Ana Sayfa > Siyasət > Dağ-mədən sahəsinin inkişafı mühüm istiqamətdir

Dağ-mədən sahəsinin inkişafı mühüm istiqamətdir


Bu gün, 14:48. Yazar: azer
Dağ-mədən sahəsinin inkişafı mühüm istiqamətdir

Böyük sənaye layihələrinin taleyini yalnız onların iqtisadi potensialı müəyyən etmir. Belə layihələrin reallaşması üçün əvvəlcədən düşünülmüş dövlət siyasəti, maliyyə təminatı, investorlar üçün aydın qaydalar və uzunmüddətli planlaşdırma tələb olunur. Prezident İlham Əliyevin sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirədəki çıxışı bu baxımdan mühüm bir yanaşmanı ortaya qoyur: Azərbaycan bu sahədə inkişaf prosesini investisiya marağından asılı vəziyyətdə saxlamır, dövlət öz öhdəliyini təmin edir, eyni zamanda yerli və xarici kapital üçün geniş imkanlar yaradır.

Dövlət Proqramının ən mühüm cəhətlərindən biri onun maliyyə təminatının əvvəlcədən müəyyənləşdirilməsidir. Prezident İlham Əliyev proqramın bütün müvafiq qurumlarla razılaşdırıldığını və onun həyata keçirilməsi üçün lazımi vəsaitin nəzərdə tutulduğunu bildirib. Bu, xüsusilə maliyyə tutumlu olan dağ-mədən və metallurgiya sənayesi üçün prinsipial əhəmiyyət daşıyır. Beləliklə, proqramın icrası yalnız gələcəkdə investorların maraq göstərib-göstərməyəcəyindən asılı olmayacaq.

Bu yanaşma dövlətin iqtisadi proseslərdə rolunun mahiyyətini də göstərir. Dövlət burada həm əsas təşəbbüskar, həm də investisiya mühitini formalaşdıran tərəf kimi çıxış edir. İnfrastrukturun yaradılması, sənaye parklarının təşkili, nəqliyyat imkanlarının genişləndirilməsi və zəruri tənzimləmə mexanizmlərinin hazırlanması özəl kapitalın layihələrə daxil olması üçün daha əlverişli şərait yaradır.

Prezident İlham Əliyevin investorlarla bağlı mesajı da bu siyasətin mühüm hissəsidir. Yerli və xarici investorların iştirakı mümkündür və onların layihələrə maraq göstərməsi müsbət qarşılanır. Lakin investisiyanın olmaması proqramın dayandırılması üçün səbəb deyil. Dövlət başçısının vurğuladığı bu mövqe layihələrin həyata keçirilməsi baxımından müəyyənlik yaradır: investorlara qapılar açıqdır, amma strateji sənaye layihələrinin taleyi yalnız xarici kapitalın qərarından asılı deyil. Bu model həm də dövlət və özəl sektor arasında daha çevik əməkdaşlıq üçün imkan yaradır. Dağ-mədən sahəsində yeni yataqların kəşfiyyatı, “Filizçay” yatağının istismara hazırlanması, metallurgiya müəssisələrinin yaradılması və mövcud istehsal güclərinin artırılması müxtəlif maliyyə mənbələrinin cəlb olunmasını tələb edir. Dövlətin ilkin təminatı ilə yanaşı özəl kapitalın iştirakı layihələrin miqyasını genişləndirə bilər.

Dövlət Proqramının maliyyə miqyası da qarşıya qoyulan məqsədlərin ciddiliyini göstərir. 2027–2030-cu illərdə bu sahənin inkişafı üçün 5,3 milyard manat investisiyanın nəzərdə tutulması dağ-mədən və metallurgiyanın artıq ayrıca və strateji sənaye istiqaməti kimi formalaşdırıldığını göstərir. Eyni zamanda, proqramın nəticəsində ölkə büdcəsinə vergilər şəklində böyük vəsaitlərin daxil olması və ixrac potensialının genişlənməsi gözlənilir. Burada uzunmüddətli gəlirlilik amili də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sahə maliyyə baxımından tutumlu olsa da, gəlirlidir. Qiymətli metalların dünya bazarlarındakı yüksək qiymətləri və metallara artan tələbat layihələrin iqtisadi perspektivlərini gücləndirən amillərdəndir.

Beləliklə, yeni Dövlət Proqramı dövlətin strateji təşəbbüsü ilə investorların iqtisadi maraqlarını bir müstəvidə birləşdirir. Azərbaycan öz resurslarından daha səmərəli istifadə etmək, yeni sənaye imkanları yaratmaq və ixrac gəlirlərini artırmaq üçün uzunmüddətli maliyyə bazası formalaşdırır. Dövlətin təminatlı mövqeyi və investorlara açıq yanaşması isə bu prosesin daha geniş iqtisadi əməkdaşlığa çevrilməsi üçün mühüm zəmin yaradır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Geri dön