Ana Sayfa > Siyasət > Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını genişləndirir

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını genişləndirir


Bu gün, 13:35. Yazar: azer
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını genişləndirir

Azərbaycanın metallurgiya sektorunda alüminium istehsalı mühüm istiqamətlərdən biri hesab olunur. Ölkəmizdə bu sahənin inkişafı artıq formalaşmış istehsal bazası, müəyyən təcrübə və müvafiq infrastruktur üzərində qurulub. Növbəti mərhələdə qarşıda duran əsas məqsəd mövcud potensialdan daha effektiv yararlanmaq, istehsal həcmini yüksəltmək, məhsul çeşidini artırmaq və Azərbaycanın dünya bazarındakı mövqelərini daha da gücləndirməkdir. Cənab Prezident İlham Əliyevin sentyabrın 22-də keçirilən müşavirədə səsləndirdiyi fikirlər bu istiqamətdə qarşıya qoyulan konkret vəzifələri aydın şəkildə nümayiş etdirir. Dövlət Proqramında alüminium sənayesinin inkişafına xüsusi diqqət yetirilməsi də məhz bu potensialın genişləndirilməsi ilə bağlıdır.

Cənab Prezidentin çıxışında bildirildiyi kimi, Gəncədə fəaliyyət göstərən “Azərbaycan Alüminium” kompleksinin istehsal imkanlarının artırılması planlaşdırılır. Elektroliz zavodunun gücünün 100 min tona, yayma məhsullarının istehsalının isə 50 min tona çatdırılması əsas hədəflər sırasında yer alır. Bu göstəricilər Azərbaycanın mövcud sənaye imkanlarının daha yüksək mərhələyə keçirilməsi istiqamətində nəzərdə tutulan işlərin miqyasını göstərir.

Metallurgiya sənayesində rəqabət imkanlarını müəyyən edən əsas amillərdən biri istehsalın müxtəlif emal mərhələlərini əhatə etməsidir. Bu baxımdan diqqət çəkən məqam ondan ibarətdir ki, qarşıya qoyulan məqsədlər yalnız istehsal həcminin artırılmasından ibarət deyil. Yeni profilli zavodların yaradılması istehsal zəncirinin daha tam və texnoloji baxımdan səmərəli qurulmasına şərait yaradacaq. Dünya bazarında geniş tətbiq imkanlarına malik olan alüminiuma tələbat da yüksək olaraq qalır. Bu metaldan nəqliyyat, tikinti, energetika, maşınqayırma və bir sıra digər sənaye sahələrində geniş istifadə olunur. Bu baxımdan Azərbaycanda istehsal imkanlarının genişləndirilməsi ölkənin ixrac strukturunun şaxələndirilməsinə də müsbət təsir göstərə bilər. Ölkə daxilində daha çox emal edilmiş alüminium məhsulunun hazırlanması ixrac gəlirlərinin artırılmasına imkan verən mühüm amillərdən biridir. Cənab Prezident İlham Əliyevin çıxışında “Azəralüminium”un fəaliyyətinin genişləndirilməsi ilə bağlı mövcud imkanların araşdırılmasının vacibliyinə diqqət yetirməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlətin bu sahəyə yanaşması uzunmüddətli sənaye siyasətinin əsas məntiqini ortaya qoyur. Mövcud potensialın olduğu sahələrdə həmin imkanlardan daha səmərəli istifadə etmək, istehsal gücünü artırmaq və rəqabət qabiliyyətini yüksəltmək üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu istiqamətdə reallaşdırılacaq layihələrin əhəmiyyəti yalnız müəssisələrin istehsal göstəricilərinin yüksəlməsi ilə məhdudlaşmır. Yeni müəssisələrin yaradılması və mövcud istehsal sahələrinin genişləndirilməsi əlavə iş yerlərinin açılmasına, onlarla əlaqəli xidmət və təchizat sahələrinin inkişafına da şərait yaradır. Sənaye müəssisələrinin fəaliyyət dairəsinin böyüməsi mühəndislik, texniki xidmət və peşə hazırlığı kimi istiqamətlərə olan tələbatı da artırır. Bu isə göstərir ki, sənaye layihələrinin təsiri yalnız istehsal olunan məhsulun həcmi ilə ölçülə bilməz. Alüminium sektorunun inkişafı eyni zamanda Azərbaycanın metallurgiya sənayesinin digər istiqamətləri ilə sıx bağlıdır. Dağ-mədən fəaliyyətinin genişləndirilməsi, yeni xammal mənbələrinin formalaşdırılması və müasir emal müəssisələrinin yaradılması ölkənin ümumi metal sənayesi potensialının gücləndirilməsinə xidmət edir. Müxtəlif istiqamətlər üzrə istehsal imkanlarının eyni vaxtda genişləndirilməsi isə daha davamlı və şaxələndirilmiş sənaye strukturunun formalaşmasına imkan verir. Beləliklə, Dövlət Proqramında alüminium sənayesi üzrə müəyyənləşdirilən hədəflər ölkədə artıq mövcud olan potensialın daha yüksək səviyyəyə çatdırılmasına hesablanıb. İstehsal güclərinin artırılması, yeni texnoloji imkanların yaradılması və məhsul çeşidinin genişləndirilməsi Azərbaycanın metallurgiya sənayesinin gələcək inkişafında alüminium sektorunun əhəmiyyətini daha da yüksəldəcək.

Rəşad Əsgərov,
“Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.

Geri dön