Ana Sayfa > Karusel / Siyasət > Qarabağda Böyük Qayıdış və milli-mənəvi irsin dirçəlişi
Qarabağda Böyük Qayıdış və milli-mənəvi irsin dirçəlişi16-09-2026, 15:11. Yazar: azer |
![]() Sentyabr ayının 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının, Yəhya Bakuvi Beynəlxalq Konfransının və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrini qəbul edib. Görüşdə cənab Prezident Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əlaqələrin möhkəmləndirilməsi baxımından olduqca vacib mesajlar verib. Xüsusilə, ortaq tarixi və mənəvi dəyərlərin qorunması, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dini liderlərin sülh və həmrəyliyin təşviqində rolu, eləcə də Qarabağda aparılan bərpa və quruculuq işləri diqqət mərkəzində olub. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, nümayəndə heyətinin Ağdam, Xocalı, Xankəndi və Şuşaya səfəri həm işğalın ağır nəticələrini, həm də azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasının şahidi olmaları baxımından mühüm əhəmiyyət kəsb edir . Qarabağda bu gün yalnız şəhərlər və kəndlər deyil, insanların doğma torpaqları ilə bağlı mənəvi bağları da bərpa olunur. Bu torpaqlara qayıdan hər bir ailə, yenidən açılan hər bir məktəb, bərpa olunan hər bir məscid Böyük Qayıdışın mahiyyətini və Zəfərin yeni məzmununu ortaya qoyur. Bu gün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dövlətçilik iradəsinin, quruculuq imkanlarının və milli-mənəvi dəyərlərə bağlılığının yeni mərhələsini nümayiş etdirir. Otuz illik işğal nəticəsində şəhər və kəndlərin dağıdıldığı, tarixi-mədəni və dini irsə ciddi zərər vurulduğu ərazilərdə artıq həyat yenidən formalaşır. Dövlət başçısının bildirdiyi kimi, hazırda 48 şəhər və kənddə insanlar yaşayır, bölgədə yaşayan, işləyən və təhsil alan insanların sayı 90 mini ötüb. Bu göstəricilər Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. Qarabağda bərpa prosesinin məscidlərdən başlanması isə xüsusi mənəvi məna daşıyır. Ağdam məscidinin ilk bərpa olunan tarixi abidələrdən biri olması və indiyədək 12 məscidin bərpa və yenidən qurulması Azərbaycanın milli-mənəvi dəyərlərə münasibətini nümayiş etdirir. Bu, yalnız dağıdılmış tikililərin yenilənməsi deyil, həm də Qarabağın tarixi yaddaşının, dini-mədəni irsinin və mənəvi həyatının yenidən canlandırılmasıdır. Ağdam məscidinin bərpası xüsusilə böyük mənəvi əhəmiyyət daşıyır. İşğaldan əvvəl bu məsciddə şəhid olmuş soydaşlarımızın dini mərasimləri, o cümlədən Xocalı qurbanlarının anım mərasimləri keçirilirdi. Buna görə də məscidin yenidən həyata qaytarılması Qarabağın yalnız memarlıq simasının deyil, həm də xalqımızın yaddaşında mühüm yer tutan mənəvi irsin bərpasıdır. Qarabağa səfər etmiş dini liderlər bu dəyişiklikləri yerində müşahidə ediblər: bir tərəfdə işğalın yaratdığı dağıntıların izləri, digər tərəfdə isə yenidən qurulan şəhərlər, kəndlər, bərpa olunan məscidlər və öz doğma yurdlarına qayıdan insanlar. Bu mənzərə Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədi – azad edilmiş ərazilərdə təhlükəsiz, dayanıqlı və firavan həyat qurmaq əzmini aydın şəkildə göstərir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müharibə zamanı mülki əhaliyə qarşı hərəkətlərdən çəkinməsi məsələsinə də toxunulması bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın mübarizəsinin hərbi birləşmələrə qarşı aparıldığını və bunun xalqımızın mentaliteti və adətləri ilə bağlı olduğunu vurğulayıb. Azərbaycanın Zəfərdən sonrakı siyasətində də əsas istiqamətlərdən biri dağıntıların yerində həyatın qurulması, insanların öz torpaqlarına qaytarılması və regionun inkişafının təmin edilməsidir. Bu baxımdan Qarabağda həyata keçirilən proses yalnız fiziki bərpa ilə məhdudlaşmır. Burada tarixi yaddaş, milli-mənəvi irs və insanların öz torpaqları ilə bağlı mənəvi bağları da yenidən canlanır. Dağıdılmış məscidlərin bərpası, yeni yaşayış məntəqələrinin salınması və Böyük Qayıdışın davam etdirilməsi Azərbaycanın Zəfərdən sonra seçdiyi yolun mahiyyətini ortaya qoyur. Qarabağda həyatın yenidən bərqərar olması Zəfərin ən mühüm nəticələrindən biridir. Burada qurulan hər bir ev, açılan hər bir məktəb, bərpa olunan hər bir məscid və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın həm dövlətçilik iradəsinin, həm də milli-mənəvi dirçəlişinin ifadəsidir. Qarabağın bugünkü dirçəlişi keçmişin yaddaşını qorumaqla gələcəyi qurmağın mümkün olduğunu göstərir. Geri dön |