Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan onlayn brifinqdə çıxış edib
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan onlayn brifinqdə çıxış edibBu gün, 19:20. Yazar: azer |
![]() Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxış edib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Çıxışda spiker Sahibə Qafarova bildirib ki, süni intellekt və təhsil məsələsi yalnız texnologiya ilə bağlı deyil, eyni zamanda uşaqların gələcəyi və onlara təqdim ediləcək təhsilin keyfiyyəti ilə əlaqəlidir. Onun sözlərinə görə, texnologiya təhsili gücləndirə bilər, lakin müəllimləri və insan münasibətlərini əvəz edə bilməz. Qeyd olunun ki, süni intellekt təlim prosesini hər bir uşağın ehtiyaclarına uyğunlaşdıra, əlilliyi olan uşaqların təhsil imkanlarını genişləndirə və uzaq icmalara keyfiyyətli təhsil resurslarının çatdırılmasına kömək edə bilər. Süni intellektin müəllimlərə şagirdlərin təlimindəki boşluqları müəyyənləşdirməkdə dəstək göstərə bilər. Milli Məclisin sədri vurğulayıb ki, süni intellektin yaratdığı imkanlar avtomatik olaraq hamı üçün əlçatan olmur. Ona çıxış imkanlarının ailənin gəlirindən və yaşayış yerindən asılı olması bərabərsizlikləri daha da dərinləşdirə bilər. Ona görə də, parlamentin sədri bu sahədə məxfilik, alqoritmik qərəz, zərərli məzmun və insan məsuliyyətinin qeyri-müəyyənliyi ilə bağlı risklərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Spiker Sahibə Qafarova deyib ki, uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas istiqamətləndirici prinsipi olmalıdır. O qeyd edib ki, süni intellekt müəllimlərə kömək etməli, onların peşəkar mühakiməsini əvəz etməməli, uşaqları isə sadəcə məlumat toplusuna çevirməməlidir. O, parlamentlərin bu sahədə mühüm rol oynadığını diqqətə çatdırıb. Parlamentin sədri Sahibə Qafarova PAİ-nin parlamentlərə qanunvericilik təcrübəsi mübadiləsi aparmağa, paraktiki tövsiyələr hazırlamağa, nəzarəti gücləndirməyə və təhsil işçiləri, texnologiya şirkətləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və uşaqlarla dialoqun təşviqinə kömək edə biləcəyini söyləyib. Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, süni intellekt artıq sinif otaqlarına daxil olur və əsas məsələ bu texnologiyadan istifadə edib-etməmək deyil, onun necə ədalətli və uşaqların maraqlarına uyğun şəkildə tətbiq olunmasıdır. Əsas məqsəd süni intellektdən təhsili daha inklüziv, əlçatan və keyfiyyətli etmək üçün istifadə olunması, eyni zamanda təhsilin insan mərkəzli xarakterinin qorunmasıdır. O qeyd edib ki, heç bir uşaq coğrafi mövqeyinə, ailəsinin gəlirinə, əlilliyinə və ya rəqəmsal imkanlarının məhdudluğuna görə geridə qalmamalıdır. Geri dön |