Ana Sayfa > Ölkə > Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaqBu gün, 14:39. Yazar: Subhan |
![]() Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq. aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib. "Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. "AzerGold" şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl - zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar", - deyə Prezident İlham Əliyev qeyd edib. Dövlət başçısı əlavə edib ki, növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağıdır: "Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, "AzerGold" şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, "AzerGold" bu yatağın 100 % səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər". aia.az Geri dön |