Ana Sayfa > Siyasət > 27 Sentyabr – Zəfərə aparan yolun yaddaşı
27 Sentyabr – Zəfərə aparan yolun yaddaşıBu gün, 13:58. Yazar: azer |
![]() Azərbaycanın müasir tarixində 27 Sentyabr həm hüznün, həm də milli iradənin rəmzidir. Bu gün Vətən müharibəsinin başlanğıcını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların fədakarlığını və xalqımızın sarsılmaz birliyini xatırladır. Anım Günü keçmişə ehtiram olmaqla yanaşı, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün hansı ağır sınaqlardan keçərək qorunduğunu gələcək nəsillərə çatdırır. Müharibəyə aparan səbəblər onilliklər ərzində formalaşmışdı. Ermənistanın işğalçılıq siyasəti, tarixi həqiqətləri təhrif edən iddiaları və ifrat millətçilik üzərində qurulan ideologiyası regionda sülhə mane olurdu. “Dənizdən dənizə Ermənistan” kimi ekspansionist təsəvvürlər insanların doğma yurdlarından qovulması, yaşayış məntəqələrinin dağıdılması və qarşıdurma ilə nəticələndi. 1948–1956-cı illərdə, eləcə də 1987-ci ildən sonra baş verən deportasiyalar yüz minlərlə azərbaycanlının taleyində sağalmaz izlər qoydu. 1988-ci ildən alovlanan Qarabağ münaqişəsi bu siyasətin ağır nəticələrini daha da dərinləşdirdi. İşğal zamanı şəhər və kəndlər dağıdıldı, dinc sakinlər qətlə yetirildi, yüz minlərlə insan məcburi köçkünə çevrildi. Başlıbel, Ağdaban və Bağanis-Ayrımda törədilən qətliamlar, eləcə də 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciə yaddaşımızda silinməz yara açdı. Xocalıda 613 nəfərin öldürülməsi, onların arasında qadınların, uşaqların və yaşlıların olması mülki əhalinin amansızlıqla hədəfə alındığını göstərirdi. Bu faciələr ədalətin bərpasının zəruriliyini xatırladır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə uzun müddət sadiq qaldı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması və ATƏT-in Minsk qrupunun onilliklər boyu nəticə verməyən fəaliyyəti beynəlxalq mexanizmlərə inamı zəiflətdi. Danışıqlar uzandıqca Ermənistanın təxribatları davam edir, təmas xətti boyunca yaşayan mülki əhali atəşə məruz qalırdı. Azərbaycan xalqı isə işğalla barışmadığını nümayiş etdirirdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətindəki hadisələr bu iradənin ifadəsi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu mövqelərə və yaşayış məntəqələrinə zərbələr endirməsi vəziyyəti yeni mərhələyə çatdırdı. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının sakinləri təhlükə ilə üzləşdi, mülki itkilər oldu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçərək təcavüzün qarşısını almaq və işğal altındakı torpaqları azad etmək uğrunda mübarizəyə başladı. 44 gün davam edən Vətən müharibəsi tariximizdə dönüş nöqtəsi oldu. Ön cəbhədə əsgər və zabitlərimizin şücaəti, arxa cəbhədə insanların fədakarlığı, cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi Qələbənin dayaqlarına çevrildi. “Öldü var, döndü yoxdur” ruhu ilə döyüşən hərbçilərimiz milli iradənin gücünü nümayiş etdirdilər. Xalq Ordunun arxasında möhkəm dayandı. Bu Zəfər hərbi nailiyyət olmaqla yanaşı, milli ruhun, ləyaqətin və birliyin təntənəsi idi. Qələbənin nəticələri hərbi meydanla məhdudlaşmadı. Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı; 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində nəzarət bərpa olundu. Hərbi uğur siyasi-diplomatik addımlarla tamamlandı və doğma yurdlarından ayrı düşmüş insanların qayıdışı üçün imkanlar yarandı. Azad edilmiş ərazilərdə quruculuq işləri Zəfərin gələcəyə yönəlmiş məzmununu göstərir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan edilib. Hər il saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad olunur. Bu, xalqın qəhrəman övladlarına ehtiramının ifadəsidir. Onların adları və əməlləri milli yaddaşımızın ayrılmaz hissəsidir. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət ehtiramın əməli ifadəsidir. Qazilərin müalicəsi, reabilitasiyası və sosial müdafiəsi, şəhid ailələrinin ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər görülür. “YAŞAT” Fondu bu dəstəyin təşkilində mühüm rol oynayır. Bu ailələrin qayğılarına həssas yanaşmaq dövlətin və cəmiyyətin mənəvi borcudur. Zəfər tarixini yaşadan məkanlar mühüm əhəmiyyət daşıyır. 2021-ci ildə açılan Hərbi Qənimətlər Parkı müharibənin gedişini və ordumuzun əldə etdiyi nəticələri nümayiş etdirir. Bakıda yaradılan Zəfər Parkı və 2025-ci ildə açılan Zəfər Muzeyi qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırır. Muzey Qarabağın tarixindən Vətən müharibəsinə və suverenliyin bərpasına qədər uzanan yolu təqdim edir. 27 Sentyabrın mənası şəhidlərin xatirəsinə ehtiramda, qazilərin fədakarlığına minnətdarlıqda və Ordunun qəhrəmanlığına qürurda birləşir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın öz haqqını qorumaq əzmini nümayiş etdirdi. Azad torpaqlarda qurulan həyat şəhidlərimizin müqəddəs amalının davamıdır. Anım Günü bizə qəhrəmanları unutmamağı, milli birliyi qorumağı və müstəqil Azərbaycanın sabahını daha güclü qurmağı xatırladır. Emil Tağıyev, YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |