Ana Sayfa > Manşet / Siyasət > Konstruktiv siyasət və birləşdirici təşəbbüslər İslam həmrəyliyinə mühüm töhfədir

Konstruktiv siyasət və birləşdirici təşəbbüslər İslam həmrəyliyinə mühüm töhfədir


Bu gün, 13:20. Yazar: azer
Konstruktiv siyasət və birləşdirici təşəbbüslər İslam həmrəyliyinə mühüm töhfədir

Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan şairi, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi mühüm tarixi, dini və mənəvi önəm kəsb edir. Müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin Azərbaycan paytaxtında bir araya gəlməsi Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından diqqətçəkən hadisədir.

Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul edərkən qeyd etdiyi kimi, bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki Azərbaycanın zəngin tarixi-mədəni irsi Türk və İslam dünyasının ortaq mənəvi xəzinəsinin mühüm hissəsini təşkil edir. Böyük şəxsiyyətlərin yaradıcılığı Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrin miqyasını nümayiş etdirir. Onların irsi, əsrlər keçməsinə baxmayaraq, bu gün də sülh, insanlıq, mənəviyyat və kamillik kimi ümumbəşəri dəyərlərin təbliğinə xidmət edir.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti də ardıcıl xarakter daşıyır. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi, həmçinin Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu siyasətin nümunələrindəndir. Həmin Oyunların yalnız idman yarışları deyil, müsəlman ölkələri arasında birlik və həmrəyliyin nümayişi kimi qiymətləndirilməsi dövlətimizin bu istiqamətdə yanaşmasının mahiyyətini ifadə edirdi. Bu xəttin davamı kimi gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də mühüm hadisə olacaq. Dünyada mürəkkəb proseslərin, müxtəlif bölgələrdə qarşıdurmaların davam etdiyi bir mərhələdə müsəlman ölkələrinin yüksək səviyyəli platformada bir araya gəlməsi dialoq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətlidir. Azərbaycan belə platformalarda birləşdirici və əməkdaşlığa yönəlmiş təşəbbüslərin irəli sürülməsini vacib hesab edir.

Prezident İlham Əliyev çıxışında dini liderlərin məsuliyyəti məsələsinə də toxunub. Dini rəhbərlərin cəmiyyətlərə ünvanladığı mesajlar geniş ictimai təsirə malikdir. Bu mesajların sülhə, əməkdaşlığa, əmin-amanlığa və qarşılıqlı hörmətə istiqamətlənməsi müxtəlif cəmiyyətlər arasında anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər. Bu mənada dini liderlərin Bakıda bir araya gəlməsi yalnız dini xarakterli toplantı deyil, həm də sülh və həmrəylik ideyalarının təşviqi baxımından əhəmiyyətli platformadır.

Dövlət başçısının belə görüşlərin ənənəvi xarakter alması ilə bağlı təşəbbüsü də diqqət çəkir. Türk dövlətlərinin müsəlman dini liderlərinin görüşlərinin müxtəlif ölkələrdə keçirilməsi ilə yanaşı, Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın hər il və ya iki ildən bir təşkil olunması təklifi bu platformanın davamlılığının təmin edilməsinə xidmət edə bilər. Davamlı görüşlər fikir mübadiləsi üçün imkan yaratmaqla yanaşı, ortaq dəyərlərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradar.

Bakıda keçirilən tədbirlərin digər mühüm tərəfi dini liderlərin Qarabağ və Şərqi Zəngəzura səfər etməsidir. Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edən nümayəndə heyətinin üzvləri bölgənin keçmişi və bu günü ilə yerində tanış olmaq imkanı əldə edəcəklər. Bu faktor xüsusilə beynəlxalq ictimaiyyətin nümayəndələri üçün Azərbaycan ərazilərində uzun illər davam etmiş işğalın nəticələrini və hazırda aparılan bərpa-quruculuq prosesini birbaşa müşahidə etmək baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə törədilmiş dağıntıları, yaşayış məntəqələrinin məhv edilməsini, mədəni və dini irsə vurulmuş zərəri xatırladıb. Xocalı faciəsinin yaddaşının qorunması məqsədilə Memorial Kompleksin yaradılması da bu tarixi yaddaşın gələcək nəsillərə çatdırılması baxımından mühüm addım kimi təqdim olunur. Bununla yanaşı, Qarabağ səfərinin əsas xüsusiyyətlərindən biri də bölgənin bugünkü simasının nümayiş etdirilməsidir. Bir vaxtlar dağıntılarla üzləşmiş şəhər və kəndlərdə hazırda yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, sosial obyektlər tikilir və insanların doğma torpaqlarına qayıdışı həyata keçirilir. Beləliklə, səfər iştirakçıları Qarabağda həm keçmişin ağır nəticələrini, həm də yeni quruculuq mərhələsini müşahidə edə biləcəklər.

Azərbaycan 2020-ci ildə ərazilərinin böyük hissəsini işğaldan azad edib. 2023-cü ilin sentyabrında isə ölkənin bütün ərazisində suverenliyin tam bərpası ilə yeni mərhələ başlayıb. Hazırda əsas diqqət azad edilmiş ərazilərin bərpasına, əhalinin qayıdışına və bölgənin dayanıqlı həyat məkanına çevrilməsinə yönəlib. Dövlət başçısının vurğuladığı kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir: “Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı”.

Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Türk dünyasının və İslam coğrafiyasının ortaq dəyərləri, tarixi-mədəni irs, dini liderlərin sülh və əməkdaşlıq çağırışları, eləcə də Azərbaycanın regional dialoqda rolu ön plana çıxır. Bakının bu tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirir. Eyni zamanda, dini liderlərin Qarabağa səfəri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların, işğalın nəticələrinin və həyata keçirilən genişmiqyaslı bərpa prosesinin yerində görülməsi üçün mühüm imkan yaradır. Beləliklə, paytaxtımızda keçirilən tədbirlərdən dünyaya ünvanlanan əsas mesaj dialoq, həmrəylik, qarşılıqlı hörmət və sülh naminə birgə səylərin vacibliyidir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön