Ana Sayfa > Siyasət > Tarix yaddaşdır
Tarix yaddaşdırBu gün, 12:37. Yazar: azer |
![]() 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 44 günlük Vətən müharibəsi Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir azərbaycanlını qürurlandıran tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsinin qəhrəmanlarının həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Xətai rayonu ərazisində açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkını qeyd edə bilərik. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və Ordumuzun gücünü göstərir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Zamir Güvəndiyev, YAP Şəmkir rayon təşkilatının sədri Geri dön |