Ana Sayfa > Özəl > Paşinyandan Moskva səfəri öncəsi açıq mesaj: “Rusiya ilə əvvəlki münasibətlərə qayıdış olmayacaq”

Paşinyandan Moskva səfəri öncəsi açıq mesaj: “Rusiya ilə əvvəlki münasibətlərə qayıdış olmayacaq”


Bu gün, 20:48. Yazar: vasif
Paşinyandan Moskva səfəri öncəsi açıq mesaj: “Rusiya ilə əvvəlki münasibətlərə qayıdış olmayacaq”




Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin əvvəlki modelə qayıtmayacağını bəyan edib. Onun sözlərinə görə, bu dəyişiklik konkret şəxslərdən və siyasi qüvvələrdən asılı deyil və gələcəkdə Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq münasibətlər əvvəlki formada davam etməyəcək.

Paşinyan bunu regiondakı münaqişə və təhlükəsizlik mühitinin dəyişməsi ilə əlaqələndirib. Baş nazir bildirib ki, köhnə münasibət modelinin bərpası Ermənistanın yenidən münaqişəyə cəlb olunmasını tələb edərdi. Onun fikrincə, ölkədə sülh şəraiti qorunduqca Moskva ilə münasibətlərin əvvəlki formatda olması mümkün deyil.

Ermənistan lideri ölkənin dəmir yollarının Rusiya konsessiyasında olmasını da problemli məsələlərdən biri kimi göstərib. Paşinyan Qərb-Rusiya qarşıdurmasının regional nəqliyyat layihələrinə təsir etdiyini və Ermənistanın bəzi beynəlxalq yük marşrutlarından kənarda qalmaq riski ilə üzləşə biləcəyini söyləyib.

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov hesab edir ki, bu açıqlamalar Paşinyanın Moskva səfəri ərəfəsində siyasi mesaj xarakteri daşıyır. Ekspertin qənaətinə görə, Ermənistan hökuməti bununla Rusiyaya Qərblə yaxınlaşma kursundan geri çəkilmək niyyətində olmadığını göstərməyə çalışır.

Səmədov eyni zamanda Rusiya ilə münasibətlərin kəskinləşməsinin Ermənistan üçün iqtisadi və siyasi risklər yarada biləcəyini düşünür. Onun sözlərinə görə, dəmir yollarının idarə olunması məsələsi də gələcək Moskva-İrəvan danışıqlarında mübahisəli mövzulardan birinə çevrilə bilər.

Paşinyanın son açıqlaması Ermənistan-Rusiya münasibətlərində baş verən dəyişikliklərin müvəqqəti deyil, daha uzunmüddətli xarakter daşıdığı barədə İrəvanın siyasi mesajı kimi görünür. Bunun Moskva ilə konkret razılaşmalara və Ermənistanın regional siyasətinə necə təsir edəcəyi isə qarşıdakı danışıqlardan sonra daha aydın olacaq.
Geri dön