Ana Sayfa > Siyasət > 20 Sentyabr Zəfərimizin və dövlətçiliyimizin əbədi zirvəsidir

20 Sentyabr Zəfərimizin və dövlətçiliyimizin əbədi zirvəsidir


Bu gün, 10:09. Yazar: azer
20 Sentyabr  Zəfərimizin və dövlətçiliyimizin əbədi zirvəsidir

Hər bir xalqın tarixində onun taleyini həll edən, milli qürurunu bərpa edən və dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan müqəddəs anlar vardır. Öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini quraraq inkişaf etdirmək xalqın ictimai-siyasi həyatında əldə edə biləcəyi ən böyük, ən ali nailiyyətdir. Tarixin müxtəlif amansız mərhələlərində üzləşdiyi iqtisadi, siyasi, hərbi çətinliklərə, işğallara və məhrumiyyətlərə baxmayaraq, heç bir yad qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzusu və mübarizə əzmini sarsıda bilməmişdir. Bu gün Azərbaycan xalqı tam, mütləq və sarsılmaz dövlət suverenliyinə sahibdir. Müzəffər əsgər və zabitlərimizin, unudulmaz şəhidlərimizin al qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz müasir Azərbaycanın mövcudluğunun, institusional davamlılığının əsası və ən dəyərli milli sərvətidir.

Beynəlxalq hüquqda suveren dövlət – ali hakimiyyəti təmsil edən, daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa bir dövlətin iradəsindən asılı olmayan, daimi əhaliyə və müəyyən edilmiş sərhədlərə malik qudrətli sistem deməkdir. Lakin 30 ildən çox bir müddətdə Azərbaycan xalqı bu hüququndan məhrum edilməyə cəhd olundu. Ermənistan BMT Nizamnaməsini və beynəlxalq hüququn təməl normalarını tapdalayaraq hərbi güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğal altında saxladı. Etnik təmizləmə siyasəti yürüdüldü, Xocalı soyqırımı törədildi, şəhər və kəndlərimiz viran edildi, mədəni, dini və təbii resurslarımız talan olundu. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası istiqamətində onilliklər boyu aparılan sülh danışıqları qarşı tərəfin riyakarlığı və uzatma taktikası səbəbindən nəticəsiz qaldı. 2018-ci ildə dəyişən Ermənistan rəhbərliyi isə həll prosesini sıfırlamağa çalışaraq yeni işğalçılıq planları və militarist təxribatlarla vəziyyəti daha da gərginləşdirdi.

Ancaq Azərbaycan dövləti bu ədalətsizliyə və laqeydliyə əbədi dözə bilməzdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başlayan 44 günlük II Qarabağ müharibəsi tariximizin dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın edərək tarixi Zəfər qazandı. İşğal altındakı torpaqlarımızın böyük hissəsi döyüş meydanında azad edildi, Kəlbəcər, Ağdam və Laçın isə bir güllə atılmadan boşaldıldı. Azərbaycan BMT qətnamələrini öz gücü ilə icra edərək ərazi bütövlüyünü bərpa etdi.

Tarixi qələbədən sonra qanunsuz rejimin Qarabağda mövcudluğunu sürdürmək cəhdlərinə və Laçın yolundan qanunsuz hərbi daşımalar üçün istifadə edilməsinə qarşı Azərbaycan növbəti strateji və qətiyyətli addımını atdı. 2023-cü il aprelin 23-də Həkəri çayı üzerinde, Laçın-Xankəndi yolunun başlanğıcında Nəzarət-Buraxılış Məntəqəsinin qurulması beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədlərimiz boyunca suveren hakimiyyətimizin təşəkkülünün ilk möhtəşəm addımı oldu.

Suverenliyimizin tam, yekun və qəti bərpası isə 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə gerçəkləşdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu unikal hərbi əməliyyat nəticəsində qanunsuz xunta rejimi təslim oldu, özünü buraxdığını elan etdi və separatizmin kökü birdəfəlik kəsildi. Cənab Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında vurğuladığı kimi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu gün 1991-ci ildən başlayan müstəqillik mübarizəmizin kulminasiya nöqtəsi, 44 günlük Vətən müharibəsinin və antiterror tədbirlərinin unudulmaz təntənəsidir. Suverenliyin milli kimliyimiz və hüquqi dövlətçiliyimiz üçün kəsb etdiyi həyati əhəmiyyəti nəzərə alınaraq, ölkə başçısının 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuş və geniş Tədbirlər Planı təsdiq edilmişdir. Həmçinin, bu tarixi anın xatirəsini gündəlik həyatımızda yaşatmaq üçün Bakı Metropoliteninin Cəlil Məmmədquluzadə küçəsində yerləşən yeni stansiyasına “20 Sentyabr” adı verilmişdir.

Bu gün Azərbaycan Respublikası tam suveren, əraziləri bütöv, sərhədləri toxunulmaz olan qüdrətli bir dövlətdir. Mövcud daxili sabitliyi, iqtisadi yüksəlişi və milli birliyi qoruyub saxlamaq, bu pozitiv dinamikanı gələcək nəsillərə daha da gücləndirilmiş şəkildə ötürmək hər birimizin ən ali və prioritet borcudur. 20 Sentyabr – yalnız təqvimdə bir tarix deyil, Azərbaycanın əbədi müstəqilliyinin və dövlətçilik aliliyinin sarsılmaz möhrüdür.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön