilməz. Sadəcə, hər iki ölkənin iqtidarı xarici siyasətlərini maksimum uzlaşdırmağa çalışır, amma uzlaşmayan məqamlarda hər kəs öz sabit mövqeyində qalır. İllərdir hər şey bu cür anlaşma içində davam edir. Ona görə də dini təəssübkeşlik hisslərini əldə rəhbər tutan, hər şeyə dini həmrəylik baxımından yanaşan klerikal qüvvələr coşmuş hikkələrini bir az boğsalar, yaxşıdır. Qardaşlıq belə şeyləri sevmir. Qardaşlar arasında “böyük qardaş-kiçik qardaş” ayrımı olanda mütləq sonda küskünlük əmələ gəlir. Azərbaycan müstəqil dövlətdir, qonşuları ilə qarşılıqlı hörmət, faydalı tərəfdaşlıq müstəvisində münasibətlər qurmaq istəyir. O, bir gün Rusiyanın satelliti olaraq özünü Avropa və ABŞ-nin sanksiyalarına məruz qoya, başqa gün İranın qatı müdafiəçisinə çevrilərək özünü oda ata, ertəsi gün dini təəssübkeşliyə görə superdövlətlərlə kəllə-kəlləyə gələ bilməz. Azərbaycan heç bir dövlətin vassalı, süni peyki, beynəlxalq toplantılarda “daimi dəstək verən”i olmaq istəmir. Bizim yolumuz Norveç yoludur – qonşularla problemsiz yaşamaq, maddi sərvətlərdən ölkə xalqının firavanlığı üçün yararlanmaq, dinc şəkildə inkişaf etmək, dost-qardaş ölkələrin dar günündə irəi durub yardım etmək və ən ümdəsi... başqalarının avantürist planlarında iştirakçı olmamaq.Xalid KAZIMLI Geri dön |