Ana Sayfa > Siyasət > Bizim birliyimiz hər birimizi gücləndirəcək

Bizim birliyimiz hər birimizi gücləndirəcək


Bu gün, 15:09. Yazar: azer
Bizim birliyimiz hər birimizi gücləndirəcək

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Cənab İlham Əliyevin  çıxışında səsləndirdiyi hər bir çağırış yol xəritəsi kimi dəyərləndirilir. Türk dünyasının, İslam aləminin birliyindən, Azərbaycanın 30 illik işğal dövründa yaşadığı faciələrdən, üzləşdiyi ədalətsizlikdən, dünyanın ikili standartlara əsaslanan siyasətindən geniş bəhs edən cənab İlham Əliyev  onu da bildirdi ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il  bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq: “Elə mən özüm şəxsən 2001-ci ildə, - o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament

Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, - bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik? Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”.

Dinimizə, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. “Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır.

Dövlət başçısı İlham Əliyev hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan quruculuq işləri çərçivəsində ilk olaraq dini və tarixi abidələrimizin  bərpasına xüsusi diqqət yönəldildiyini də bildirdi. Vurğuladı ki, xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə o qədər böyük sevgi və hörməti var ki, biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir. İşğal dövründə törədilən vəhşiliklərdən, dağıntılardan geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar. Bu, birinci məqsəd idi. İkinci məqsəd, əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri - hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Biz, bax belə misli görünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar. Bütün bunları dünya bilməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin öyrənilməsi, beynəlxalq aləmə çatdırılması üçün zəngin mənbədir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Geri dön