Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Qarşıda duran mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurda yeni və dayanıqlı iqtisadi məkanın formalaşdırılmasıdır”
Adəm İsmayıl Bakuvi: “Qarşıda duran mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurda yeni və dayanıqlı iqtisadi məkanın formalaşdırılmasıdır”Bu gün, 12:56. Yazar: azer |
![]() “Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsas göstəricilərindən biri yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, ölkənin zəngin təbii ehtiyatlarından nə dərəcədə səmərəli və yüksək əlavə dəyər yaradacaq şəkildə istifadə olunmasıdır. Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə bu istiqamətdə qarşıya qoyulan məqsədləri bir daha ortaya qoydu. Növbəti illər üçün əsas vəzifə təkcə filiz hasilatını artırmaqdan ibarət deyil. Başlıca məqsəd əldə olunan xammalın ölkə daxilində emal edilərək daha yüksək iqtisadi dəyərə malik məhsullara çevrilməsidir.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Müsahibimizin sözlərinə görə, bu yanaşmanın əsas məntiqi ondan ibarətdir ki, Azərbaycan malik olduğu təbii sərvətləri yalnız xammal formasında xarici bazarlara çıxarmaqla kifayətlənməməli, həmin resursların iqtisadi potensialını mümkün qədər son məhsula qədər artırmalıdır: “Bunun üçün mədən hasilatı, ilkin və dərin emal, metallurgiya və hazır məhsul istehsalını vahid sistemdə birləşdirən istehsal zəncirinin qurulması nəzərdə tutulur. Belə bir model sənayenin daha da şaxələndirilməsinə, yeni məşğulluq imkanlarının yaranmasına və qeyri-neft sektorunun ixrac potensialının genişlənməsinə mühüm töhfə verə bilər. Müşavirədə qarşıdakı illərdə beş mindən çox daimi iş yerinin yaradılmasının konkret hədəf kimi müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Burada məsələ yalnız yeni iş yerlərinin statistik göstəricilərə təsirindən ibarət deyil. Dağ-mədən və metallurgiya sahəsində fəaliyyət göstərən müəssisələrin ətrafında mühəndislik, nəqliyyat, logistika, texniki xidmət və digər istiqamətləri əhatə edən geniş iqtisadi fəaliyyət formalaşır. Bu proses nəticə etibarilə sənayenin regionların iqtisadi inkişafında rolunu da əhəmiyyətli dərəcədə gücləndirə bilər.” Fikirlərini davam etdirən partiya sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərdə mövcud mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması məsələsi də bu baxımdan xüsusi məna kəsb edir: “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Qarşıda duran mühüm vəzifələrdən biri də həmin ərazilərdə yeni və dayanıqlı iqtisadi məkanın formalaşdırılmasıdır. Təbii ehtiyatlardan qanunvericiliyin və ekoloji normaların tələblərinə uyğun, səmərəli şəkildə istifadə edilməsi həmin bölgələrin sənaye potensialının inkişaf istiqamətlərindən birini təşkil edə bilər. Əslində, qarşıya qoyulan məqsədlər “mədən” anlayışına yanaşmanın da dəyişməsini tələb edir. Mədən yalnız yerin təkindən sərvət çıxarılan mənbə deyil. Düzgün təşkil edildiyi halda, o, emal sənayesinin, müasir texnologiyaların, məşğulluğun və ixracın inkişafına xidmət edən geniş iqtisadi zəncirin başlanğıc nöqtəsinə çevrilə bilər. Azərbaycanın qarşısında dayanan əsas vəzifə də məhz bu zəncirin mümkün qədər çox mərhələsini ölkə daxilində formalaşdırmaqdır. 2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması da bu baxımdan strateji əhəmiyyətə malikdir. Qarşıya qoyulan hədəflərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi nəticəsində dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilə bilər. Bu sahədə əsas göstərici yalnız hasil edilən filizin həcmi ilə ölçülməməlidir. Daha mühüm məsələ həmin xammalın ölkə daxilində emalı nəticəsində nə qədər əlavə iqtisadi dəyərin yaradılmasıdır. Azərbaycanın sənaye siyasətində formalaşan yeni istiqamət getdikcə daha aydın xarakter alır: yerin altındakı sərvətlərin çıxarılması özü-özlüyündə son məqsəd deyil, onları davamlı iqtisadi gücə çevirmək əsas hədəfdir. Bu baxımdan dağ-mədən sənayesindən başlayan istehsal zənciri emal müəssisələrinə, oradan isə daxili və xarici bazarlara çıxarılan rəqabətqabiliyyətli məhsullara qədər uzanmalıdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |