Ana Sayfa > Siyasət > 27 Sentyabr – Anım Günüdür Şəhidlərimizi həmişə ehtiramla anırıq
27 Sentyabr – Anım Günüdür Şəhidlərimizi həmişə ehtiramla anırıqBu gün, 12:44. Yazar: azer |
![]() Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə rəsmən ötən əsrin sonlarından, 90-cı illərdən başlasa da onun ideoloji başlanğıcı xeyli əvvəllərə dayanır. Bu ideoloji başlanğıc erməniliyin Azərbaycandan ərazi iddiası idi. 40-cı illərdə də Naxçıvanı, Qarabağı Ermənistana birləşdirmək cəhdləri olmuşdu, 60-cı illərdə bu məsələ Sov.İKP MK səviyyəsinə qaldırılmışdı, Azərbaycanın çox ciddi siyasi etirazları bu iddiaların baş tutmasının qarşısını almışdı. Hələ ötən əsrin 20-ci illərində azərbaycanlılara qarşı böyük miqyaslı soyqırım törədən Ermənistan İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhalini öldürmüşdü. Bunlar gerçək qətliamlar idi... Azərbaycanlıların Ermənistandan deportasiyası ötən əsrin 1948-1956-cı illərində daha geniş səviyyədə həyata keçirilmişdi, 1987-1988-ci illərdə deportasiyalar həm də silahlı yolla yerinə yetirilmişdi. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsinə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönəldilmiş hərəkatın nəhrləşməsinə səbəb olmuşdu. Azərbaycan rus imperiyasından suverenliyini tələb edə-edə işğalçı Ermənistanla döyüşürdü... Müharibə genişlənmişdi. Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməməsi ATƏM-in (ATƏT-in) Minsk qrupunun fəaliyyətsizliyinin davamı idi. Azərbaycanın sülh təkliflərindən yayınan Ermənistan regionda mövcud status-kvonu saxlamaq istəyir, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı il aprelin 1-də başlayan, Aprel döyüşləri kimi tarixləşən döyüşlərdə Azərbaycan Ordusu böyük qələbə qazandı. Bu qələbənin hərbi dəyərini Azərbaycan Ordusunun gücünü xarakterizə edən amillər tamamladı. Düşmənin özü haqqında uydurduğu məğlubedilməzlik mifi darmadağın edildi. Ordu hissələrimiz Tovuz döyüşlərində (iyul, 2020) də qələbə qazandı. Bu iki döyüş Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığını tam formalaşdırmışdı. Ermənistanın ordu hissələri işğalçılıq niyyətini davam etdirmək məqsədi ilə 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazilərinə genişmiqyaslı hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı. Müharibənin ilk günü ordu hissələrimiz mühüm qələbələr qazandı, Füzuli rayonunun Qaraxanbəyli, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Ordu hissələrimiz döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı... Ordu hissələrimiz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə müharibənin başa çatmasında olduqca böyük qələbə kimi tarixləşdi. Bu qələbə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri, düşmənin qeyri-rəsmi məğlubiyyəti idi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın qələbəsinin, Ermənistanın məğlubiyyətinin rəsmi sənədi oldu... Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd – Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri, daha 5 adsız yüksəklik işğaldan azad olundu. Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı... 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror əməliyyatında Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu... Mahiyyət baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi, azərbaycançılığın erməniliklə müharibəsi idi. Bu müharibədə 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşən, dövlət Bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, döyüşlərdə şəhid olan hərbi qulluqçularımıza dərin ehtiram əlaməti kimi hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur. Həmişə düşüncələrimizdə olan şəhidlərimizi həmin gün hamı eyni vaxtda anır. Bu, böyük ehtiramın bir zərrəsidi... Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil olunur. Bu ehtiram yürüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva da iştirak edir. Şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərilir, onların xatirəsi əbədiləşdirilir, qazilərin müalicəsi təşkil olunur. Vətən müharibəsində Qələbə münasibətilə müxtəlif medal və ordenlər təsis olundu, müharibə iştirakçıları, şəhidlər orden və medallarla təltif edildi. 2021-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərə tarixi dəyər kimi qəbul edildi. Zəfər parkı da, Zəfər Muzeyi də belə bir tarixi ehtiramın əlaməti, tarixdə yaşadılacaq tarixi hadisə oldu... Vətən müharibəsi ilə ərazi bütövlüyü tam bərpa olunan Azərbaycanımızda Vətən sevgisi hər bir azərbaycanlının vətəndaşlıq missiyasıdır. Anım Gününü böyük ehtiramla qeyd etmək də bu ehtiramın tərkib hissələrindəndir. Vətən naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikrin ışığında hər gün ehtiramla andığımız şəhidləri hər il sentyabrın 27-də daha böyük mənəvi borcla anırıq: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |