Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: Bakı dini liderlər arasında dialoqun mühüm platformasına çevrilib

Göydəniz Qəhrəmanov: Bakı dini liderlər arasında dialoqun mühüm platformasına çevrilib


Dünən, 23:32. Yazar: azer
Göydəniz Qəhrəmanov: Bakı dini liderlər arasında dialoqun mühüm platformasına çevrilib

“Müasir dünyada müxtəlif siyasi, iqtisadi və geosiyasi proseslərin təsiri ilə cəmiyyətlər və dövlətlər arasında yeni münasibət modelləri formalaşır. Belə bir şəraitdə dini liderlərin üzərinə düşən missiya yalnız dini məsələlərlə məhdudlaşmır. Onların sülhə, qarşılıqlı hörmətə, həmrəyliyə və əməkdaşlığa çağırışları cəmiyyətlərin mənəvi istiqamətinə ciddi təsir göstərə bilər. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi də məhz bu baxımdan mühüm hadisədir. Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi bəyanatlarla ifadə olunan anlayış kimi qəbul etmir. Bu həmrəyliyin real məzmun qazanması üçün əməli addımların atılması vacib sayılır. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə keçirilən tədbirlər, müxtəlif müsəlman ölkələrindən nümayəndələrin Bakıda bir araya gətirilməsi bu yanaşmanın praktik nümunələridir.”

Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun aia.az-a açıqlamasında yer alıb.

Deputat bu siyasətin yaddaqalan nümunələrindən biri kimi 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının önəmini qeyd edib: “İdman yarışlarının çərçivəsini aşaraq müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən bu tədbir qarşılıqlı ünsiyyət və dostluq üçün geniş imkan yaratdı. Prezident İlham Əliyevin həmin Oyunları birlik bayramı kimi qiymətləndirməsi də Azərbaycanın belə tədbirlərə verdiyi mənəvi-siyasi məzmunu ortaya qoyurdu. Bu xəttin davamı kimi gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Rəsmi məlumata görə, Azərbaycan 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, eləcə də İƏT-in digər mühüm tədbirlərinə ev sahibliyi edəcək. Dünyanın müxtəlif bölgələrində qarşıdurmaların davam etdiyi bir vaxtda müsəlman ölkələrinin belə bir platformada bir araya gəlməsi ortaq məsələlərin müzakirəsi baxımından əhəmiyyətli imkan yaradır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlərdə dialoq və əməkdaşlıq platformalarının formalaşmasına verdiyi önəmin növbəti ifadəsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın təmsil olunduğu təşkilatlarda birləşdirici və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış etdiyini vurğulayıb. Bu yanaşma İslam dünyasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün qarşılıqlı anlaşmanın və müştərək səylərin vacibliyini ön plana çıxarır. Burada dini liderlərin rolu ayrıca qeyd edilməlidir. Müsəlman icmalarında onların sözünə verilən dəyər böyükdür. Buna görə də dini rəhbərlərin sülh, əmin-amanlıq, barışıq və əməkdaşlıq istiqamətində vahid mövqedən çıxış etməsi cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər. Bakıda keçirilən toplantı bu baxımdan sadəcə növbəti görüş deyil, ortaq mənəvi məsuliyyətin müzakirə olunduğu platformadır.”
Fikirlərini davam etdirən parlament üzvü Prezident İlham Əliyevin türk dövlətlərinin müsəlman dini liderlərinin görüşlərinin ənənəvi xarakter alması barədə təşəbbüsünün xüsusi diqqət çəkdiyini vurğulayıb: “Belə toplantıların mütəmadi keçirilməsi fikir mübadiləsinin epizodik xarakterdən çıxaraq davamlı əməkdaşlıq mexanizminə çevrilməsinə imkan verə bilər. Bu isə dini liderlər arasında əlaqələrin möhkəmlənməsi ilə yanaşı, müxtəlif müsəlman icmaları arasında anlaşmanın genişlənməsinə də zəmin yaradar. Əslində, Bakının son illərdə müxtəlif beynəlxalq dini və humanitar tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bu istiqamətdə formalaşdırdığı fəal siyasətin göstəricisidir. Burada əsas məqsəd fərqli mövqeləri bir araya gətirmək, ortaq dəyərləri ön plana çıxarmaq və dialoq üçün etibarlı mühit yaratmaqdır. Beləliklə, Bakıda keçirilən dini liderlər toplantısının əhəmiyyəti yalnız onun iştirakçı coğrafiyasının genişliyi ilə ölçülmür. Əsas məsələ həmrəyliyin konkret əməkdaşlıq imkanlarına çevrilməsidir. Qarşıdakı dövrdə bu xəttin 2027-ci ildə keçiriləcək İƏT Zirvə Görüşü ilə daha geniş məzmun qazanması gözlənilir. Azərbaycanın təşəbbüsləri isə göstərir ki, ölkəmiz İslam dünyasında birlik ideyasını sözlə deyil, ardıcıl tədbirlər və praktiki platformalar vasitəsilə möhkəmləndirməyə çalışır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Geri dön