Ana Sayfa > Manşet / Özəl > Şamaxı: qədim tarixdən müasir inkişaf modelinə

Şamaxı: qədim tarixdən müasir inkişaf modelinə


Bu gün, 09:24. Yazar: azer
Şamaxı: qədim tarixdən müasir inkişaf modelinə

Azərbaycanın hər bir bölgəsinin ölkəmizin tarixində və milli-mədəni yaddaşında özünəməxsus yeri var. Şamaxı isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan bu qədim şəhər bu gün də öz tarixi missiyasını müasir inkişafın imkanları ilə birləşdirərək yeni yüksəliş mərhələsini yaşayır.
Sentyabrın 17-də Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri də məhz bu inkişafın, dövlətin regionlara davamlı diqqət və qayğısının növbəti təzahürü oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin, “Pirqulu Park” hotelinin açılışında etdilər. Həmçinin, “Nəsimi Bağları” kompleksi, Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldular,

Şamaxıda istifadəyə verilən müasir turizm obyektləri rayonun malik olduğu böyük potensialın iqtisadi və sosial imkanlara çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Meysari Grand Hotel & SPA” kompleksinin yaradılması bu baxımdan diqqətçəkən layihələrdəndir. Müasir hotel, istirahət, sağlamlıq, idman və konfrans infrastrukturlarını özündə birləşdirən kompleks Şamaxının turizm imkanlarının daha geniş auditoriyaya təqdim olunmasına şərait yaradır. Burada yüzlərlə yeni iş yerinin yaradılması isə layihənin yalnız turizm deyil, məşğulluq və yerli iqtisadiyyat baxımından da əhəmiyyətini artırır.
Pirqulu istiqamətində istifadəyə verilən “Pirqulu Park” hotel kompleksi də Şamaxının turizm potensialının şaxələndirilməsi baxımından mühüm addımdır. Dağlıq relyef, zəngin təbiət, əlverişli iqlim və Şamaxı Astrofizika Rəsədxanası kimi elmi-mədəni məkanın yaxınlığı Pirqulunu fərqli turizm istiqamətlərinin inkişafı üçün əlverişli məkana çevirir. Yeni kompleksin müasir xidmət və konqres imkanları ilə təchiz olunması Şamaxının gələcəkdə həm istirahət, həm də tədbir və elmi turizm baxımından mövqeyinin güclənməsinə imkan verir.

Şamaxının turizm imkanlarını dəyərləndirərkən onun yalnız təbiətini deyil, zəngin tarixini də nəzərə almaq lazımdır. Bu qədim diyarın hər qarışı Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm səhifələrini özündə yaşadır. Şamaxı qədim şəhər mədəniyyətinin, ədəbiyyatın, elmin və sənətkarlığın mühüm mərkəzlərindən biri olub. Nəsimi kimi böyük Azərbaycan şairinin adı ilə bağlılığı isə rayonun mədəni turizm potensialına xüsusi məzmun qazandırır.

Səfər çərçivəsində “Nəsimi Bağları” kompleksi ilə tanışlıq da bu baxımdan mühüm məna daşıyır. Tarixi şəxsiyyətlərimizin və görkəmli ədəbi simalarımızın irsinin yaşadılması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərin milli kimlik və tarixi yaddaş ruhunda formalaşdırılması deməkdir.

Yeni turizm obyektlərinin istifadəyə verilməsi, tarixi-mədəni irs nümunələrinin qorunması istiqamətində görülən işlərlə tanışlıq Şamaxının inkişafının sistemli və uzunmüddətli xarakter daşıdığını bir daha nümayiş etdirdi.

Eyni zamanda, Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri dövlətin tarixi-mədəni və dini irsin qorunmasına yanaşmasının mühüm nümunəsidir. Tarixi abidələrin bərpası və konservasiyası onların yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də qorunub saxlanmasına xidmət edir. Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb. Bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.

Bu səfərin əhəmiyyətini yalnız yeni obyektlərin açılışı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Burada daha geniş bir mənzərə – dövlət siyasətinin regionların sosial-iqtisadi inkişafına, insanların rifahının yüksəldilməsinə, tarixi-mədəni irsin qorunmasına və Azərbaycanın turizm potensialının genişləndirilməsinə yönəlmiş ardıcıl xətti öz əksini tapır.

Şamaxının son illərdə keçdiyi inkişaf yoluna nəzər saldıqda isə qarşıya kifayət qədər geniş mənzərə çıxır. Rayonun yolları yenilənib, sosial obyektlər istifadəyə verilib, kommunal və mühəndis infrastrukturu yaxşılaşdırılıb, səhiyyə və təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib. Bütün bunlar regionların inkişafına dair dövlət siyasətinin konkret nəticələridir.

Xüsusilə nəqliyyat infrastrukturunun yenilənməsi Şamaxının inkişafında mühüm rol oynayır. Paytaxtla və digər rayonlarla rahat nəqliyyat əlaqəsinin təmin olunması həm əhalinin gündəlik həyatına, həm sahibkarlıq fəaliyyətinə, həm də turizmin inkişafına müsbət təsir göstərir. Turizm obyektlərinin yaradılması ilə yolların və digər infrastrukturun inkişafının paralel aparılması bu siyasətin kompleks xarakterini göstərir.

Şamaxının iqtisadi inkişafında kənd təsərrüfatı, xüsusilə də üzümçülük ənənələrinin bərpası da mühüm yer tutur. Azərbaycan tarixən üzümçülük və şərabçılıq mədəniyyəti ilə seçilib. Bu ənənələrin müasir texnologiyalar əsasında yenidən inkişaf etdirilməsi kənd təsərrüfatının, emal sənayesinin və aqroturizmin inkişafı üçün yeni imkanlar yaradır. Şamaxıda salınan üzüm bağları və yaradılan müasir təsərrüfatlar regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə xidmət edir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Şamaxının inkişafı bir istiqamətlə məhdudlaşmır. Turizm, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, sosial infrastruktur və mədəni irsin qorunması bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissələrinə çevrilir.

Bu siyasətin mərkəzində isə insan amili dayanır. Dövlətin regionlara göstərdiyi diqqət və qayğının əsas məqsədi insanların daha yaxşı yaşayış şəraiti ilə təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi, müasir xidmətlərə çıxışın yaxşılaşdırılması və bölgələrin iqtisadi potensialının üzə çıxarılmasıdır.
Şamaxıda son illərdə həyata keçirilən layihələr həm də onu göstərir ki, regionların inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir. Paytaxtla regionlar arasında inkişaf fərqlərinin azaldılması, bölgələrdə müasir infrastrukturun yaradılması və yerli potensialın iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin dayanıqlı inkişafına xidmət edir.
Bu mənada Prezident İlham Əliyevin Şamaxıya hər bir səfəri rayonun inkişaf gündəliyində yeni mərhələnin başlanğıcı kimi yadda qalır. Dövlət başçısının bölgələrə mütəmadi səfərləri, yerli əhali ilə görüşləri, görülən işlərlə yerində tanış olması və yeni layihələrin təməlini qoyması regional inkişaf siyasətinin ardıcıllığını və praktiki xarakterini nümayiş etdirir.
Birinci vitse-Prezident Mehriban Əliyevanın səfərlərdə iştirakı isə xüsusilə mədəni irsin qorunması, sosial və humanitar layihələrin həyata keçirilməsi baxımından diqqət çəkir. Azərbaycanın tarixi-mədəni sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr milli irsə dövlət səviyyəsində göstərilən yüksək diqqətin ifadəsidir.

Bu diqqət və qayğı Şamaxıda təhsil sahəsində də aydın görünür. Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən rayonda son illərdə çoxsaylı məktəb, uşaq bağçası və körpələr evi inşa edilərək istifadəyə verilib. Bu layihələr uşaqların müasir təhsil və inkişaf imkanları ilə təmin olunmasına, bölgədə təhsil infrastrukturunun yenilənməsinə mühüm töhfə verir. Həyata keçirilən işlər dövlətin gələcəyimiz olan uşaqlara, təhsilə və insan kapitalının inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
Şamaxının timsalında biz Azərbaycanın inkişafının mühüm bir xüsusiyyətini görürük: qədimliklə müasirlik bir-birinə qarşı qoyulmur, əksinə, bir-birini tamamlayır. Tarixi abidələr qorunur, müasir hotellər və istirahət kompleksləri yaradılır, yollar və sosial infrastruktur yenilənir, kənd təsərrüfatı inkişaf etdirilir, milli-mədəni irs turizm imkanlarına çevrilir.

Bu, əslində, Azərbaycanın regionlarının inkişafına dair dövlət siyasətinin mahiyyətini ifadə edir – tarixi köklərə söykənən, milli dəyərləri qoruyan və müasir çağırışlara cavab verən inkişaf modeli.
Şamaxının qarşısında bu gün yeni imkanlar açılır. Onun tarixi, təbiəti, mədəni irsi, üzümçülük ənənələri və müasir turizm infrastrukturu vahid bir potensial formalaşdırır. Bu potensialın düzgün və ardıcıl şəkildə reallaşdırılması Şamaxının Azərbaycanın əsas turizm və mədəniyyət mərkəzlərindən birinə çevrilməsi üçün geniş perspektivlər yaradır.

Sentyabrın 17-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri də məhz bu reallığın növbəti təsdiqi oldu. Bu səfər bir daha göstərdi ki, Azərbaycanın qədim şəhərləri yalnız öz tarixi ilə yaşamır; dövlətin məqsədyönlü siyasəti nəticəsində onlar müasir Azərbaycanın inkişaf salnaməsində də öz layiqli yerini tutur. Şamaxı öz tarixini qoruyaraq gələcəyə doğru inamla addımlayır. Bu inkişaf yolu isə dövlətin regionlara göstərdiyi ardıcıl diqqət, həyata keçirilən irimiqyaslı layihələr və milli-mədəni irsin qorunmasına verilən yüksək dəyərin vəhdətindən güc alır.

Tamam Cəfərova,
Milli Məclisin deputatı

Geri dön