Ana Sayfa > Siyasət > Müharibə dövründə hamımız bir şüarla yaşadıq: “Öldü var, döndü yoxdur”

Müharibə dövründə hamımız bir şüarla yaşadıq: “Öldü var, döndü yoxdur”


Bu gün, 13:40. Yazar: azer
Müharibə dövründə hamımız bir şüarla yaşadıq: “Öldü var, döndü yoxdur”

Müharibə həmişə ağrı-acılar, itkilər, müsibətlər gətirir. Lakin sən bu müharibədə doğma torpaqlarını yağı düşməndən azad edib qələbə qazanırsansa, bu ağrı-acıların yerini qürur hissi bürüyür. Üzü ağ, alnı açıq, başı uca gəzirsən.

Birinci Qarabağ müharibəsində itkilərimiz çox oldu, 20% torpaqlarımız işğala məruz qaldı. Bir milyon insanımız çadırlarda, vaqonlarda qaçqın, köçkün, didərgin həyatı yaşamalı oldu. Sındıq. Amma əyilmədik. Düşmənə nifrətimiz, qəzəbimiz əsla azalmadı. Gözlədik.

Nəhayət, o gün gəldi. 27 sentyabr 2020-ci il. Müzəffər Ali Baş Komandandan əmr gəldi. Azərbaycan əsgəri irəli! Və uca səslə bütün dünyaya bəyan etdi:
“Bilin! Bu yolda öldü var, döndü yoxdur!”
Biz hamımız – başda Ali Baş Komandan olmaqla, Millət və Ordu olaraq bu şüar altında birləşdik. Biz hamımız bu amal uğrunda ölməyə hazır idik.

Bu şüar – Şəhid Xudayarın təsnifindəydi.
Bu şüar - Şəhid və yaralı yoldaşını çiyninə alaraq Şuşanın sıldırım qayalarını aşan igidlərimizin nəriltisindəydi.

“Öldü var, döndü yox” -nimdaş paltarda, köhnə ayaqqabıda öz təqaüdünü ordumuza bağışlayan Hikmət babanın ruhundaydı.

“Öldü var, döndü yox” - şəhid övladının tabutunu başında aparan Səkinə nənənin qəlbindəydi.
“Öldü var, döndü yox” -həyat yoldaşının tabutunu çiynində aparan Firuzə xanımın qeyrətindəydi.
“Öldü var, döndü yox”-evlərinə şəhid xəbəri gələn, 3 gün tabutda qalandan sonra ayılan qazimiz Misi Axundovun Tanrının lütfü ilə yaşamasındaydı.
44 günlük Vətən müharibəsinin iştirakçılarının xatirəsindən:

Ağdam istiqamətində hücum əmri alaraq yola düşdük. Yolun kənarında 8-9 yaşlarında bir oğlan və qız uşağı əllərində balaca bir torba bizə əl eləyirdilər. Maşınları saxladıq. Əmi, bunları da götürün, dedilər. Aldıq. Torbanın içində 2 ədəd qaynadılmış yumurta, 3 ədəd qaynadılmış kartof və bir parça çörək var idi. Hamımız ağladıq və içimizdən bir hayqırtı qopdu. Bizim bu yolda ölməyə haqqımız var, geri dönməyə isə haqqımız yoxdur.

44 günlük Vətən müharibəsində fədakarlıq göstərən həkimlərimizin xatirəsindən:
Yaralı əsgərimizi çadırda əməliyyat masasına uzatdıq. Paltarı al-qan içindəydi. Qayçı ilə sinəsi tərəfdən formasını kəsmək istəyəndə əlimizdən tutdu. Zəif səslə dedi: “Cibimdə bayraq var, onu kəsməyin.Onu kəsməyin"

Bu Vətən müharibəsində biz ucaldıq. Qəddimizi dikəltdik.

SOCAR ailəsi olaraq, Kompleks Qazma İşləri olaraq Müzəffər Ali Baş Komandanın, xalqımızın, ordumuzun yanında olduq.

8 əməkdaşımız: Osmanov Fərahim Qardaşxan oğlu, Cəbrayıl İkin Natiq oğlu, Əhmədzadə Tural Rasim oğlu, Abışov Elşən Fərzəli oğlu, Hacıyev İlham Əlisəfa oğlu, Hüseynov Baxış Firdovsi oğlu, Quliyev Məhərrəm Əmil oğlu, Rəhimov Vüqar Əlvəsət oğlu – Vətən müharibəsində şücaət göstərərək Ali mükafatlara layiq görülmüşlər.

Düşmənə od yağdıran topların və mərmilərin üzərində bizim Trestimizin adı həkk olunmuşdu.
Düşmən həmişə pusquda dayanıb. Biz Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunun ətrafında daim sıx birləşməliyik ki, bizə baş qaldıran əfi ilanların başını əzib məhv edək.

Səday Allahverdiyev,
“Kompleks qazma işləri” trestinin Quru Qazma Bölümünün rəisi


Geri dön