Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: "Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz suverenliyini tam təmin etdi"
Manaf Manafov: "Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz suverenliyini tam təmin etdi"Bu gün, 10:48. Yazar: azer |
![]() Hər bir xalqın tarixində onun milli iradəsini, siyasi yetkinliyini və gələcəyinə sahib çıxmaq bacarığını nümayiş etdirən taleyüklü məqamlar vardır. Azərbaycan üçün 20 Sentyabr məhz belə tarixi günlərdəndir. Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və dövlətçilik mübarizəsinin məntiqi nəticəsini ifadə edir. Bu gün Azərbaycan dövlətinin bütün ərazilərində suverenliyini tam təmin etməsinin rəmzidir. Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib. ![]() Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Azərbaycan xalqı tarix boyu ağır sınaqlarla üzləşsə də, müstəqil yaşamaq və öz taleyinə sahib olmaq əzmini heç vaxt itirməyib. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 30 ildən çox işğal altında qalması xalqımız üçün ağır sınaq oldu. Xocalı soyqırımı, tarixi və mədəni irsimizin məhv edilməsi, təbii sərvətlərimizin talan olunması işğal siyasətinin acı nəticələri idi. Lakin Azərbaycan heç vaxt öz ərazi bütövlüyündən imtina etmədi. İşğal altında olan torpaqlar beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı. Buna baxmayaraq, təxminən otuz il davam edən danışıqlar real nəticə vermədi. Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh yolu ilə həll imkanlarını faktiki olaraq tükətdi. Məhz belə şəraitdə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti həlledici amilə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hərbi, iqtisadi və diplomatik gücünü artırdı, müdafiə qabiliyyətini möhkəmləndirdi və tarixi məqsədə çatmaq üçün zəruri siyasi şərait yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi və möhtəşəm Zəfər qazandı. İşğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, daha sonra Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla Azərbaycan təkcə tarixi ədaləti bərpa etmədi, həm də BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü və siyasi iradəsi hesabına təmin etdi. 2020-ci ilin Zəfəri yeni tarixi mərhələnin başlanğıcı idi. Qarabağda separatçı rejimin mövcudluğunun davam etməsi, qeyri-qanuni silahlı birləşmələrin fəaliyyət göstərməsi və müxtəlif təxribatlar Azərbaycanın suverenliyi üçün qəbuledilməz idi. Bu şəraitdə Prezident İlham Əliyevin siyasi qətiyyəti növbəti mühüm addımların atılmasını təmin etdi. Müsahibimiz daha sonra bildirib ki, 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində mühüm strateji nailiyyət oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu addım ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca dövlət nəzarətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan bununla öz iradəsini nümayiş etdirdi və bir güllə atmadan növbəti tarixi nəticəyə nail oldu. Suverenliyin tam bərpasında həlledici mərhələ isə 2023-cü il sentyabrın 19-da başladı. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, qanunsuz silahlı birləşmələri tərksilah etmək və konstitusiya quruluşunu bərpa etmək məqsədilə antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Separatçı rejim özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu tarixi nəticə Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi ardıcıl siyasətin, strateji səbrinin və qətiyyətinin məntiqi yekunu idi. Dövlət başçısının 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunmasının təsis edilməsi qazanılmış tarixi nailiyyətə verilən yüksək siyasi və mənəvi dəyərin ifadəsidir. Bu gün şəhidlərimizin müqəddəs xatirəsini, qəhrəman əsgər və zabitlərimizin rəşadətini, Ordumuzun gücünü və xalq-dövlət birliyini özündə birləşdirən böyük rəmzdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi məna daşıyır. Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə onun müstəqil siyasi iradəsini və hakimiyyət gücünü ifadə edir. Bu anlayışların vəhdəti tam suveren Azərbaycanın yeni inkişaf mərhələsinin ideya əsaslarından biridir.Bu gün Azərbaycan yeni reallıqlar şəraitində inkişaf edir. Ərazilərimiz bütövdür, dövlət suverenliyimiz tamdır, sərhədlərimiz qorunur. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi inkişafına tam inteqrasiyası yeni mərhələnin mühüm istiqamətləridir. Bakı Metropoliteninin yeni stansiyalarından birinə “20 Sentyabr” adının verilməsi də dövlət suverenliyinin bərpası ilə bağlı tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. 20 Sentyabr Azərbaycanın yeni tarixinin zirvə nöqtələrindən biridir. Bu tarix xalqımızın sarsılmaz iradəsinin, şəhidlərimizin fədakarlığının, Ordumuzun gücünün və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli dövlət siyasətinin təntənəsidir. Dövlət Suverenliyi Günü müstəqil, qalib və güclü Azərbaycanın öz gələcəyini tam şəkildə özü müəyyənləşdirdiyini təsdiq edən tarixi rəmzdir. Azərbaycan artıq bütün ərazilərində tam suverenliyini təmin etmiş dövlət kimi yeni inkişaf üfüqlərinə doğru inamla irəliləyir-deyə, Manaf Manafov fikirlərini tamamlayıb. Geri dön |