Ana Sayfa > Manşet / Siyasət > Ortaq dəyərlər və qarşılıqlı maraqlar: türk dövlətlərinin strateji tərəfdaşlığının yeni mərhələsi
Ortaq dəyərlər və qarşılıqlı maraqlar: türk dövlətlərinin strateji tərəfdaşlığının yeni mərhələsiBu gün, 12:29. Yazar: azer |
![]() Türk Dövlətləri Təşkilatının (TDT) keçdiyi inkişaf yolu onun regional əməkdaşlıq platformasından beynəlxalq gündəlikdə mühüm rol oynayan təşkilata çevrildiyini nümayiş etdirir. Siyasi-iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin genişlənməsi türk dövlətləri arasında münasibətlərin strateji xarakter almasına şərait yaradıb. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən vurğuladığı fikirlər də təşkilatın qarşısında duran əsas istiqamətləri əhatə edib. Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin V toplantısının keçirilməsi təhlükəsizlik sahəsində əməkdaşlığın aktuallığının göstəricisidir. Müasir dövrdə təhlükəsizlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji və nəqliyyat marşrutlarının etibarlılığı, kritik infrastrukturun qorunması, terrorçuluq, transmilli cinayətkarlıq, dini ekstremizm və digər təhdidlər dövlətlər arasında koordinasiyanı zəruri edir. Bu baxımdan təhlükəsizlik strukturları arasında operativ məlumat mübadiləsinin genişləndirilməsi, təcrübə paylaşımı və mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. TDT ölkələrinin yerləşdiyi geniş coğrafiya Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa arasında mühüm əlaqələndirici imkanlar yaradır. Xəzər üzərindən tranzit imkanlarının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və enerji resurslarının beynəlxalq bazarlara etibarlı çıxışının təmin edilməsi türk dövlətləri arasında əməkdaşlığa strateji məzmun qazandırır. Bu sistemdə Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsi ilə Cənubi Qafqazı, Mərkəzi Asiya ilə Türkiyəni birləşdirən marşrutların üzərində yerləşən ölkəmiz enerji resurslarının və yüklərin beynəlxalq bazarlara çatdırılmasında mühüm rol oynayır. Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişlənməsi Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsinə, TDT daxilində ticarət və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Təşkilatın güclənməsində üzv dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsi də mühüm amildir. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik xarakterli sənədlər imzalayıb, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu əməkdaşlıq siyasi münasibətləri iqtisadi layihələrlə tamamlayır, qarşılıqlı investisiyaların və yeni təşəbbüslərin genişlənməsinə imkan verir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” ifadəsi TDT ölkələri arasındakı münasibətlərin mahiyyətini ifadə edir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər türk dövlətləri arasında əlaqələrin mühüm sosial dayaqlarıdır. Milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında yetişdirilməsi də türk dünyasının gələcək həmrəyliyi baxımından əhəmiyyətlidir. TDT məkanında sabitlik və təhlükəsizlik iqtisadi əməkdaşlığın genişlənməsi üçün də mühüm şərtdir. Siyasi sabitlik investisiyaların cəlb olunmasına, yeni istehsal və infrastruktur layihələrinin həyata keçirilməsinə, texnologiya və innovasiyaların tətbiqinə əlverişli mühit yaradır. Təhlükəsiz və proqnozlaşdırılan iqtisadi mühit dövlətlər arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiyaların genişlənməsinə və birgə layihələrin sayının çoxalmasına imkan verir. Bununla yanaşı, TDT üzv ölkələrinin zəngin təbii ehtiyatları, enerji potensialı, əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, geniş bazarları və gənc əhalisi təşkilat daxilində iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün mühüm resurslar yaradır. Bu potensialın qarşılıqlı fayda prinsipi əsasında səfərbər edilməsi həm üzv dövlətlərin iqtisadi imkanlarının genişlənməsinə, həm də TDT məkanında vahid əməkdaşlıq mühitinin daha da möhkəmlənməsinə şərait yarada bilər. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir: “Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir”. Dünyada davam edən müharibələr və artan təhlükəsizlik riskləri TDT ölkələri arasında koordinasiyanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təhlükəsizlik strukturları arasında operativ məlumat mübadiləsi, təcrübə paylaşımı, birgə fəaliyyət və mümkün təhdidlərin qarşısının alınması istiqamətində əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi də dövlət başçıları arasında siyasi dialoqun intensivləşməsinə şərait yaradır. Beləliklə, Prezident İlham Əliyevin çıxışı TDT-nin əsas fəaliyyət istiqamətlərini - təhlükəsizliyin möhkəmləndirilməsi, enerji və nəqliyyat bağlantılarının qorunması, iqtisadi əlaqələrin genişləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və siyasi həmrəyliyin gücləndirilməsi amillərini vahid məntiqdə birləşdirir. Türk dövlətlərinin coğrafi, iqtisadi və demoqrafik potensialı təşkilatın beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün geniş imkanlar yaradır. Bu imkanların qarşılıqlı etimad və koordinasiya əsasında reallaşdırılması türk dünyası daxilində strateji əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |