Ana Sayfa > Manşet / Siyasət > Türk Dövlətləri Təşkilatı sülh, sabitlik və tərəqqini təşviq edir
Türk Dövlətləri Təşkilatı sülh, sabitlik və tərəqqini təşviq edirBu gün, 12:17. Yazar: azer |
![]() Türk dövlətləri arasında münasibətlər siyasi və iqtisadi əlaqələrin genişlənməsi, eyni zamanda təhlükəsizlik, enerji, nəqliyyat, demoqrafiya və beynəlxalq hüquq kimi strateji məsələlər üzrə ortaq yanaşmaların formalaşmasını əhatə edir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə qeyd etdiyi fikirlər təşkilatın qarşısında duran əsas vəzifələri məhz bu geniş kontekstdə təqdim edir. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətləri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. İki ölkə arasında tarixi, mədəni, siyasi, iqtisadi və humanitar bağlarla yanaşı, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində də sıx əməkdaşlıq mövcuddur. Bu amillərin bir-birini tamamlaması Türkiyə ilə Azərbaycanın regional proseslərdə əlaqələndirilmiş mövqedən çıxış etməsinə imkan verir. İki ölkənin birgə fəaliyyəti yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, bütövlükdə regionda sabitlik və təhlükəsizliyin gücləndirilməsinə təsir göstərən amil kimi çıxış edir. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Sənəd Türkiyə-Azərbaycan əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsini rəsmiləşdirərək təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyət üçün yeni çərçivə formalaşdırıb. Sonrakı dövrdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsi müttəfiqliyin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, praktiki məzmun qazandığını nümayiş etdirir. Bu münasibətlər, eyni zamanda TDT daxilində əməkdaşlığın daha sıx qurulmasına təsir edən mühüm amillərdən biridir. Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn üstünlüyü məsələsinə də toxunub. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn əsas prinsipləri təhlükəsizliyin mühüm dayaqlarındandır. Lakin beynəlxalq hüquq normalarının müxtəlif hallarda pozulması və güc amilinin ön plana çıxması dövlətlər arasında etimad mühitinə mənfi təsir göstərir. Belə şəraitdə TDT üzv dövlətlərinin beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq mövqe nümayiş etdirməsi və bu prinsiplərin beynəlxalq münasibətlərdə əsas norma kimi qorunmasına töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. TDT ölkələrinin demoqrafik potensialı da təşkilatın gələcək imkanlarını müəyyən edən mühüm amillərdəndir. Üzv dövlətlərin əhalisinin nisbətən gənc olması əmək bazarının genişlənməsi, insan kapitalının formalaşması və iqtisadi fəallığın artması üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, demoqrafik artımın davamlı iqtisadi imkanlarla dəstəklənməsi vacibdir. Yeni iş yerlərinin yaradılması, sosial infrastrukturun genişləndirilməsi, təhsil və səhiyyə imkanlarının artırılması gənc əhalinin potensialının səmərəli istifadəsinə şərait yaradır. Bu baxımdan TDT ölkələrinin iqtisadi artım və sosial rifah istiqamətində həyata keçirdiyi siyasət demoqrafik üstünlüyün uzunmüddətli resursa çevrilməsində mühüm rol oynayır. Regional təhlükəsizlik məsələsi isə TDT-nin gündəliyində xüsusi yer tutur. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, münaqişələrin coğrafiyasının genişlənməsi və yeni təhlükəsizlik risklərinin meydana çıxması türk dövlətlərinin də təhlükəsizlik sahəsində koordinasiyasını zəruri edir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe bu məsələnin əhəmiyyətini daha aydın nümayiş etdirir. Belə bir şəraitdə təhlükəsizlik strukturları arasında operativ məlumat mübadiləsinin gücləndirilməsi, mümkün təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınması üzrə əlaqələndirilmiş fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik sahəsində əməkdaşlığın məqsədi yalnız mövcud risklərə cavab vermək deyil, potensial təhdidlərin profilaktikasını da əhatə etməlidir. Bu yanaşma TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsini gündəmə gətirir. Təhlükəsizlik üzrə məsul qurumların mütəmadi təmasları, məlumat və təcrübə mübadiləsi, birgə fəaliyyət mexanizmləri və qarşılıqlı koordinasiya regional risklərin idarə olunmasında mühüm vasitələrə çevrilə bilər. Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin V toplantısının keçirilməsi də məhz bu istiqamətdə əməkdaşlığın aktuallığını nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir: “Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır”. TDT-nin siyasi potensialının gücləndirilməsi baxımından qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də diqqətəlayiqdir. Azərbaycanın təşəbbüsü ilə bu formatın yaradılması dövlət başçılarının ildə bir dəfə keçirilən rəsmi Zirvə toplantısı ilə kifayətlənmədən daha sıx siyasi dialoq aparmasına imkan verir. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi, sonrakı toplantıların digər üzv ölkələrdə davam etdirilməsi təşkilat daxilində qarşılıqlı məsləhətləşmələrin və ümumi gündəliyin daha çevik müzakirəsinə şərait yaradır. Belə platformalar üzv dövlətlərin ümumi maraqları ətrafında siyasi həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalaması, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin formalaşması da TDT daxilində əməkdaşlığın möhkəm ikitərəfli əsaslara söykəndiyini bir daha təsdiqləyir. İkitərəfli münasibətlərdə əldə olunan nəticələr təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu mənada TDT-nin gücü yalnız təşkilati mexanizmlərdən deyil, üzv dövlətlər arasında formalaşmış qarşılıqlı etimad və siyasi əlaqələrin səviyyəsindən də qaynaqlanır. Türk dövlətlərinin malik olduğu coğrafi, iqtisadi, demoqrafik və siyasi potensial təşkilatın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Bu potensialın səmərəli istifadəsi təhlükəsizlik strukturlarının koordinasiyasından tutmuş enerji və nəqliyyat layihələrinə, beynəlxalq hüququn müdafiəsindən iqtisadi əməkdaşlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Beləliklə, TDT-nin qarşısında duran əsas vəzifə mövcud imkanları vahid strateji yanaşma ətrafında birləşdirmək və türk dövlətlərinin ortaq maraqlarını beynəlxalq müstəvidə daha ardıcıl şəkildə ifadə etməkdir. Mahir Süleymanlı Milli Məclisin deputatı Geri dön |