Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Yeni Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradır”

Azər Kərimli: “Yeni Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradır”


Bu gün, 10:38. Yazar: azer
Azər Kərimli: “Yeni Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesi yeni məzmunla zənginləşir. Bu ərazilərin təbii sərvətlərinin iqtisadi dövriyyəyə qaytarılması qarşıdakı illərdə regional inkişafın mühüm istiqamətlərindən birinə çevriləcək. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradır. Uzun illər işğal altında qalan ərazilərimizdə təbii ehtiyatlardan Azərbaycan xalqının mənafeyinə uyğun istifadə etmək mümkün olmayıb. Əksinə, işğal dövründə həmin ərazilərin sərvətlərinin talan edilməsi, meşə fondunun məhv olunması və təbii resursların qanunsuz istismarı ciddi ekoloji və iqtisadi fəsadlar yaradıb. Prezident İlham Əliyev çıxışında qızıl, mis və molibden yataqlarının da işğal dövründə talandığını bildirib. Lakin bu gün artıq vəziyyət tamamilə fərqlidir.”

Bu sözləri Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib.


Millət vəkili bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin bütün sahələri üçün yeni mərhələ başlayıb: “Dağ-mədən sənayesinin inkişafı da həmin prosesin tərkib hissəsidir. Dövlət Proqramında ilk növbədə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara verilməsi nəzərdə tutulur. Ağdərədə artıq işlərin başlanması bu istiqamətdə real fəaliyyətin həyata keçirildiyini göstərir. Lakin məqsəd yalnız mövcud yataqları istismar etməkdən ibarət deyil. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, həmin yataqların ehtiyatları müasir geoloji üsullarla yenidən dəqiqləşdirilməlidir. Sovet dövründən qalan məlumatların köhnəlməsi və texnologiyaların yenilənməsi yeni qiymətləndirmələrin aparılmasını zəruri edir. Müasir imkanlar Qarabağın mineral resurs potensialının daha dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək. Digər mühüm istiqamət yeni yataqların axtarılmasıdır. Bölgənin resurs potensialının tam müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri də aparılacaq. Yeni ehtiyatların aşkar olunması həm istehsal imkanlarını artıracaq, həm də həmin ərazilərdə yeni sənaye layihələrinin yaranmasına zəmin yaradacaq. Burada dövlət və özəl sektorun imkanlarının bir araya gətirilməsi də diqqət çəkir. Dövlət xətti ilə “AzerGold” vasitəsilə işlərin aparılması ilə yanaşı, özəl sektorun, o cümlədən xarici investorların iştirakı üçün imkanlar açıq saxlanılır. Bu yanaşma maliyyə və texnologiya imkanlarını genişləndirir. Qarabağ və Şərqi Zəngəzur üçün layihələrin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə ölçülmür. Yeni istehsal müəssisələri məşğulluğun artmasına, əhalinin öz doğma yurdlarına qayıdışının sürətlənməsinə və regionlarda sosial-iqtisadi fəallığın genişlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, proqramın nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərin inkişafının daha sürətli xarakter alması olacaq. Beləliklə, vaxtilə talan edilən mineral sərvətlər indi Azərbaycanın milli iqtisadi inkişafına xidmət edəcək. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə onların təbii potensialının müasir sənaye siyasətinə inteqrasiyası paralel şəkildə həyata keçirilir ki, bu da Qarabağın gələcək sənaye inkişafı üçün mühüm zəmin yaradır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön