Ana Sayfa > Siyasət > Ortaq dəyərlərə söykənən həmrəylik Türk dünyasının təhlükəsizliyinə və qlobal gücə çevrilməsinə xidmət edir
Ortaq dəyərlərə söykənən həmrəylik Türk dünyasının təhlükəsizliyinə və qlobal gücə çevrilməsinə xidmət edirBu gün, 15:47. Yazar: azer |
![]() Sürətlə dəyişən dünya nizamı, siyasi, iqtisadi, dini və etnik zəmində müşahidə olunan qarşıdurmalar şəraitində türk dövlətləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi strateji zərurət kimi özünü göstərir. Çünki bu cür qlobal çağırışlar fonunda dövlətlərarası birliyi təmin edən başlıca elementlərdən biri həm də tarixi köklərə söykənməkdir. Təsadüfi deyil ki, türk xalqlarını bir-birinə bağlayan ortaq soy kökü, mədəni və mənəvi dəyərlər bu gün onların dövlətlərinin birlik və inkişaf modelinin əsasını təşkil edir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yalnız siyasi-iqtisadi müstəvidə deyil, həm də milli-mənəvi, ideoloji və təhlükəsizlik dayaqları üzərində dərinləşdirilməsi Türk dünyasının birliyini daha da sarsılmaz hala gətirir. Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündəki çıxışında müasir təhlükəsizlik strategiyasına kompleks baxış ortaya qoydu. Təhlükəsizlik anlayışının yalnız fiziki və ya hərbi təhdidlərlə məhdudlaşmadığını bildirən Prezident İlham Əliyev ideoloji təhdidlərin mahiyyətinə diqqət çəkərək vurğulayıb: “Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır”. Prezident İlham Əliyev xarici mərkəzlərdən maliyyələşən şəbəkələr üzərindən həyata keçirilən təxribatların əsl məqsədini də açıqlayıb: “Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib”. Bu dəqiq yanaşma göstərir ki, müasir dövrdə dövlət suverenliyinin qorunması təkcə sərhədlərin toxunulmazlığı ilə bitmir, həm də daxili sabitliyin və ideoloji təhlükəsizliyin təmin olunmasını tələb edir. Xüsusilə informasiya müharibələrinin kəskinləşdiyi bir şəraitdə xaricdən idarə olunan şəbəkələrin neqativ təsirini neytrallaşdırmaq üçün türk dövlətlərinin koordinasiyalı fəaliyyəti zəruri amilə çevrilir. Beləliklə, təxribatlara qarşı birgə mübarizə cəmiyyətlərin milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, bütövlükdə Türk dünyasında dayanıqlı sülhün və təhlükəsizliyin ən etibarlı zəmanəti olur. Bununla yanaşı, TDT-nin qarşısında duran prioritet vəzifələrdən biri daxili və xarici təhlükəsizliyin tam təmin olunmasıdır. TDT çərçivəsində terrorçuluğa, kibercinayətkarlığa və xarici ideoloji təxribatlara qarşı operativ məlumat mübadiləsi və koordinasiyalı mübarizə regional risklərin neytrallaşdırılmasına xidmət edir. Dövlətlər arasında iqtisadi maraqlar zamanla dəyişə, beynəlxalq vəziyyət yeni çağırışlar diktə edə bilər. Belə məqamda ortaq mənəvi təməllər dövlətləri və xalqları birləşdirən ən mühüm faktordur. Azərbaycan dövləti türk dövlətləri ilə bağlı siyasətində bu amilə xüsusi diqqət yetirir. Azərbaycan dövlətinin son onilliklərdə ərsəyə gətirdiyi neft və qaz kəmərləri, nəqliyyat dəhlizləri həm də türk dövlətlərini bir-birinə daha yaxın edib. Bir neçə gün əvvəl Bakıda TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının toplantısının, ardınca TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci iclasının təşkil olunması Azərbaycanın bu Türk dünyası coğrafiyasında birləşdirici qüvvə olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bu cür birgə təşəbbüslərin əhəmiyyətinə toxunaraq vurğulayıb: “Məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”. Azərbaycanın təşəbbüsü ilə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşləri də təşkilatın fəaliyyətinə xüsusi dinamika qazandırıb. Əsası 2009-cu ildə Naxçıvanda qoyulan TDT ötən dövr ərzində böyük inkişaf yolu keçərək regional və qlobal hadisələrin əsas subyektlərindən birinə çevrilib. Dünyada ümumi etnik köklərə və mənəvi birliyə söykənən bu tipli beynəlxalq qurumların sayının az olması TDT-nin unikallığını göstərir. Prezident İlham Əliyev bu birliyin mahiyyətini və xarici siyasətimizdəki yerini vurğulayaraq bəyan edib: “Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”. Bu gün türk dövlətlərinin yerləşdiyi məkan Asiya ilə Avropanı birləşdirən mühüm geoiqtisadi platformadır. Tarixi İpək Yolunun bərpası ilə qoyulan təməl bu Şərq-Qərb nəqliyyat marşrutları və enerji dəhlizləri ilə yeni mərhələyə qədəm qoyub. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar bölgədə nəqliyyat-tranzit imkanlarını genişləndirərək ölkəmizi Avropadan Çinə, Rusiyadan Hind okeanına qədər uzanan aparıcı logistika qovşağına çevirib. Prezident İlham Əliyev ölkəmizin mövqeyini dəyərləndirərkən xüsusi olaraq qeyd edib: “Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”. Türk Dövlətləri Təşkilatı strategiyasının digər önəmli istiqaməti yeni nəslin tərbiyəsi ilə bağlıdır. Xüsusilə yad ideoloji təsirlərə və manipulyasiyalara daha həssas olan gənclərin milli şüur, vətənpərvərlik hissi və mənəvi dəyərlərə sədaqət ruhunda formalaşması hər zaman qarşıda duran mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyev bu vacib məsələyə də diqqət çəkib. Prezident İlham Əliyevin bildirdiyi kimi, TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Şərqlə Qərbin qovşağında həlledici rol oynayan Azərbaycanın fəal təşəbbüsləri türk dövlətlərinin birliyini daha da gücləndirir. Təhlükəsizlik strategiyalarının uzlaşdırılması, ideoloji təxribatlara qarşı birgə mübarizə və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi Türk dünyasının tarixi həmrəyliyini sarsılmaz edir. Bu həmrəylik türk dünyasının qlobal geosiyasi məkanda güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan Türk dünyasının təhlükəsizliyini və davamlı inkişafını bir-birindən ayrı məsələlər kimi deyil, vahid strateji konsepsiyanın tərkib hissələri kimi nəzərdən keçirir. Ortaq milli-mənəvi dəyərlər, enerji və nəqliyyat-logistika sferalarında əməkdaşlıq, təhlükəsizlik sahəsində koordinasiya kimi məsələlər isə bu konsepsiyanın əsas sütunlarını təşkil edir. Xanlar Fətiyev, Milli Məclisin deputatı Geri dön |