Ana Sayfa > Manşet / Siyasət > Türk Dövlətləri Təşkilatı: regional tərəfdaşlıqdan qlobal güc mərkəzinə
Türk Dövlətləri Təşkilatı: regional tərəfdaşlıqdan qlobal güc mərkəzinəBu gün, 12:26. Yazar: azer |
![]() “Türk dünyası bizim ailəmizdir”. Prezident İlham Əliyevin bu ifadəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasındakı münasibətlərin mahiyyətini ifadə edən konkret yanaşmadır. Burada söhbət yalnız siyasi və iqtisadi maraqların üst-üstə düşməsindən getmir. Tarixi bağlılıq, ortaq mədəni irs, dil yaxınlığı, mənəvi dəyərlər və ümumi etnik köklər türk dövlətləri arasında əməkdaşlığın daha möhkəm sosial əsaslara söykənməsinə imkan verir. Məhz bu amillər TDT-ni digər beynəlxalq əməkdaşlıq formatlarından fərqləndirən mühüm xüsusiyyətlərdən biri kimi çıxış edir. Azərbaycanın TDT-yə üzv dövlətlərlə münasibətləri bu yanaşmanın praktiki ifadəsidir. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət başçıları arasında siyasi dialoqun genişlənməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalaması münasibətlərin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirib. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə siyasi həmrəyliyin iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir. Bu əlaqələr TDT daxilində çoxtərəfli əməkdaşlığın daha möhkəm bünövrəyə söykənməsinə şərait yaradır. TDT-nin üstünlüklərindən biri də təşkilata üzv dövlətləri birləşdirən mənəvi və mədəni yaxınlıqdır. Ümumi tarix, dil və mədəniyyət xalqlar arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, ictimai müstəvidə də möhkəmlənməsinə imkan verir. Bu yaxınlıq qarşılıqlı etimadın formalaşmasına, humanitar əlaqələrin genişlənməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edir. Müasir dünyada milli kimlik və mədəni irsin qorunması məsələsinin aktuallığı artdığı bir vaxtda TDT çərçivəsində gənclər siyasəti, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə gənc nəslin milli və mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi mühüm məsələdir. TDT ölkələrinin gələcək potensialı yalnız iqtisadi göstəricilər və resurslarla deyil, həm də insan kapitalı ilə ölçülür. Gənclərin vətənpərvərlik, milli özünüdərk və dövlətçilik prinsipləri əsasında tərbiyəsi ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Bu səbəbdən gənclər arasında mübadilə proqramlarının, təhsil və mədəni layihələrin genişləndirilməsi türk dünyasında sosial bağların daha da möhkəmlənməsinə xidmət edə bilər. TDT məkanının digər mühüm üstünlüyü sabitlik və təhlükəsizliklə bağlıdır. Prezident İlham Əliyevin diqqət çəkdiyi kimi, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda siyasi və iqtisadi sabitlik ölkələrin inkişafı üçün əsas şərtlərdən biridir. Təhlükəsiz mühit olmadan investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin həyata keçirilməsi çətinləşir. TDT ölkələrinin bir sıra regionlarla müqayisədə sabit siyasi və iqtisadi mühitə malik olması onların qarşılıqlı əməkdaşlığı üçün əlavə imkanlar yaradır. Bu sabitlik iqtisadi göstəricilərdə də özünü göstərir. TDT məkanında sənaye istehsalının artımı, iqtisadi fəallıq, maliyyə sistemlərinin sabitliyi və müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi təşkilatın iqtisadi potensialını artırır. Üzv dövlətlərin enerji resursları, təbii ehtiyatları, nəqliyyat imkanları, geniş istehlak bazarları və insan kapitalı bir-birini tamamlayan üstünlüklərdir. Bu imkanların əlaqələndirilməsi qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və birgə istehsal layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Təhlükəsizlik məsələsi isə Türk Dövlətləri Təşkilatının gündəliyində xüsusi yer tutur. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, münaqişələrin coğrafiyasının genişlənməsi və yeni təhdidlərin meydana çıxması regional təhlükəsizliyə diqqətin artırılmasını tələb edir. Ölkələrin ərazilərində ictimai asayişin və sabitliyin qorunması müsbət amil olsa da, mövcud vəziyyətə arxayınlaşmaq mümkün deyil. Bu baxımdan dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında koordinasiyanın gücləndirilməsi, operativ məlumat mübadiləsi, təcrübə paylaşımı və mümkün təhdidlərin qabaqcadan müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının vurğuladığı kimi, TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür: “Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir”. Məhz bu reallıq TDT daxilində təhlükəsizlik əməkdaşlığının institusional əsaslarının daha da möhkəmləndirilməsini zəruri edir. Təhlükəsizlik Şuraları katiblərinin toplantıları bu baxımdan mühüm platforma rolunu oynayır. Belə görüşlər təhlükələrin müzakirəsi ilə yanaşı, onların qarşısının alınması, profilaktik tədbirlərin əlaqələndirilməsi və təhlükəsizlik qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün imkan yaradır. Müasir təhlükəsizlik anlayışının hərbi məsələlərlə məhdudlaşmadığı nəzərə alınarsa, bu əməkdaşlığın terrorçuluq, transmilli cinayətkarlıq, informasiya təhlükəsizliyi və digər riskləri də əhatə etməsi xüsusi əhəmiyyət daşıyır. TDT-nin siyasi potensialının artırılması baxımından qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də diqqətəlayiqdir. Azərbaycanın təşəbbüsü ilə belə görüşlərin keçirilməsi dövlət başçıları arasında daha çevik və intensiv siyasi dialoq üçün əlavə imkan yaradıb. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi və sonrakı toplantıların digər üzv dövlətlərdə davam etdirilməsi təşkilat daxilində məsləhətləşmələrin genişləndirilməsinə xidmət edir. Dövlət başçılarının daha sıx təmasları ümumi maraqların müəyyənləşdirilməsi, ortaq planların müzakirəsi və yaranan məsələlər üzrə çevik mövqe mübadiləsi baxımından əhəmiyyətlidir. Nəticə etibarilə, bütün bu reallıqlar yanaşması əməkdaşlığın yalnız dövlətlərarası münasibətlərdən ibarət olmadığını, xalqları birləşdirən tarixi və mənəvi əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. TDT qarşısında duran əsas məsələ məhz bu potensialı ortaq məqsədlər və koordinasiyalı fəaliyyət əsasında daha səmərəli şəkildə reallaşdırmaqdır. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |