Ana Sayfa > Siyasət > Şəhidlərimizin müqəddəs əmanəti – Zəfərimiz
Şəhidlərimizin müqəddəs əmanəti – ZəfərimizBu gün, 13:44. Yazar: azer |
![]() 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm dərin hüznün, həm də böyük qürurun yaşandığı müqəddəs bir gündür. Bu gün Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, onların müqəddəs ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı uzun illər doğma torpaqlarının işğal altında qalması ilə ağır sınaqlardan keçdi. Birinci Qarabağ müharibəsində minlərlə şəhid verdik, torpaqlarımızın 20 faizi işğala məruz qaldı, bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşdü. Lakin bütün bu ağrı-acılara baxmayaraq, xalqımız ruhdan düşmədi, əyilmədi və doğma torpaqlarımıza qayıdacağımıza olan inamını itirmədi. İllər keçdikcə bu arzu ümummilli məqsədə çevrildi. Dövlətimizin güclənməsi, ordumuzun qüdrətlənməsi və xalqımızın milli həmrəyliyi bizi böyük Zəfərə aparan yolun əsas dayaqları oldu. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda haqq savaşına başladı. Xalq və Ordu bir yumruq kimi birləşərək böyük Zəfərə imza atdı. Bu Qələbənin ən böyük mənəvi dayağı isə şəhidlərimizdir. Onlar Vətən sevgisini sözlə deyil, canları ilə sübut etdilər. Prezident İlham Əliyevin Anım Günü ilə bağlı müraciətində vurğuladığı kimi: “Onların qanı yerdə qalmayacaq və qalmadı.” Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi misilsiz şücaət, qəhrəmanlıq və fədakarlıq xalqımızın milli qürur mənbəyinə çevrildi. Şəhidlərimizin qəhrəmanlığı artıq dastana çevrilib və onların göstərdiyi yol gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlərimizin son arzusu doğma torpaqlarımızın azad edilməsi idi. Bu gün həmin arzu gerçəkləşib. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, illərlə yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına qayıdırlar. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri şəhidlərimizin müqəddəs arzularının həyata keçməsinin ən böyük ifadələrindən biridir. Lakin Vətən müharibəsinin qəhrəmanları arasında bu gün də müalicəyə və reabilitasiyaya ehtiyacı olan hərbçilərimiz var. Onlar döyüş meydanında sağlamlıqlarını Vətən üçün qurban veriblər. Buna görə də onların müalicəsi, sağlamlıqlarının bərpası və normal həyata qayıtmaları hər birimizin diqqətində olmalıdır. Dövlətimizin şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərdiyi qayğı və diqqət xüsusi əhəmiyyət daşıyır. Onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və reabilitasiya imkanlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin öz qəhrəman övladlarına olan münasibətinin göstəricisidir. Biz bu Zəfərə görə şəhidlərimizə borcluyuq. Bu borcu yalnız sözlə deyil, əməllə göstərməliyik. Şəhid ailələrinin yanında olmaq, qazilərimizə və yaralı hərbçilərimizə dəstək göstərmək, onların cəmiyyətə tam inteqrasiyasına şərait yaratmaq hər birimizin mənəvi məsuliyyətidir. Anım Günü bizə bir daha xatırladır ki, bu Zəfərin qiyməti çox yüksək olub. Şəhidlərimizin qəhrəmanlığını və fədakarlığını heç vaxt unutmamalıyıq. Onların xatirəsini yaşatmaq, ailələrinə və övladlarına qayğı göstərmək, Vətənə və dövlətə sədaqət ruhunda yeni nəsillər yetişdirmək bizim müqəddəs borcumuzdur. Bu əlamətdar gündə Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların bizə əmanət etdiyi Zəfəri qorumaq və gələcək nəsillərə ötürmək bizim ən böyük məsuliyyətimizdir. Vaqif Vəliyev SOCAR “KQİ” Tresti, aparıcı mühasib,YAP Nərimanov rayon ƏPT sədr müavini Geri dön |