Ana Sayfa > Siyasət > Şəhidlərimiz adlarını şanlı tariximizə əbədi yazdırıb
Şəhidlərimiz adlarını şanlı tariximizə əbədi yazdırıbBu gün, 11:48. Yazar: azer |
![]() Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən bizləri 6 illik zaman ayırır. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar, torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxmaları öz əksini tapsa da dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində bu qətnamələr 28 il kağız üzərində qaldı. Münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə səy göstərdi. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bir il sonra döyüş meydanında təsdiqlədi. Bu bəyanat 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi qaçılmazdır. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazan ermənilərin yaratdıqları “mif”lər də özünətəsəllidən başqa bir şey deyildi. Azərbaycan Silahlı Qüvvələri bu mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Hansı ki, ermənilər və erməni diasporu belə təbliğat aparırdı ki, ən güclü ordu Ermənistan ordusudur. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Nihad Pənahov YAP Tovuz rayon təşkilatının sədri Geri dön |