Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan yeni reallıqların müəllifi kimi sülhə prosesinə sadiqdir

Azərbaycan yeni reallıqların müəllifi kimi sülhə prosesinə sadiqdir


Bu gün, 11:13. Yazar: azer
Azərbaycan yeni reallıqların müəllifi kimi sülhə prosesinə sadiqdir

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən qeyd etdiyi fikirlər Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı siyasi gündəliyin əsas istiqamətlərini bir daha ortaya qoyub. Dövlətimizin başçısının çıxışında sülhə münasibət, tarixi yaddaşın qorunması, milli təhlükəsizlik, hərbi güc, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi, eləcə də Türk dünyası, Qafqaz regionu və İslam aləmi arasında əməkdaşlığın əhəmiyyəti bir-biri ilə əlaqəli məsələlər kimi təqdim olunub.

Görüşdə diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Ermənistan münasibətlərində mövcud vəziyyətlə bağlı olub. Prezident İlham Əliyev bu gün sülhün olduğunu və müharibənin dayandığını bildirərək Azərbaycan dövlətinin uzunmüddətli sülhə sadiq mövqeyini ifadə edib. Bununla yanaşı, sülhün əldə edilməsi keçmişi unutmaq anlamına gəlmir. Xocalı qurbanlarının, dağıdılmış məscidlərin, təhqir edilmiş mədəni ocaqların yaddaşda saxlanılması gələcək nəsillər üçün tarixi dərsdir.

Azərbaycanın sülh gündəliyinə üstünlük verməsi xüsusi siyasi məna daşıyan yanaşma kimi önə çıxır. Azərbaycan müharibədə qalib tərəf olmasına baxmayaraq, qarşıdurmanın davam etdirilməsini deyil, sülh yolunu seçib. Bu yanaşmanın arxasında Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi, yeni müharibə risklərinin qarşısının alınması və regionun normal inkişafı üçün şərait yaradılması məqsədi dayanır. Qanlı toqquşmalar və uzunmüddətli işğal dövründən sonra sülhə keçid mühüm siyasi seçim olub. Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəklənməsi istiqamətində müxtəlif addımlar atılıb. Bu kontekstdə “Zayed İnsan Qardaşlığı Mükafatı” da xüsusi məna daşıyır. Prezident İlham Əliyev bu mükafatı sülh gündəliyini dəstəkləyən addım kimi qiymətləndirib. Mükafatın sertifikatı sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam tərəfindən dövlətimizin başçısına təqdim olunub.

Sülh prosesinin möhkəmlənməsi ilə tarixi yaddaşın qorunması arasında ziddiyyətli bir məqam yoxdur. Azərbaycanın mövqeyinə görə, keçmişdə baş vermiş hadisələrin unudulmaması gələcək qarşıdurmaların qarşısının alınması üçün mühüm amildir. Tarixi təcrübə insanları hadisələrə daha ayıq yanaşmağa, milli maraqları qorumağa və təhlükəsizlik məsələlərində məsuliyyətli davranmağa sövq edir. Beləliklə, yaddaş yalnız keçmişin xatırlanması deyil, gələcəyin təhlükəsizliyinə xidmət edən amil kimi nəzərdən keçirilir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın əldə etdiyi nəticələrin qorunması üçün hərbi gücün, milli iradənin və cəmiyyətin həmrəyliyinin əhəmiyyətini də qeyd edib. Dəyişən dünya reallıqları fonunda dövlətlər öz təhlükəsizlik imkanlarını daim gücləndirməlidirlər. Bu çərçivədə hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Qarabağ müharibələrinin təcrübəsi Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, dövlətçilik dəyərlərinə bağlılığın möhkəmləndirilməsi baxımından ayrıca əhəmiyyət kəsb edir. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əsas dayaqları milli iradə, qətiyyət, hərbi imkanlar, xalqın birliyi, iman və milli-mənəvi dəyərlərdir.

Sülh gündəliyinin digər mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın qurulmasıdır. Prezident İlham Əliyev nümayəndə heyətinin bölgəyə səfər edəcəyini bildirərək onların hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini görəcəyini qeyd edib. Quruculuq prosesinin miqyası keçmiş işğalın nəticələri ilə müqayisədə daha aydın görünür. Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin, yolların, enerji və su infrastrukturunun, məktəblərin, səhiyyə və digər sosial obyektlərin yaradılması istiqamətində geniş layihələr həyata keçirilir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır: “Keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq”.

Prezident İlham Əliyev çıxışında regional əməkdaşlıq məsələsinə də toxunub. Türk dünyasının, Qafqazın və İslam aləminin sülh şəraitində yaşaması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün tərəflərin birgə səylərindən asılıdır. Bu yanaşma xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə aktuallıq qazanır. Müxtəlif regionlarda qarşıdurmaların genişlənməsi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxması dövlətlər arasında etimad və dialoqun əhəmiyyətini artırır. Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi ilə yanaşı, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi də diqqətdə saxlanılmalıdır. Azərbaycanın Türk dünyasının və Qafqazın kəsişməsində yerləşməsi rəsmi Bakının bu məsələlərdə dialoq platforması kimi çıxış etmək imkanlarını da artırır. Dini liderlərin Bakıda keçirilən toplantısı məhz bu baxımdan regional əməkdaşlığın mənəvi-humanitar ölçüsünü nümayiş etdirir.

Azərbaycan-Ermənistan münasibətlərində sülhün əldə olunması ilə yeni mərhələnin başlanması uzunmüddətli prosesin əsas nəticələrdən biridir. Çünki sülh yalnız sənədlərlə deyil, həm də qarşılıqlı etimadın, sabitliyin və regional əməkdaşlığın formalaşması ilə möhkəmlənir. Prezident İlham Əliyev çıxışında bildirib ki, qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq çox böyük həm cəsarət tələb edir, uzaqgörənlik tələb edir və eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir. Bu baxımdan Azərbaycan öz təhlükəsizlik imkanlarını qorumaqla yanaşı, sülh gündəliyini də davam etdirmək niyyətini ortaya qoyur. Başqa sözlə, sülh və təhlükəsizlik bir-birini tamamlayan istiqamətlər kimi təqdim edilir.

Prezident İlham Əliyevin vurğuladığı fikirlər postmünaqişə dövründə qarşıda duran əsas vəzifələri ümumiləşdirməyə imkan verir. Bir tərəfdə tarixi yaddaşın qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və hərbi imkanların saxlanılması, digər tərəfdə sülhün qorunması, regional əməkdaşlığın genişləndirilməsi və azad edilmiş ərazilərin yenidən qurulması dayanır. Bu iki istiqamət Azərbaycanın hazırkı siyasi gündəliyinin bir-birini tamamlayan tərəfləri kimi görünür. Sülhün qorunması üçün güclü dövlət və dayanıqlı təhlükəsizlik, təhlükəsizliyin davamlı olması üçün isə sülh və regional əməkdaşlıq zəruridir. Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın bərpası da bu yanaşmanın praktiki nəticələrindən biridir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön