Ana Sayfa > Özəl > Dönərin tərkibinə yeni limitlər: Azərbaycanda yağ və duza məhdudiyyət qoyula bilərmi?

Dönərin tərkibinə yeni limitlər: Azərbaycanda yağ və duza məhdudiyyət qoyula bilərmi?


Bu gün, 21:00. Yazar: vasif
Dönərin tərkibinə yeni limitlər: Azərbaycanda yağ və duza məhdudiyyət qoyula bilərmi?




Türkiyədə dönər və digər ət məhsullarının tərkibinə dair tələblər sərtləşdirilib. Yeni qaydalara əsasən, dönərdə ümumi yağın miqdarı 25 faizdən, duz isə 2 faizdən çox olmamalı, ət zülalının səviyyəsi ən azı 12 faiz təşkil etməlidir. İstehsalçılara yeni standartlara uyğunlaşmaq üçün 31 mart 2027-ci ilədək vaxt verilib.

Qida üzrə ekspert Asim Vəli bildirib ki, Türkiyədəki yeniliklər Azərbaycan üçün də müzakirə mövzusu ola bilər. Lakin həmin normaların Azərbaycanda avtomatik tətbiqi mümkün deyil və bunun üçün yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ayrıca qərar qəbul edilməlidir.

Ekspertin sözlərinə görə, Azərbaycanda dönərin hazırlanması və satışı ilə bağlı AQTA tərəfindən təsdiqlənmiş sanitariya norma və qaydaları artıq mövcuddur. Bu tələblər çiy dönərin hazırlanması, təhlükəsizliyi, termiki emalı, saxlanılması və dövriyyəsi kimi məsələləri əhatə edir.

Gələcəkdə yağ, duz, ət və digər inqrediyentlərin nisbəti ilə bağlı daha konkret limitlərin müəyyənləşdirilməsi də mümkün ola bilər. Bunun üçün istehlakçı sağlamlığı ilə yanaşı, istifadə edilən xammal, istehsal texnologiyası və sahibkarların yeni standartlara uyğunlaşma imkanlarının qiymətləndirilməsi vacibdir.

Asim Vəli vurğulayıb ki, dönərin təhlükəsizliyində yalnız yağ və duzun miqdarı deyil, ətin mənşəyi, gigiyena, temperatur rejimi və düzgün bişirilməsi də əsas rol oynayır.

Beləliklə, Türkiyədə tətbiq edilən 25 faiz yağ və 2 faiz duz limiti hazırda Azərbaycan üçün avtomatik qüvvədə olan yeni norma deyil. Azərbaycanda analoji konkret tələblərin tətbiqi ayrıca normativ qərar tələb edəcək.
Geri dön