Ana Sayfa > Siyasət > Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü 30 illik mübarizənin Zəfər rəmzidir

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü 30 illik mübarizənin Zəfər rəmzidir


Bu gün, 10:05. Yazar: azer
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü 30 illik mübarizənin Zəfər rəmzidir

Azərbaycan xalqının tarixi yaddaşında Xocalı adı uzun illər ərzində yalnız bir yaşayış məntəqəsinin adı kimi deyil, həm də ağır faciənin, dərin kədərin və ədalət axtarışının rəmzi olaraq yaşayıb. Lakin zamanla tarixin gedişi dəyişdi. Azərbaycan dövlətinin qüdrəti, xalqımızın sarsılmaz iradəsi və Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq nəticəsində Xocalı artıq yalnız faciə ilə assosiasiya olunan şəhər deyil. Bu gün Xocalı azadlığın, yenidənqurmanın, doğma yurda dönüşün və yeni həyatın ünvanlarından birinə çevrilir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də bu baxımdan Xocalının həyatında başlayan yeni mərhələnin mühüm rəmzlərindən biridir. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq burada tarixi çıxış etməsi mühüm hadisə kimi yadda qaldı. Bu hadisə uzun illər ərzində gözlənilən ədalətin bərpasını, Azərbaycanın öz əraziləri üzərində tam suverenliyinin təmin edilməsini və xalqımızın milli iradəsinin təntənəsini nümayiş etdirdi. Dövlət bayrağımızın Xocalıda dalğalanması eyni zamanda şəhərin gələcək inkişaf yolunun Azərbaycanın dövlət siyasəti və ümumi inkişaf strategiyası əsasında müəyyənləşdirildiyini göstərdi.

Bu gün Xocalıda yeni həyatın formalaşması dövlət tərəfindən həyata keçirilən konkret layihələrdə öz əksini tapır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı proqram çərçivəsində Xocalıda da mühüm işlər görülür. Yaşayış binaları və fərdi evlər bərpa edilir, müasir infrastruktur qurulur, enerji təminatının dayanıqlılığı artırılır, kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılır. Burada qarşıya qoyulan vəzifə yalnız dağıdılmış tikililəri yenidən inşa etməkdən ibarət deyil. Əsas hədəf illər əvvəl doğma yurdlarından ayrı düşmüş insanların təhlükəsiz, rahat və müasir yaşayış imkanları ilə təmin olunaraq öz torpaqlarına qayıtmasına şərait yaratmaqdır.

2024-cü ilin mayında Prezident İlham Əliyevin Xocalı şəhərinə səfər edərək çoxmənzilli yaşayış binalarında aparılmış təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olması, həmçinin şəhərə köçürülmüş sakinlərlə görüşməsi xüsusi əhəmiyyət daşıyırdı. Uzun illər davam edən ayrılıqdan sonra insanların doğma şəhərlərinə geri dönməsi Böyük Qayıdış prosesinin ən mühüm və yaddaqalan məqamlarından biridir. Vaxtilə öz yurdlarından məcburi şəkildə köçkün düşmüş insanların bu gün Xocalıya yenidən sakin kimi qayıtması tarixi ədalətin bərpasının artıq real həyatda özünü göstərən nəticəsidir.

Xocalıda aparılan quruculuq işləri yalnız şəhərin mərkəzi hissəsi ilə məhdudlaşmır. Rayonun Ballıca, Təzəbinə, Xanyurdu, Badara, Daşbulaq və digər yaşayış məntəqələrində görülən işlər yeni həyatın daha geniş ərazini əhatə etdiyini ortaya qoyur. Fərdi yaşayış evlərinin və sosial-infrastruktur obyektlərinin bərpası, sakinlərin kəndlərə köçürülməsi, kənd təsərrüfatı müəssisələrinin yaradılması bölgədə iqtisadi aktivliyin yenidən formalaşmasına və davamlı inkişafın təmin olunmasına xidmət edir.

2025-ci ildə “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi də şəhərin müasir enerji infrastrukturu ilə təmin edilməsi istiqamətində atılmış mühüm addımlardan biri oldu. Etibarlı enerji təminatı yeni yaşayış məntəqələrinin, sənaye obyektlərinin və kənd təsərrüfatı müəssisələrinin fasiləsiz və dayanıqlı fəaliyyət göstərməsi üçün vacib amildir. Xanabad kəndində heyvandarlıq kompleksinin, Xocalı kərpic zavodunun fəaliyyətə başlaması isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın mərhələli şəkildə bərpa olunduğunu və istehsal imkanlarının genişləndiyini nümayiş etdirir.

Xocalının yenidən inkişafında şəhərin tarixi və mədəni irsinin qorunması məsələsi də mühüm istiqamətlərdən biridir. Əsgəran qala-kompleksinin inkişaf konsepsiyası ilə bağlı görülən işlər bu ərazinin zəngin tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Soyqırımı Memorialının təməlqoyma mərasiminin keçirilməsi də xalqımızın tarixi yaddaşına ehtiramın mühüm göstəricisidir. Bu addım həm faciə qurbanlarının xatirəsinin daim yaşadılmasına, həm də Xocalıda baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Xocalının son illərdə keçdiyi yol Azərbaycanın Qarabağ siyasətinin əsas mahiyyətini də aydın şəkildə ortaya qoyur. Azərbaycan keçmişdə yaşanan faciələri unutmur, şəhidlərinin əziz xatirəsini daim uca tutur, eyni zamanda gələcəyə quruculuq, inkişaf və tərəqqi yolu ilə addımlayır. Bu baxımdan Xocalının qarşısında açılan yeni mərhələ intiqam anlayışı ilə deyil, tarixi ədalətin bərpası, dağıdılmış ərazilərdə həyatın yenidən qurulması və insanların doğma yurdlarına qaytarılması ilə xarakterizə olunur.

Prezident İlham Əliyevin Xocalıya davamlı səfərləri, burada həyata keçirilən layihələrlə yerində tanış olması və şəhərə qayıdan sakinlərlə görüşməsi Xocalının dövlət siyasətində xüsusi əhəmiyyətə malik olduğunu göstərir. Burada reallaşdırılan hər bir layihə Böyük Qayıdış proqramının ümumi məqsədləri ilə sıx bağlıdır. İnsanların öz doğma yurdlarına qayıtması isə bütün bu genişmiqyaslı işlərin əsas mahiyyətini təşkil edir.

Bu gün Xocalıda yeni tikilmiş evlərdə işıqlar yanır, kəndlərdə həyat canlanır, istehsal və təsərrüfat obyektləri fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan xalqının ən ağır sınaqlardan və faciələrdən sonra belə öz gücünü, iradəsini və quruculuq əzmini qoruyub saxlaya bildiyinin göstəricisidir. Xocalı artıq yalnız keçmişin ağrısını özündə yaşadan bir şəhər kimi deyil, qalib Azərbaycanın milli iradəsini, yenidən dirçəlişini və gələcəyə inamını təcəssüm etdirən müqəddəs məkanlardan biri kimi yeni tarixini yazır.

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması Xocalının tarixində yeni mərhələnin başladığını bir daha göstərir. Vaxtilə adı faciə və həsrətlə yanaşı çəkilən bu torpaqlarda indi azadlıq, qayıdış və quruculuq ab-havası hökm sürür. Xocalının yenidən dirçəlməsi Azərbaycanın Zəfər salnaməsinin mühüm davamıdır və bu yol şəhərin gələcəyinə doğru inamla uzanır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön