Ana Sayfa > Siyasət > Dağ-mədən sənayesində yeni mərhələ:

Dağ-mədən sənayesində yeni mərhələ:


Bu gün, 10:56. Yazar: azer
Dağ-mədən sənayesində yeni mərhələ:

Azərbaycanın gələcək sənaye siyasətində əsas hədəf yalnız xammal hasilatının həcmini artırmaqdan ibarət deyil. Əsas məsələ ölkənin malik olduğu xammal ehtiyatlarının mümkün qədər çox hissəsini daxildə emal etməklə yüksək əlavə dəyər yaradan məhsullara çevirməkdir. Sentyabrın 22-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim edilən Dövlət Proqramı da məhz bu iqtisadi yanaşmanı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair nəzərdə tutulan tədbirlər Azərbaycanın təbii ehtiyatlarının daha geniş və ardıcıl istehsal zəncirinə cəlb edilməsinə yönəlib.

Cənab Prezident İlham Əliyevin çıxışında da təbii sərvətlərin istismarı ilə yanaşı, onların emalını əhatə edən bütöv istehsal sisteminin qurulmasının ölkənin iqtisadi imkanlarını artıracağı vurğulanıb. Çünki filizin yalnız xammal formasında xarici bazarlara çıxarılması ilə onun Azərbaycanda zənginləşdirilməsi, emal olunması və hazır məhsula çevrilməsi arasında yaradılan iqtisadi dəyər baxımından böyük fərq mövcuddur. Yeni Dövlət Proqramı həmin potensial fərqin ölkə iqtisadiyyatının xeyrinə istifadə olunması üçün ardıcıl mexanizmlər formalaşdırır.

Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Prezidentin çıxışında da parkın yaradılmasının əsas məqsədlərindən birinin dağ-mədən sənayesinin inkişafına xidmət etməsi qeyd olunur. “Daşkəsən” filiz yatağının istismara cəlb edilməsi və ətraf ərazilərdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi burada bir-biri ilə bağlı sənaye sahələrinin formalaşmasına imkan yaradacaq. Qarşıya qoyulan məqsəd yalnız filizin hasil edilməsindən ibarət deyil. Hasil olunan xammalın zənginləşdirilməsi, pelet və briketləşdirilmiş dəmir istehsalı müəssisələrinin yaradılması da nəzərdə tutulur. Bununla da mədən və emal müəssisələri arasında daha sıx istehsal əlaqələrinin qurulması mümkün olacaq.

Belə modelin tətbiqi sənaye strukturunun ayrı-ayrı müəssisələrin məcmusu kimi deyil, vahid və qarşılıqlı əlaqəli istehsal sistemi kimi inkişafına şərait yaradacaq. Xammalın hasilatından başlayaraq onun emalı və son məhsula çevrilməsinə qədər bütün mərhələlərin ölkə daxilində təşkil olunması istehsal prosesinin səmərəliliyini yüksəltməklə yanaşı, yeni sənaye müəssisələrinin yaradılması üçün də əlavə imkanlar formalaşdırır. İstehsal zəncirinin müxtəlif həlqələrinin inkişafı yeni iş yerlərinin açılmasına və regionlarda iqtisadi fəallığın artmasına da təsir göstərəcək. Dövlət Proqramının əsas məntiqində daha çox xammal çıxarmaqdan əvvəl həmin xammalın ölkə daxilində daha geniş emal edilməsi və onun əsasında daha yüksək əlavə dəyərə malik məhsulların istehsal olunması dayanır.

Bu yanaşma qlobal iqtisadiyyatda baş verən müasir dəyişikliklərlə də uyğunluq təşkil edir. Metallar və strateji əhəmiyyət daşıyan mineral resurslara tələbatın artması ölkələr üçün yalnız zəngin ehtiyatlara sahib olmağı deyil, həmin ehtiyatları daha yüksək iqtisadi gəlir yaradan məhsullara çevirməyi də vacib edir. Azərbaycan bu istiqamətdə bir sıra mühüm imkanlara malikdir. Ölkənin enerji potensialı, formalaşmış nəqliyyat infrastrukturu, sənaye müəssisələri və əsas nəqliyyat marşrutlarına çıxışı həm xammalın, həm də istehsal olunmuş məhsulların bazarlara daşınması üçün əlverişli şərait yaradır. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi isə istehsal ediləcək məhsulların beynəlxalq bazarlara çıxarılması imkanlarını daha da genişləndirir.

Dəmir filizi ilə yanaşı, alüminium, mis və qızıl istiqamətlərinin də Dövlət Proqramında əsas prioritetlər arasında yer alması sənaye istehsalının daha çox istiqamət üzrə inkişaf etdirilməsinə imkan verir. Mövcud istehsal güclərinin genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi xammal ehtiyatları ilə emal sənayesi arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yarada bilər. Bu isə ölkənin mineral resurslardan istifadəsində daha sistemli və uzunmüddətli iqtisadi modelin formalaşmasına xidmət edəcək.

Beləliklə, Dövlət Proqramı Azərbaycanın mineral ehtiyatlarına münasibətdə yeni iqtisadi yanaşmanı ortaya qoyur. Burada əsas məqsəd yalnız yerin altındakı sərvətlərin hasil edilməsi deyil, həmin resursların mümkün qədər ölkə daxilində emal olunaraq daha yüksək iqtisadi dəyərə malik məhsullara çevrilməsidir. Bu model həm ixrac imkanlarının genişləndirilməsinə, həm yeni sənaye sahələrinin yaranmasına, həm də iqtisadiyyatın daha şaxələndirilmiş və dayanıqlı strukturunun formalaşmasına mühüm zəmin yarada bilər.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön