Ana Sayfa > Ölkə > Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib

Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib


Dünən, 17:30. Yazar: vasif
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib


22-23 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda iki günlük regional seminar keçirilib.

Tədbirdə su–ərzaq–iqlim əlaqəsinin regional səviyyədə gücləndirilməsi, iqlimədavamlı aqrar-ərzaq sistemlərinin formalaşdırılması, su ehtiyatlarının səmərəli idarə edilməsi, ərzaq təhlükəsizliyi, milli iqlim strategiyalarının və fəaliyyət planlarının uzlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin maliyyə və investisiyaların səfərbər edilməsi, texnologiya və innovasiyaların tətbiqi, eləcə də regional əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Seminarın ilk günü inteqrasiya olunmuş resurs idarəçiliyi, ərzaq sistemləri və su–ərzaq–iqlim əlaqəsinin maliyyələşdirilməsinə həsr olunub. İştirakçılar iqlim öhdəliklərinin dayanıqlı ərzaq sistemlərinin inkişafı ilə əlaqələndirilməsi, NDC, NAP və digər milli iqlim strategiyalarının su–ərzaq–iqlim yanaşmasına inteqrasiyası, həmçinin COP31 Fəaliyyət Gündəliyi ilə əlaqələrin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Həmçinin iqlimədavamlı kənd təsərrüfatının maliyyələşdirilməsi, “yaşıl subsidiya” alətləri və COP31 ərəfəsində regionun daha böyük həcmli investisiyaları cəlb etmək üçün birgə fəaliyyət imkanları müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü üzrə əlaqələndiricisi Leyla Cabbarlı-Mitova ölkəmizdə su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər, kənd təsərrüfatında suvarma suyundan istifadənin səmərəliliyinin artırılması, eləcə də bu sahədə rəqəmsal həllərin və süni intellekt texnologiyalarının tətbiqi barədə məlumat verib. O, həmçinin Azərbaycanın innovativ texnologiyaların su itkilərinin azaldılması, resursların daha düzgün planlaşdırılması və kənd təsərrüfatının iqlim dəyişmələrinə dayanıqlılığının gücləndirilməsində təcrübəsi barədə məlumat verib.

Leyla Cabbarlı-Mitova “İqlimədavamlı kənd təsərrüfatının dəstəklənməsində Azərbaycanın aqrar maliyyələşdirmə təcrübəsi və maliyyə mexanizmləri” mövzusunda təqdimat edib. Təqdimatda Aqrar Kredit və İnkişaf Agentliyinin yaşıl və iqlimədavamlı kənd təsərrüfatının inkişafına xidmət edən subsidiya və maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə qəbul edilən yeni qərarlar və “yaşıl subsidiya” alətlərinin tətbiqi diqqətə çatdırılıb.

Növbəti gün COP31 üçün konkret siyasət və investisiya həlləri müzakirə olunub. Ölkələr su–ərzaq–iqlim istiqamətində inteqrə olunmuş fəaliyyətin sürətləndirilməsinə mane olan əsas çətinlikləri müəyyənləşdirib, regional baxışı müzakirə edib və qısa, orta və uzunmüddətli dövr üçün prioritet tədbirlər üzərində işləyiblər.

Sonda su–ərzaq–iqlim istiqamətində 5–7 ortaq regional siyasət prioritetinin, ilkin Regional Su–Ərzaq–İqlim Həlləri və İnvestisiya Portfelinin, COP31 çərçivəsində təqdim olunacaq həllər paketinin, həmçinin gələcək əməkdaşlıq və texniki dəstək istiqamətlərini əhatə edən Regional Yol Xəritəsinin formalaşdırılması qərara alınıb.


Geri dön