Ana Sayfa > Siyasət > Suverenliyə gedən yol: milli iradə, güclü dövlət və tarixi Zəfər

Suverenliyə gedən yol: milli iradə, güclü dövlət və tarixi Zəfər


Bu gün, 16:46. Yazar: azer
Suverenliyə gedən yol: milli iradə, güclü dövlət və tarixi Zəfər

Hər bir xalqın tarixində onun milli iradəsinin, dövlətçilik əzminin və müstəqil yaşamaq haqqının təcəssüm etdiyi mühüm tarixi mərhələlər vardır. Azərbaycan xalqı üçün belə mühüm və əlamətdar hadisələrdən biri də 20 sentyabr 2023-cü il tarixidir. Məhz həmin gün Azərbaycan Respublikasının dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası təmin edilmişdir. Bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir.
Dövlət suverenliyi dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi, milli maraqlarını qoruması və Konstitusiyasının hüquqi qüvvəsini bütün ərazisində təmin etməsi deməkdir. Bu baxımdan 20 Sentyabr Azərbaycan dövlətçiliyi tarixində yalnız təqvimə daxil edilmiş əlamətdar gün deyil, xalqımızın uzun illər davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik düşüncəsinin mühüm nəticəsini ifadə edən tarixi gündür.

Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam təmin olunmasına gedən yol heç də asan olmayıb. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qaldı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı. Uzun illər ərzində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasına çalışdı.
Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının xüsusi əhəmiyyəti oldu. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət institutları möhkəmləndirildi, milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı və ölkənin iqtisadi potensialının artırılması istiqamətində mühüm addımlar atıldı. Məhz bu illərdə əsası qoyulan siyasi, iqtisadi və institusional inkişaf sonrakı mərhələdə Azərbaycanın güclü dövlət kimi formalaşmasına mühüm zəmin yaratdı.

Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi və hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırdı. Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir ordu quruculuğu, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və milli maraqların ardıcıl müdafiəsi qarşıya qoyulan strateji məqsədlərin reallaşdırılmasında mühüm rol oynadı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı və işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində yeni mərhələ başlandı.
Lakin dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi məsələsi hələ qarşıda dayanırdı. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən tədbirlər nəticəsində qarşıya qoyulmuş hərbi məqsədlər yerinə yetirildi və sentyabrın 20-də Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi.
20 sentyabr 2023-cü il bu baxımdan Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biridir. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ölkənin bütün ərazisində tam hüquqi qüvvəyə malik oldu. Dövlət Bayrağının ölkənin bütün ərazilərində dalğalanması Azərbaycan dövlətçiliyinin bütövlüyünün və suverenliyinin mühüm rəmzinə çevrildi.

Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi xüsusi olaraq vurğulanır.
Suverenliyin bərpası yalnız hərbi nailiyyət kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda dövlət idarəçiliyinin, hüquqi sistemin, sosial-iqtisadi siyasətin və milli inkişaf strategiyasının vahid dövlət məkanında tam həyata keçirilməsi üçün yeni imkanlar yaradıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də məhz yeni mərhələnin mühüm istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması Azərbaycanın suveren ərazilərində davamlı inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün dövlət suverenliyi anlayışı yalnız ərazi üzərində hakimiyyət məsələsi ilə məhdudlaşmır. Suveren dövlət həm də öz milli maraqlarını müəyyən edən, iqtisadi və siyasi qərarlarını müstəqil qəbul edən, beynəlxalq münasibətlər sistemində öz mövqeyini formalaşdıran və gələcəyini özü müəyyənləşdirən dövlətdir. Azərbaycanın son illərdə regional və beynəlxalq məsələlərdə fəal mövqeyi, müxtəlif dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi dövlət müstəqilliyinin və suverenliyinin siyasi əhəmiyyətini daha da artırır.
Dövlət Suverenliyi Günü həm də gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm məna daşıyır. Gənclər bilməlidirlər ki, müstəqil dövlətin əldə olunması və qorunması tarixi məsuliyyət tələb edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsi, Vətən müharibəsində və 2023-cü ilin sentyabrında göstərilən qəhrəmanlıq gələcək nəsillər üçün dövlətçilik dərsi, milli iradə və Vətənə sədaqət nümunəsidir.
20 Sentyabr xalqımız üçün həm qürur, həm də məsuliyyət günüdür. Qürur ona görə ki, Azərbaycan uzun illər davam edən işğal problemini öz gücü və beynəlxalq hüquqa əsaslanan siyasi mövqeyi ilə həll edərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Məsuliyyət ona görədir ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişafının təmin edilməsi hər bir vətəndaşın üzərinə mühüm vəzifələr qoyur.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş ölkə kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran əsas hədəflər sırasında azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması, insan kapitalının gücləndirilməsi və dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi mühüm yer tutur.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində əbədi yaşayacaq. Bu tarix xalqımızın müstəqil dövlət qurmaq iradəsinin, Vətənə bağlılığının və milli həmrəyliyinin rəmzidir. Azərbaycanın üçrəngli Dövlət Bayrağının ölkəmizin bütün guşələrində dalğalanması isə suverenliyimizin ən aydın ifadəsidir.
Dövlət Suverenliyi Günü bizə bir daha xatırladır ki, müstəqillik və suverenlik yalnız əldə edilən tarixi nailiyyət deyil, həm də hər nəsil tərəfindən qorunmalı və möhkəmləndirilməli olan milli sərvətdir. Azərbaycan xalqının dövlətçilik iradəsi, milli həmrəyliyi və Vətən sevgisi bu müqəddəs dəyərlərin gələcək nəsillərə əminliklə ötürüləcəyinə möhkəm əsas yaradır.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Geri dön