Ana Sayfa > Gündəm / Karusel > DYP-dən avtobus qəzaları ilə bağlı müraciət

DYP-dən avtobus qəzaları ilə bağlı müraciət


10-04-2017, 15:04. Yazar: admin
DYP-dən avtobus qəzaları ilə bağlı müraciət



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var. Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir.

"Qeyd olunan marşrutlarda hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi əlaqədar qurumlarla birgə reydlər keçirəcək. Tədbir zamanı Bakıda, Sumqayıtda, eləcə də marşrut boyu təşkil edilmiş xüsusi postlarda avtobus və mikroavtobusların texniki vəziyyətinə ciddi nəzarət olunacaq, əsasən konstruksiyasında nəzərdə tutulduğundan artıq sayda oturacaqlarla təchiz edilmiş, tormoz və sükan idarə sistemi nasaz olan, nəqliyyat vasitəsinin şinlərinin protektorlarının naxışları eyni ox üzrə müxtəlif olan və qalınlıqları tələb edilən normalara (ən azı 2 mm) cavab verməyən, habelə avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olan sürücülər nəqliyyat vasitələrinin idarə olunmasından kənarlaşdırılacaqlar. Mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək reydlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının da iştirakı nəzərdə tutulub ki, onlar qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görəcəklər.

Bununla əlaqədar Baş DYP İdarəsi qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahiş edir ki, fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun şəkildə təşkil etməklə sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması, habelə sərnişinlərin yollarda əziyyət çəkməmələri məqsədilə onların başlanğıc və son məntəqə kimi yalnız avtovağzallarda (avtostansiyalarda) müəyyən edilmiş duracaqlarda minib-düşmələrini və sadalanan texniki tələblərə ciddi riayət olunmasını təmin etsinlər", - deyə müraciətdə vurğulanır.

AİA.az
Geri dön