Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcəkBu gün, 11:48. Yazar: azer |
![]() Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə mühüm istiqamətləri diqqətə çatdırdı. “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək. Vurğulandı ki, son vaxtlar qəbul olunmuş Dövlət Proqramları ölkə iqtisadiyyatını gücləndirəcək. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır: “Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”. Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Cənab İlham Əliyev vurğuladı ki, obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur. Təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işlərinin aparılmasına baxmayaraq o zaman sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan qeyd olunan sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə də bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edilir. Birinci, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Dövlət başçısı vurğuladı ki, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biridir. Bunun üçün təbii resursların araşdırılması, hasilatı, emalı və son məhsula çevrilməsi mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bu hədəflər dövlət başçısı İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Ölkə Prezidenti İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, 2027-2030-cu illərdə Proqram tam icra edilməlidir. Yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |