Ana Sayfa > Manşet / Siyasət > Dövlət Suverenliyi Günü – Azərbaycanın tarixi yaddaşında əbədi iz

Dövlət Suverenliyi Günü – Azərbaycanın tarixi yaddaşında əbədi iz


Bu gün, 09:31. Yazar: azer
Dövlət Suverenliyi Günü – Azərbaycanın tarixi yaddaşında əbədi iz

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Milli Məclisin üzvü Tamam Cəfərova bildirib ki, bu fikirlər “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında öz əksini tapmışdır.
Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Özünün siyasi və mədəni tarixinə, milli taleyinə sahib çıxmaq, müstəqil dövlətini quraraq inkişaf etdirmək hər bir xalqa nəsib olan böyük tarixi nailiyyətdir. Azərbaycan xalqı da tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi və hərbi çətinliklərə, işğal və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik arzusunu heç zaman itirməmiş, milli iradəsini qoruyub saxlamış və öz dövlətini yaşatmaq uğrunda mübarizəsini əsrlər boyu davam etdirmişdir. Heç bir qüvvə xalqımızın dövlətçilik əzmini, müstəqil yaşamaq iradəsini və milli kimliyinə bağlılığını sarsıda bilməmişdir.

Deputat qeyd edib ki, dövlət suverenliyi yalnız müəyyən ərazi üzərində ali hakimiyyətin həyata keçirilməsi ilə məhdudlaşan hüquqi anlayış deyil. Suverenlik, ilk növbədə, xalqın öz siyasi taleyini müstəqil şəkildə müəyyən etməsi, dövlətinin daxili və xarici siyasətini özü formalaşdırması, milli maraqlarını qoruması və beynəlxalq münasibətlər sistemində müstəqil subyekt kimi çıxış etməsidir. Suveren dövlət öz ərazisində ali hakimiyyətə malik olan, daxili və xarici siyasətini müstəqil müəyyən edən və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər quran dövlətdir. Bu baxımdan suverenlik dövlətçiliyin əsas dayağı, milli dövlətin mövcudluğunun başlıca şərtidir. Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması isə xalqımızın əsrlər boyu qoruyub saxladığı dövlətçilik iradəsinin tarixi zəfəridir.

Fikirlərinin davamı olaraq deputat xatırladıb ki, düz üç il əvvəl – 2023-cü il sentyabrın 19-u və 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 23 saat 43 dəqiqə davam edən və uğurla başa çatan antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bir gündən az davam edən bu tədbirlər nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində təmin etdi. Bununla da ölkənin Konstitusiyasının və qanunlarının bütün ərazi üzrə tətbiqi üçün tam şərait yarandı, dövlət hakimiyyətinin vahidliyi bərqərar edildi.

Tamam Cəfərova vurğulayıb ki, 2023-cü il sentyabrın 20-si Azərbaycan dövlətçiliyinin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin tarix Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa edilməsi ilə yanaşı, xalqımızın uzun illər davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik qətiyyətinin təntənəsi kimi tarixə düşüb. 2024-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi isə bu tarixi nailiyyətə dövlət səviyyəsində verilən yüksək qiymətin ifadəsidir.
Deputat qeyd edib ki, bu qərar yalnız bir tarixi hadisənin təqvimdə rəsmiləşdirilməsi deyil. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycan xalqının dövlətçilik yaddaşının qorunması, milli iradənin və suveren dövlət ideyasının gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin, müstəqil qərarvermə imkanlarının və milli maraqlara əsaslanan dövlət siyasətinin rəmzidir.
Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqının tarixi taleyi və dövlətçilik ənənəsi əsrlər boyunca müxtəlif sınaqlardan keçib. İqtisadi çətinliklər, siyasi təzyiqlər, hərbi işğallar və parçalanmalar – bütün bunlara rəğmən xalqımız öz milli kimliyini və dövlətçilik ideyalarını qoruyub saxlayıb. Bu tarixi davamlılığın mühüm mərhələlərindən biri 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası olub. Lakin müstəqilliyin əldə edilməsi ilə dövlətçilik qarşısında duran vəzifələr başa çatmayıb. Əksinə, müstəqil dövlətin möhkəmləndirilməsi, onun siyasi və iqtisadi dayaqlarının gücləndirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün təmin edilməsi yeni tarixi mərhələnin əsas vəzifələrinə çevrilib.
Bu mərhələdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin uzaqgörən siyasi strategiyası, milli dövlətçilik konsepsiyası və dövlət idarəçiliyində yaratdığı möhkəm təməl müasir Azərbaycanın inkişafının əsasını təşkil edib. Məhz bu siyasi xəttin davamlı şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan güclü dövlət institutları formalaşdırıb, iqtisadi və siyasi imkanlarını genişləndirib, milli maraqlarını beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə edən dövlətə çevrilib.

Deputat vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasını mümkün etdi. Beləliklə, müstəqilliyin bərpasından sonra qarşıya qoyulan əsas strateji məqsədlərdən biri – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin edildi.

Dövlət Suverenliyi Günü bu baxımdan Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsidir. Bu gün xalqımızın müstəqillik uğrunda əsrlər boyu apardığı mübarizənin, milli birliyinin, dövlətçilik iradəsinin və qəhrəman övladlarımızın fədakarlığının simvoludur. Eyni zamanda, bu tarix Azərbaycanın gələcək inkişafının əsasını təşkil edən güclü dövlətçilik, milli həmrəylik və suverenlik dəyərlərinin əbədi yaşadılmasına çağırışdır.

Azərbaycanın suverenliyi yalnız bu günün nailiyyəti deyil, gələcək nəsillərə ötürüləcək ən mühüm milli sərvətlərdən biridir. Dövlət Suverenliyi Günü də məhz bu həqiqəti – müstəqil dövlətin xalqın ən böyük tarixi nailiyyəti olduğunu və dövlətçiliyin qorunmasının hər bir nəsil qarşısında duran mühüm vəzifə olduğunu özündə ehtiva edir.

Geri dön