Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Bu gün Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır”
Adəm İsmayıl Bakuvi: “Bu gün Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır”Bu gün, 14:32. Yazar: azer |
![]() “Qlobal təhlükəsizlik sistemində ciddi dəyişikliklərin baş verdiyi indiki dövrdə Türk Dövlətləri Təşkilatının qarşısında yeni çağırışlar və vəzifələr formalaşır. Türk dövlətləri arasında münasibətlər artıq yalnız ortaq tarixi keçmiş, mədəni yaxınlıq, iqtisadi tərəfdaşlıq və humanitar əlaqələr çərçivəsində inkişaf etmir. Müasir dövrün reallıqları təhlükəsizlik məsələlərinin də Türk dünyasının ümumi gündəliyində daha mühüm yer tutmasını şərtləndirir. Prezident İlham Əliyevin TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələlərinə məsul şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu baxımdan xüsusi diqqət çəkir. Cənab Prezidentin çıxışında ön plana çıxan məsələlərdən biri Türk dünyasının malik olduğu geniş imkanların daha düzgün və səmərəli şəkildə səfərbər edilməsinin vacibliyidir. Türk dövlətləri həm geniş və strateji coğrafiyada yerləşir, həm zəngin enerji resurslarına sahibdir, həm də Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat və logistika xətlərinin üzərində qərar tuturlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu üstünlüklər yalnız iqtisadi baxımdan əhəmiyyət daşımır. Sözügedən coğrafi, enerji və nəqliyyat imkanları Türk dövlətlərinin regional və beynəlxalq təhlükəsizlik baxımından strateji əhəmiyyətini də artırır.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Partiya sədri qeyd edib ki, Azərbaycan həmin proseslərdə xüsusi mövqeyə malik ölkələrdən biridir: “Cənab Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan enerji və nəqliyyat sahələrində regional əhəmiyyətli layihələrin əsas iştirakçılarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, müxtəlif enerji layihələri, Orta Dəhliz təşəbbüsü və Xəzər üzərindən formalaşdırılan nəqliyyat əlaqələri ölkəmizin Türk dünyası ilə Avropa arasında mühüm bağlantı nöqtəsi kimi mövqeyini daha da möhkəmləndirib. Hazırda bu marşrutların və infrastrukturların təhlükəsizliyinin təmin edilməsi yalnız Azərbaycanın milli maraqları ilə bağlı məsələ deyil, həmin dəhlizlərdən istifadə edən daha geniş regionun sabitliyi baxımından da əhəmiyyətlidir. Qlobal proseslər təhlükəsizlik anlayışının özünün də məzmununu genişləndirib. Müasir şəraitdə təhlükəsizlik yalnız dövlət sərhədlərinin, hərbi obyektlərin və strateji ərazilərin qorunması ilə ölçülmür. Enerji infrastrukturunun, nəqliyyat və logistika şəbəkələrinin, informasiya sistemlərinin, rabitə vasitələrinin və rəqəmsal məkanın müdafiəsi də milli təhlükəsizliyin ayrılmaz istiqamətlərinə çevrilib. Prezident İlham Əliyevin TDT üzv ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verməsi məhz dünyada təhlükəsizlik mühitinin dəyişməsi ilə bağlı yeni reallıqlardan irəli gəlir. Türk dövlətləri arasında təhlükəsizlik üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilk növbədə qarşılıqlı etimadın və institusional əlaqələrin möhkəmlənməsinə xidmət edir. Terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhlükələr və digər müasir təhdidlər ayrı-ayrı dövlətlərin təkbaşına həll edə biləcəyi problemlərlə məhdudlaşmır. Belə çağırışlara qarşı mübarizədə operativ məlumat mübadiləsi, peşəkar təcrübənin paylaşılması, birgə yanaşmaların formalaşdırılması və fəaliyyətin əlaqələndirilməsi mühüm rol oynayır. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi təşkilatın ümumi fəaliyyət istiqamətlərinin tamamlanmasına imkan verir. Prezident İlham Əliyevin Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, praktiki əməkdaşlıqla möhkəmləndirilməsidir. Azərbaycan Türkiyə ilə mövcud müttəfiqlik münasibətlərini daha da inkişaf etdirir, Mərkəzi Asiyanın Türk dövlətləri ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrini genişləndirir. İkitərəfli münasibətlərin TDT platformasında çoxtərəfli əməkdaşlıq mexanizmləri ilə tamamlanması isə Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin daha sistemli xarakter almasına və ümumi potensialın güclənməsinə şərait yaradır.” Daha sonra müsahibimiz fikirlərini davam etdirərək bu prosesdə gənclərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Türk dünyasının gələcək inkişafı yalnız dövlət başçıları arasında keçirilən görüşlər, imzalanan sənədlər və yaradılan əməkdaşlıq mexanizmləri ilə müəyyənləşmir. Ortaq tarixi, mədəni irsi və mənəvi dəyərləri daha yaxından tanıyan gənc nəsil xalqlarımız arasındakı münasibətlərin uzunmüddətli əsasda inkişaf etdirilməsində mühüm rol oynaya bilər. Cənab Prezident İlham Əliyevin TDT çərçivəsində gənclər arasında əlaqələrin genişləndirilməsinə və onların ortaq dəyərlər ətrafında birləşdirilməsinə verdiyi əhəmiyyət də bu baxımdan diqqətəlayiqdir. Hazırda Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır. Türk dövlətlərinin malik olduğu iqtisadi imkanların, enerji ehtiyatlarının, nəqliyyat potensialının və insan kapitalının vahid siyasi iradə və səmərəli koordinasiya ilə əlaqələndirilməsi təşkilatın regional və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da genişlənməsinə imkan yarada bilər. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Azərbaycanın bu prosesə uzunmüddətli və strateji yanaşdığını nümayiş etdirir. Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik sahəsinə rəhbərlik edən şəxslərin bir araya gəlməsi də Türk dövlətləri arasında əməkdaşlığın inkişaf edən gündəliyinin göstəricilərindən biridir. Belə görüşlər təhlükəsizlik sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, mövcud çağırışların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma yaradır. Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi mesajlar isə Azərbaycanın Türk dünyasının təhlükəsizlik və sabitliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığa xüsusi önəm verdiyini bir daha göstərir. Türk dünyasının potensialı yalnız onu birləşdirən ortaq tarixi və mədəni irslə ölçülmür. Əsas imkanlardan biri də bu ortaq dəyərləri gələcəyə yönəlmiş əməkdaşlıq modelinə çevirmək bacarığıdır. Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı siyasətində də bu yanaşma mühüm yer tutur. Daha sıx siyasi münasibətlər, gücləndirilmiş nəqliyyat və enerji bağlantıları, artan iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində koordinasiya Türk dövlətləri arasında əlaqələrin yeni məzmun qazanmasına şərait yaradır. Dəyişən beynəlxalq şəraitdə bu əməkdaşlıq mexanizmlərinin inkişafı Türk dünyasının qarşısında yeni imkanlar və yeni məsuliyyətlər formalaşdırır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |