Ana Sayfa > Dünya > Kosmosda “qaydaları pozan” planet kəşf edildi

Kosmosda “qaydaları pozan” planet kəşf edildi


Bu gün, 09:27. Yazar: Subhan
Kosmosda “qaydaları pozan” planet kəşf edildi

Yerdən 73 işıq ili uzaqlıqda yerləşən GJ 3090 b ekzoplanetinin öz ulduzunun fırlanma istiqamətinə əks istiqamətdə hərəkət etdiyi müəyyənləşdirilib. Planetin orbitindəki bu qeyri-adi vəziyyəti izah edə biləcək nəhəng səma cisminin olmaması alimlərin qarşısında yeni suallar yaradıb.

aia.az xəbər verir ki, planetlər, adətən, onları əmələ gətirən gənc ulduzların ətrafındakı qaz və toz diskindən formalaşır.

Bu səbəbdən planetlərin orbital hərəkəti ilə ulduzun fırlanma istiqaməti arasında ciddi uyğunsuzluq nadir hallarda müşahidə olunur.

2022-ci ildə kəşf edilən GJ 3090 b isə bu qaydadan fərqlənir. Radiusu Yerdən 2,2 dəfə, kütləsi isə 4,5 dəfə böyük olan alt-Neptun sinfinə aid planet ulduzunun ekvatorial müstəvisi ilə 136 dərəcə bucaq təşkil edir.

La Silla Rəsədxanasında NIRPS cihazı ilə aparılan dəqiq ölçmələr bu qeyri-adi orbital vəziyyəti ortaya çıxarıb. Alimlərin məlumatına görə, indiyədək çox yüksək orbital meylə malik cəmi beş belə sistem müəyyən edilib. Lakin GJ 3090 b digər nümunələrdən fərqlənir. Planetin orbitini bu dərəcədə dəyişdirə biləcək nəhəng planetin və ya qəhvəyi cırtdanın mövcudluğu aşkar edilməyib. Bu isə planetlərin formalaşması ilə bağlı mövcud modellərin yenidən nəzərdən keçirilməsini gündəmə gətirir.

Tədqiqatçıların ehtimalına görə, ulduz keçmişdə xarici və əks istiqamətdə yerləşən ikinci qaz-toz diskindən material udub. GJ 3090 b isə məhz həmin diskin daxilində formalaşmış ola bilər.

“Astronomy & Astrophysics” jurnalında dərc olunan araşdırmanın nəticələri ekzoplanet sistemlərinin formalaşma proseslərinin nə qədər mürəkkəb və müxtəlif ola biləcəyini göstərir.

aia.az
Geri dön