Ana Sayfa > Siyasət > Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi günBu gün, 11:49. Yazar: azer |
![]() 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunub. Azərbaycan xalqının müstəqil dövlətçilik arzusu uzun və mürəkkəb tarixi proseslərdən keçib. Ölkəmiz müxtəlif dövrlərdə siyasi, hərbi və iqtisadi çətinliklərlə, eləcə də işğalla üzləşsə də, xalqın müstəqillik və dövlətçilik iradəsi qorunub saxlanılıb. 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub. Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirilib, yaşayış məntəqələri dağıdılıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalına son qoyulması və işğalçı qüvvələrin çıxarılması tələb olunsa da, bu sənədlər uzun illər ərzində icra edilməyib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 44 gün davam edən müharibə nəticəsində ölkənin bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edildi. Həmin il dekabrın 1-də Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atıldı. Bununla belə, Qarabağda Azərbaycanın suverenliyindən kənarda fəaliyyət göstərən separatçı rejim mövcudluğunu davam etdirirdi. 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında, Həkəri çayı üzərində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz dövlət sərhədinə nəzarətinin təmin edilməsi baxımından mühüm hadisə oldu. 2023-cü il sentyabrın 19-da Qarabağda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yerinə yetirdi. Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra Qarabağda separatçı qüvvələrin silahlı fəaliyyətinə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışı zamanı 2023-cü il antiterror tədbirlərinin nəticəsini Azərbaycanın dövlət suverenliyinin tam bərpası kimi qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alınıb. Sərəncamda bu tarixin Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi gün kimi əhəmiyyəti vurğulanıb. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müstəqillik və dövlətçilik tarixində baş vermiş mühüm hadisələrin vahid tarixi məntiq çərçivəsində dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır. 2020-ci ildə ərazi bütövlüyünün bərpası, 2023-cü ildə isə dövlət suverenliyinin tam təmin edilməsi Azərbaycanın müasir tarixinin mühüm mərhələləridir. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də dövlət suverenliyinin əhəmiyyətinin daha geniş şəkildə təbliğinə və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə yönəlmiş mühüm addımlardan biri olub. Dövlət suverenliyinin tam bərpası Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq prosesinin də yeni mərhələyə keçməsinə imkan yaradıb. Bu əlamətdar tarixin rəmzi olaraq Bakı Metropoliteninin yeni stansiyalarından birinə “20 Sentyabr” adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən yeni stansiyanın “20 Sentyabr” adlandırılması 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqələndirilib. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik iradəsini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını ifadə edən əlamətdar tarixdir. Bu gün müstəqil Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətə və nəzarətə malik olmasının rəmzi kimi qeyd edilir. Gülnaz Kərimova, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Geri dön |