Ana Sayfa > Siyasət / Parlament > İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilibBu gün, 15:12. Yazar: azer |
![]() Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda 11 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Komitənin sədri Azər Əmiraslanov iclası açaraq yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra gündəlikdəki məsələlər təqdim edilib. Azər Əmiraslanov bildirib ki, komitənin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə 24 iclası olub, 103 məsələ, o cümlədən 41 qanun layihəsi və 2 hesabat geniş müzakirə edilib. Bununla yanaşı, komitə sədri tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların ərizə və müraciətləri baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib. Sonra komitə sədri cari ilin payız sessiyasında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, növbəti sessiyanın iş planının layihəsinə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri, bəzi qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlər, habelə 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Sessiya ərzində, həmçinin komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, milli iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı ictimai dinləmələrin təşkili nəzərdə tutulub. İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Daha sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Əvvəlcə, komitə sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Qeyd edilib ki, layihədə balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyinin və fasiləsizliyinin təmin edilməsi, habelə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin risk əsaslı yanaşmaya və konkret, ölçülə bilən kəmiyyət meyarlarına keçirilməsi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Dəyişikliklərə əsasən, balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ƏMTQ öhdəliyinin hədləri müəyyən edilir. Gündəliyin növbəti 3 məsələsinin beynəlxalq sazişlərin təsdiqi ilə bağlı qanun layihələri olduğu bildirilib. Bu məsələləri komitənin üzvü Zaur Şükürov təqdim edib. “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, Saziş Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir. Digər məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında söhbət açılaraq qeyd edilib ki, sənəd tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir. Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verilib. Bildirilib ki, sözügedən Saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır. Növbəti məsələni – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin sədr müavini Azər Badamov təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqinin istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır. Sənəddə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif olunur. Gündəliyin digər məsələsini – “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Vüqar Bayramov diqqətə çatdırıb. Qeyd olunub ki, sözügedən qanuna 15.5-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək. Sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Komitə sədri Azər Əmiraslanov qanunun 48-1-ci maddəsinin yeni redaksiyada təqdim edildiyini söyləyib. Bildirilib ki, layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Növbəti məsələ – “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı iclasda iştirak edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev və Agentliyin Aparat rəhbəri Tural İsmayılov fikirlərini açıqlayıblar. Nəzərə çatdırılıb ki, təklif olunan dəyişikliklərin əsas məqsədi Qanunun 3.2.8-1-ci maddəsində sadalanan hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarmaqdır. Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Gündəliyin sonuncu məsələsi – “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı komitənin sədr müavini Azər Badamov təqdim edib. Bildirilib ki, Qanunun 33.1.5-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişiklik telekommunikasiya xidmətlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməsini ehtiva edir. Tədbirdə komitə üzvləri Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov çıxış edərək təqdim olunan məsələlər barədə öz fikir və qeydlərini söyləyiblər. Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda komitənin üzvləri Müşfiq Cəfərov, Tahir Mirkişili, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |