Ana Sayfa > Özəl > TRIPP ətrafında Tehran-İrəvan xəttindən sərt mesajlar: Bakıdan cavab gəldi
TRIPP ətrafında Tehran-İrəvan xəttindən sərt mesajlar: Bakıdan cavab gəldiDünən, 23:00. Yazar: vasif |
![]() İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin TRIPP layihəsi, Zəngəzur istiqaməti və regional kommunikasiyalarla bağlı son açıqlamaları diqqət çəkib. Səfir “güc balansı” və mövcud status-kvonun dəyişməsi məsələlərinə toxunaraq İranın Ermənistanın suverenliyinə təsir göstərə biləcək proseslərə həssas yanaşdığını bildirib. Şirqolami bundan əvvəl Azərbaycanın Naxçıvan ərazisi vasitəsilə Ermənistanla İran arasında dəmir yolu bağlantısının yaradılmasına şərait yaratmalı olduğunu da söyləyib. Bu açıqlamalar Bakı-Tehran münasibətlərində qarşılıqlı təmasların intensivləşdiyi bir dövrdə səslənir. Milli Məclisin deputatı Azər Badamov bildirib ki, TRIPP-in həyata keçirilməsi Ermənistanın suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Onun fikrincə, regional kommunikasiyaların açılması Ermənistan da daxil olmaqla region ölkələri üçün yeni nəqliyyat və iqtisadi imkanlar yarada bilər. Deputat İran tərəfinin layihə ilə bağlı müəyyən narahatlıqlarının ola biləcəyini istisna etməsə də, TRIPP-in İran ərazisindən keçmədiyini vurğulayıb. Badamov hesab edir ki, fikir ayrılıqlarının sərt ritorikaya çevrilməsi Azərbaycan-İran münasibətlərində son dövrdə yaranmış müsbət dinamikaya mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, Naxçıvan və Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin inkişafı yalnız Azərbaycan üçün deyil, gələcəkdə Ermənistanın İran və digər regional bazarlara çıxışı baxımından da əlavə imkanlar yarada bilər. Buna görə kommunikasiyaların açılmasına yalnız geosiyasi rəqabət deyil, iqtisadi əməkdaşlıq prizmasından da yanaşılmalıdır. Badamovun mövqeyinə görə, Bakı və Tehran arasında mümkün fikir ayrılıqlarının diplomatik dialoq vasitəsilə həlli hər iki tərəfin maraqlarına uyğundur. TRIPP ətrafında İran səfirinin açıqlamaları Tehranın layihə ilə bağlı ehtiyatlarını göstərsə də, bunun İranın rəsmi siyasətində hansı konkret addımlarla müşayiət olunacağı hələ aydın deyil. Geri dön |