Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik

Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik


Bu gün, 12:31. Yazar: azer
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik

Prezident İlham Əliyev sentyabr ayının 17-də  Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul etdi. Cənab İlham Əliyev çıxışında 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının   böyük inkişaf yolu keçdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Belə ki, bu müddətdə mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın bütün türk dövlətləri ilə münasibətləri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Ölkəmizin “Biz bilikdə güclüyük!” çağırışı bütün dövrlərdə  Türk dünyasının birliyinin vacibliyini özündə ehtiva edir. Hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin  fonunda digər dövlətlərə də belə  birliyin yaradılmasına çağırışlar edilir. Azərbaycan türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Prezident İlham Əliyev çıxışında “Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür” söyləyərək onu da bildirdi ki, gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir. Ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür.  Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük.

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. “Biz çox geniş coğrafi məkanda yerləşirik” deyən cənab İlham Əliyev vurğuladı ki, ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər: “Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.

Türk dövlətləri  böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycana gəldikdə  biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön