Ana Sayfa > Özəl > 20 Sentyabr – Qarabağda yeni tarixin başlanğıcı
20 Sentyabr – Qarabağda yeni tarixin başlanğıcıBu gün, 17:44. Yazar: azer |
![]() Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onların siyasi və mənəvi əhəmiyyəti illər keçdikcə daha aydın görünür. 20 Sentyabr da məhz belə tarixi günlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunan bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm hadisələri özündə birləşdirir. Bu əlamətdar gün həm Vətən uğrunda mübarizənin nəticələrini, həm də Qarabağda başlayan yeni quruculuq və dirçəliş mərhələsini təcəssüm etdirir. 20 sentyabrın tariximizdəki yeri 2023-cü ilin sentyabrında baş verən hadisələrlə sıx bağlıdır. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suveren ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoydu və sentyabrın 20-də atəşin dayandırılması barədə razılıq əldə edildi. Bununla Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin olundu. Bu hadisə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı kimi Azərbaycan tarixinin mühüm mərhələsinə çevrildi. Bu tarixi prosesin ən mühüm ünvanlarından biri Xankəndidir. Uzun illər müxtəlif siyasi manipulyasiyaların predmetinə çevrilən şəhər 2023-cü ilin sentyabrında Azərbaycanın tam suveren nəzarətinə qayıtdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması dövlət suverenliyimizin bərpasının rəmzi hadisələrindən biri oldu. Həmin gün Xankəndinin tarixində yeni səhifənin başlanğıcı kimi yadda qaldı. Xocalı isə Azərbaycan xalqının yaddaşında xüsusi və ağrılı yer tutur. 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi xalqımızın yaşadığı ən ağır faciələrdən biri kimi tarixə düşüb. Uzun illər doğma şəhərinə qayıtmaq arzusu ilə yaşayan Xocalı sakinləri üçün 2023-cü ilin sentyabrı yeni ümid və qayıdış mərhələsinin başlanğıcına çevrildi. Azərbaycan suverenliyinin Xocalıda bərpası ilə şəhərin gələcəyi yenidən quruculuq, təhlükəsizlik və Böyük Qayıdış perspektivi ilə əlaqələndi. Xocavənd də zəngin tarixi və mədəni irsi ilə Qarabağın mühüm yaşayış məkanlarından biridir. Bu ərazidə yerləşən Azıx və Tağlar mağaraları Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. 2020-ci ildə rayonun bir sıra yaşayış məntəqələrinin azad edilməsindən sonra 2023-cü ilin sentyabrında Xocavənd şəhərində də Azərbaycanın dövlət suverenliyi bərpa edildi. Bu gün bölgədə aparılan quruculuq işləri onun sosial-iqtisadi və mədəni potensialının yenidən canlandırılması üçün imkanlar yaradır. Ağdərə şəhərinin də Azərbaycanın nəzarətinə qayıtması Qarabağda suverenliyin tam təmin olunmasının mühüm mərhələlərindən biri oldu. Ağdərə öz coğrafi mövqeyi, təbii sərvətləri və iqtisadi potensialı baxımından Qarabağın inkişafında mühüm rol oynaya biləcək ərazilərdəndir. Şəhərdə və ətraf yaşayış məntəqələrində aparılacaq bərpa-quruculuq işləri gələcəkdə bölgənin sosial-iqtisadi həyatının canlanmasına mühüm töhfə verəcək. 20 sentyabrın mahiyyəti yalnız hərbi-siyasi nəticə ilə məhdudlaşmır. Bu tarix həm də Azərbaycanın Qarabağda yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcıdır. Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Qarabağda salınan yeni yaşayış məhəllələri, çəkilən yollar, inşa olunan sosial obyektlər və yaradılan müasir infrastruktur Zəfərin real nəticələrinin göstəricisidir. Bu prosesdə əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, Qarabağı müasir, təhlükəsiz və dayanıqlı inkişaf edən bir məkana çevirməkdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr bölgənin iqtisadi potensialının üzə çıxarılmasına, məşğulluğun artırılmasına, sosial rifahın yüksəldilməsinə və insanların öz doğma yurdlarında layiqli həyat şəraitinin təmin edilməsinə hesablanıb. 20 sentyabr həm də Azərbaycan xalqının birlik və həmrəyliyinin, dövlət-xalq-ordu birliyinin nəticələrinin ifadəsidir. Bu tarixi nəticənin əldə olunmasında şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti dayanır. Ona görə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, ilk növbədə, Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın əziz xatirəsinə ehtiram günüdür. Bu gün həmin şəhərlərin adları artıq yalnız münaqişə və işğal tarixi ilə deyil, qayıdış, yenidənqurma və inkişaf anlayışları ilə də yanaşı çəkilir. Qarabağda bərpa olunan həyat Azərbaycanın gələcəyə baxışının, milli iradəsinin və dövlətçilik əzminin mühüm göstəricisidir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsini ifadə edir. Bu tarix ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqları, Qarabağda Böyük Qayıdışın və quruculuğun geniş vüsət almasını əks etdirir. Qarabağın yenidən dirçəlməsi isə Zəfərin yalnız keçmişdə qalmış tarixi hadisə deyil, gələcəyə yönəlmiş böyük quruculuq mərhələsi olduğunu nümayiş etdirir. Lalə İskəndərova, YAP Qusar rayon təşkilatının məsləhətçisi Geri dön |