Ana Sayfa > Özəl > Uşaqların immuniteti üçün süfrədə bunlar olmalıdır: Pediatrdan valideynlərə tövsiyə

Uşaqların immuniteti üçün süfrədə bunlar olmalıdır: Pediatrdan valideynlərə tövsiyə


Bu gün, 19:17. Yazar: vasif
Uşaqların immuniteti üçün süfrədə bunlar olmalıdır: Pediatrdan valideynlərə tövsiyə



Uşaqların immun sisteminin normal fəaliyyəti üçün balanslı və müxtəlif qidalanma mühüm əhəmiyyət daşıyır. Pediatr Günay Salehova gündəlik rasionda zülal, vitamin, mineral və sağlam yağlarla zəngin məhsullara yer verilməsini tövsiyə edib.
Həkimin sözlərinə görə, yumurta, balıq, hinduşka, yağsız ət və paxlalılar yaxşı zülal mənbələridir. Sink üçün balıq, noxud, mərcimək, qarabaşaq, qoz və fındıq, C vitamini üçün isə portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlər rasiona daxil edilə bilər.
Bağırsaq mikroflorasını dəstəkləmək üçün qatıq, kefir və digər fermentləşdirilmiş süd məhsullarından istifadə faydalı ola bilər. Somon, skumbriya və siyənək kimi balıqlar isə omeqa-3 yağ turşuları ilə zəngindir. Uşağın kifayət qədər su içməsi də diqqətdə saxlanılmalıdır.
Pediatr vurğulayıb ki, immun sisteminin sağlam fəaliyyəti yalnız müəyyən qidalardan asılı deyil. Kifayət qədər yuxu, yaşa uyğun fiziki aktivlik, təmiz havada vaxt keçirmək və sağlam gündəlik rejim də mühüm rol oynayır.
Xəstə uşağın məktəbə və ya bağçaya göndərilməsinə də diqqət edilməlidir. Hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal davam edirsə, uşağın kollektivə qayıtması uyğun deyil. Uşaq hərarətsalıcı dərmansız ən azı 24 saat hərarətsiz qaldıqda və özünü normal hiss etdikdə geri qayıda bilər. Bəzi yoluxucu xəstəliklərdə isə bu müddət fərqli olduğundan həkim tövsiyəsi əsas götürülməlidir.
Geri dön