Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın vitse-prezidenti Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib

SOCAR-ın vitse-prezidenti Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib


Bu gün, 11:46. Yazar: azer
SOCAR-ın vitse-prezidenti Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev ABŞ-ın Nyu-York şəhərində təşkil olunan bir sıra tədbirlərdə iştirak edib.

Nyu-York İqlim Həftəsi çərçivəsində OGCI və S&P Global tərəfindən “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi” mövzusunda təşkil olunan dəyirmi masaya qatılan vitse-prezident Əfqan İsayev metan emissiyalarının geniş miqyasda azaldılması istiqamətində həyata keçirilən müzakirələrdə iştirak edib. Müzakirələr zamanı bu istiqamətdə mövcud maneələr, uğurlu təcrübələr, tənzimləyici mexanizmlərin rolu və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Əfqan İsayev Dünya İqtisadi Forumunun BMT Baş Assambleyası çərçivəsində təşkil olunan “Dayanıqlı inkişafa təsir” görüşlərində də iştirak edib. Dayanıqlılıq üzrə rəhbər şəxslərin görüşündə texnologiyaların dayanıqlı inkişafın sürətləndirilməsində rolu, innovativ həllərin tətbiqi və biznesin iqlim gündəliyinə töhfəsinə dair məsələlər müzakirə edilib.
SOCAR rəsmisi “Yeni iqtisadiyyatda artımın enerji ilə təmin edilməsi” mövzusunda tədbirdə iştirak edib. Burada yeni iqtisadiyyatın artan enerji tələbatı, dayanıqlı inkişafın enerji ilə təmin olunması və enerji sistemlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub.
Vitse-prezident, həmçinin “Neft-qaz sənayesində əməliyyat dekarbonizasiyası üçün kapitala çıxışın praktiki yolları” mövzusunda rəhbərlər səviyyəsində dəyirmi masada iştirak edib. Müzakirələrdə neft-qaz əməliyyatlarının dekarbonizasiyasının maliyyələşdirilməsi, investisiya resurslarına çıxış və emissiyaların azaldılmasını sürətləndirə biləcək maliyyə mexanizmləri nəzərdən keçirilib.
Əfqan İsayev BMT Baş Assambleyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan tədbirlərə də qatılıb. O, “Sənaye zonaları: Layihələndirmə yolu ilə dayanıqlılıq” və “Yeni nəsil enerji həllərinin gücləndirilməsi | Enerji üçün süni intellektin miqyaslandırılması” müzakirələrində iştirak edib. “Qlobal Metan Mərkəzi”nin görüşündə çıxış edən Əfqan İsayev metan emissiyalarının azaldılması üzrə beynəlxalq təşəbbüslər, innovativ texnologiyaların və maliyyə mexanizmlərinin tətbiqi, eləcə də bu istiqamətdə tərəfdaşlıqların genişləndirilməsi məsələlərinə toxunub, SOCAR tərəfindən qabaqcıl texnologiyaların tətbiqi ilə metan və digər istixana qazı emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.


Geri dön