Ana Sayfa > İqtisadiyyat > Bu rayonlarımızda nəhəng sərvət üzə çıxdı: 143 ton qızıl, 248 ton gümüş....
Bu rayonlarımızda nəhəng sərvət üzə çıxdı: 143 ton qızıl, 248 ton gümüş....Bu gün, 14:09. Yazar: vasif |
![]() Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra bölgənin yalnız yaşayış və infrastruktur baxımından deyil, zəngin yeraltı sərvətləri hesabına sənaye və iqtisadi inkişaf baxımından da böyük potensialı üzə çıxır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı çərçivəsində Ağdərə və Kəlbəcərdə yeni istehsal sahələrinin yaradılmasının nəzərdə tutulması bu potensialın iqtisadi dövriyyəyə cəlb olunması məsələsini yenidən gündəmə gətirib. Bəs bu ərazilərdə hansı xammal ehtiyatları var və onların iqtisadi əhəmiyyəti nə qədərdir? Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Ağdərə rayonunun əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın ən zəngin regionlarından hesab olunduğunu deyib: "Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Rayon ərazisində yerləşən "Dəmirli" Mis Yatağında son geoloji kəşfiyyatlara əsasən ərazidə 470 min tona yaxın mis ehtiyatı var. Rayonun Qızılbulaq yatağı qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 q/t, gümüş 5,4 q/t, mis isə 1,41% təşkil edir. Selen, tellur və kükürd kimi qiymətli komponentləri də yataqda qeydə alınmışdır". Deputat vurğulayıb ki, Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür: "Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir". Vüqar Bayramov hesab edir ki, Ağdərə və Kəlbəcərin zəngin xammal ehtiyatları Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamasına imkan verəcək: "Hər iki rayonumuz xammal ehtiyatları baxımından zəngin bölgələrimizdəndir. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın iqtisadi inkişafında əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir".musavat.com Geri dön |