Ana Sayfa > Manşet / Siyasət > Yeni sənaye mərhələsi: iqtisadiyyatın inkişafı növbəti təkan
Yeni sənaye mərhələsi: iqtisadiyyatın inkişafı növbəti təkanBu gün, 14:15. Yazar: azer |
![]() Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və regionların iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətləri müəyyənləşdirir. Dövlət Proqramının əsas mahiyyəti yalnız filiz yataqlarının istismarından ibarət deyil. Burada hasilatdan emala, zənginləşdirmədən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma ölkədə yeni və müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bununla yanaşı, yeni müəssisələrin fəaliyyəti vergi daxilolmalarının artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun iqtisadi çəkisinin yüksəlməsinə şərait yaradacaqdır. Dövlət Proqramının mühüm cəhətlərindən biri təbii ehtiyatların yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan istehsal prosesinin tərkib hissəsi kimi qiymətləndirilməsidir. Filiz hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması istehsal zəncirinin daha geniş qurulmasına imkan verəcək. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın əsas istiqamətlərindən biri “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələrin sənaye infrastrukturu ilə təmin edilməsidir. Beləliklə, regionda hasilatla yanaşı emal müəssisələrinin fəaliyyət göstərməsi yeni iqtisadi imkanlar yaradacaq, yerli resursların ölkə daxilində daha yüksək əlavə dəyərə çevrilməsinə şərait formalaşdıracaqdır. Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb: “Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi”. Dövlət Proqramının 2027–2030-cu illərdə icrası regionların sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir. Xüsusilə Daşkəsən və ətraf ərazilərdə sənaye layihələrinin genişləndirilməsi məşğulluq imkanlarının artmasına, xidmət sahələrinin canlanmasına və yeni infrastrukturun formalaşmasına təkan verə bilər. Bu proses işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılmasına, iqtisadi fəallığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Beləliklə, sənaye layihələri yalnız konkret müəssisələrin fəaliyyətini deyil, daha geniş regional iqtisadi ekosistemin formalaşmasını şərtləndirə bilər. Sahənin maliyyə tutumlu olması böyük həcmli investisiyaları zəruri edir. Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi dövlətin bu istiqamətdə əsas investisiya yükünü üzərinə götürdüyünün göstəricisidir. Eyni zamanda, yerli və xarici investorların prosesə qoşulması üçün imkanların açıq saxlanılması əlavə maliyyə və texnoloji imkanların cəlb edilməsinə şərait yarada bilər. Lakin dağ-mədən sənayesinin inkişafında iqtisadi səmərəliliklə ekoloji təhlükəsizliyin paralel təmin olunması əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin çıxışında təbiətin qorunmasına xüsusi diqqət yetirməsi də məhz bu yanaşmanı ifadə edir. Filiz yataqlarının istismarı, daşınması və emalı zamanı ekoloji standartların yüksək səviyyədə qorunması sənayeləşmə prosesinin ayrılmaz hissəsi olmalıdır. Bu baxımdan dövlət şirkəti “AzerGold”un fəaliyyəti ilə yanaşı, prosesə cəlb olunacaq bütün yerli və xarici tərəfdaşların da müəyyən edilmiş ekoloji tələblərə ciddi əməl etməsi vacibdir. Sənaye istehsalının genişləndirilməsi təbii ehtiyatlardan istifadənin artması ilə yanaşı, təbiətin mühafizəsinə dair məsuliyyətin də yüksəlməsini tələb edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafından gözləntilər yalnız yeni iş yerləri və istehsal müəssisələri ilə məhdudlaşmır. İxrac potensialının genişlənməsi, dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması iqtisadi nəticələrin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyini bildirərək layihələrin miqyasına diqqət çəkib. Bu göstərici proqramın ölkə iqtisadiyyatı üçün potensial əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, dünya bazarlarında qiymətli metalların yüksək qiymət dinamikası sahəyə investisiya marağını artıran amillərdən biri kimi çıxış edir. Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edə bilər. Filiz yataqlarının istismarından başlayaraq son məhsula qədər uzanan istehsal zəncirinin qurulması, Qərb Sənaye Parkının imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması, ixracın şaxələndirilməsi və ekoloji standartların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Qarşıdakı dörd il ərzində proqramın ardıcıl icrası dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatının yeni gəlir və istehsal mənbələrindən birinə çevirə bilər. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |