Ana Sayfa > Dünya > Ruslarla qohumluğu olan alman hərbçilərə heyrətamiz qadağa – Almaniya onları...

Ruslarla qohumluğu olan alman hərbçilərə heyrətamiz qadağa – Almaniya onları...


Bu gün, 16:00. Yazar: vasif
Ruslarla qohumluğu olan alman hərbçilərə heyrətamiz qadağa – Almaniya onları...


Almaniya ordusunda Rusiya və ya Belarusla qohumluq əlaqələri olan bəzi hərbçilərin Litvada yerləşdirilən NATO briqadasında xidmət etməsinə icazə verilmir.

aia.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən hərbçilərin bir qismi təhlükəsizlik yoxlamasından keçə bilmir. Buna səbəb onların Rusiya və ya Belarusda qohumlarının olması və bunun təhlükəsizlik baxımından əlavə risk amili kimi qiymətləndirilməsidir.

Maraqlıdır ki, belə hərbçilərin Bundesverdə xidmətinə ümumilikdə qadağa qoyulmur. Onlar Almaniya ərazisində hərbi xidmətlərini davam etdirə bilirlər, lakin Litvadakı briqadaya göndərilmirlər.

Təhlükəsizlik yoxlamalarını Almaniyanın Hərbi Əks-Kəşfiyyat Xidməti – MAD aparır. Qurumun vəzifələri sırasına Bundesver daxilində casusluq və sabotaj təhlükələrinin, eləcə də digər təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi daxildir. MAD-ın məlumatına görə, Rusiya və Belarusa səfər edən Bundesver əməkdaşları həmin ölkələrin xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşə bilər. Belə səfərlərin hərbçilərin ələ alınması, onlara təzyiq göstərilməsi və ya kəşfiyyat məlumatlarının əldə edilməsi baxımından risk yaratdığı bildirilir.

“Bild”in məlumatına görə, Litvadakı briqada üçün təhlükəsizlik yoxlamasından keçməyən hərbçilərin Almaniyada xidmətini davam etdirməsinə icazə verilir. Onların Rusiyaya şəxsi səfərlərinə də ümumi qadağa tətbiq edilmir.

Söhbət Almaniyanın NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Litvada yerləşdirdiyi hərbi birləşmədən gedir.

Panzerbrigade 45 adlanan bu briqadanın 2027-ci ilin sonunadək tam döyüş hazırlığına çatdırılması nəzərdə tutulur. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Litvada təxminən 4 800 hərbçi və 200 mülki əməkdaş yerləşdiriləcək. Bu, Bundesver tarixində Almaniyadan kənarda daimi yerləşdirilən ilk tam döyüş briqadasıdır.
Geri dön